ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bərpa işlərinə ayrılan büdcənin yarısı Türkiyə şirkətlərinə verilib

Qarabağın bərpasına dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb. Bu vəsaitin 3,4 milyardı iş görməsi üçün Türkiyə şirkətlərinə verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə deyib ki, son üç ildə Azərbaycanın sərmayə resurslarının böyük hissəsi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Onun sözlərinə görə, “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

Bu arada hakimiyyətin tənqidçiləri deyirlər ki, Qarabağda milyardlıq layihələr Türkiyə şirkətlərinə tendersiz verilib və şəffaflıq prinsipinə əməl olunmayıb. Qarabağda görülən bərpa işləri üçün prezident Ərdoğana yaxın şirkətlər yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar.

Bundan əlavə layihələrin təfərrüatı “dövlət sirri” elan edilərək Azərbaycan ictimaiyyətinə açıqlanmır. Bu da bəzən vəsaitlərin mənimsənilməsinə və ya korrupsiya yeminə çevrilməsinə yol açır.

Hazırda həbsdə olan iqtisadçı, iş adamı Nazim Bəydəmirli 2021-ci ilin oktyabrında demişdi: “Cəmiyyət başa düşməyə başlayıb ki, Qarabağı azad etdikdən sonra korrupsiyadan qurtulmayacaq. Korrupsiya daha böyük məbləğlərdə davam edir. Azərbaycanda tenderlər yalnız kağız üzərində keçirilir, bəzən heç kağız üzərində də baş vermir. Türkiyənin elə şirkətləri var ki, onların şəffaflığı ilə bağlı Türkiyə cəmiyyəti həyəcan təbili çalır, o şirkətlər Qarabağda əsas söz sahiblərinə çevrilirlər. Tikinti-quruculuq işlərinə töhfə verə bilən öz şirkətlərimiz isə kənarda qalır. Türk şirkətlərinin necə tenderin qalibi olması ilə bağlı suallar ünvanlanmalıdır. Bu tenderlər bizdə şübhə doğurur”.

Ekspert qeyd etmişdi ki, tenderlər və dövlət satınalmaları üzərində ictimai nəzarət güclənməsə, tenderlər qeyri-şəffaf olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button