Ermənistan Laçın dəhlizinə və “Dağlıq Qarabağ”a beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq tərəfdaşlarla intensiv iş aparır.
“Armenpress”in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində deyib.
“Hazırda biz Fransanın Laçın dəhlizindəki vəziyyətin həllinə böyük marağını görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda beynəlxalq faktaraşdırıcı missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik”, – deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Onun sözlərinə görə, Fransa həm ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində, həm də “Qarabağ münaqişəsi”nin həllində Ermənistan üçün faydalı ola bilər. Xüsusilə də Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi “Dağlıq Qarabağ” məsələsində maraqlı olmaqda davam edir.
Bundan əlavə, Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşib.
Digər tərəfdən Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində faktiki olaraq Moskvanı Qarabağda Azərbaycana qarşı güc tətbiq etməyə çağırıb.
“Azərbaycanın da imzaladığı 9 noyabr bəyanatına əsasən, Laçın dəhlizi tamamilə Rusiya Federasiyasına verilib və hazırda Laçın dəhlizində baş verən hadisələrə görə məhz o, tam məsuliyyət daşıyır”, – deyə Qriqoryan qeyd edib.
O əlavə edib ki, Rusiya 120 000 erməninin etnik təmizlənməyə məruz qalmaması üçün tədbir görməlidir.