ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dövlət Departamenti Azərbaycandakı həbslərlə ciddi məşğul olduğunu bəyan edir

“Biz bu həbslərdən dərin narahatıq və hakimiyyətdən onları tez bir zamanda azad etməyə çağırırıq”
Dövlət Departamenti Azərbaycanda son həbslərlə bağlı ciddi məşğul olduğunu bildirib.
Bu barədə yanvarın 13-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel danışıb.
Məlumatı “Turan” yayıb.
Vedant Patelin sözlərinə görə, ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır:
“Bu halda biz bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc ifadə hüququna hörmət etməyə çağırırıq”.
“Bu, bizim ciddi şəkildə müraciət etdiyimiz və birbaşa qaldırdığımız məsələdir”,-Vedant Patel belə söyləyib.
“Turan”ın müxbirinin bu həftə xarici işlər naziri Ceyhun Bayramovla son telefon danışığı zamanı dövlət katibinin köməkçisi Karen Donfrid tərəfindən bu halların qaldırılıb-qaldırılmaması ilə bağlı sualına V.Patel belə cavab verib:
“Bu, bizim çox diqqət yetirdiyimiz bir məsələdir və mən bir daha təkrar edəcəyəm ki, biz bu həbslərdən dərin narahatıq və hakimiyyətdən onları tez bir zamanda azad etməyə çağırırıq”.
Vedant Patel. Foto: “Turan”
Yanvarın 13-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Vəkil Aqil Layıc Meydan TV-yə deyib ki, ictimai fəala Cinayət Məcəlləsinin 221-ci maddəsilə əvvəl verilən ittiham ağırlaşdırılıb. Əvvəl bu maddənin birinci bəndi ilə verilən ittiham (221.1) indi Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub. Əvvəlki maddədə alternativ cəzalarla yanaşı, maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indiki maddədə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev indiyədək Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə isə ən ağır cəza 1 ilə qədər azadlıqdan məhrumetmə idi.
Vəkil onu da bildirib ki, Bəxtiyar Hacıyev yanvarın 9-dan başladığı aclığı davam etdirir.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu isə həbsdə yanvarın 5-dən başladığı aclığı davam etdirir.
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.
O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button