ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dövlət Departamentinin din azadlığı haqqında hesabatı Azərbaycanda bu azadlıqların pozulduğunu əks etdirir

Dövlət katibi Entoni Blinken bazar ertəsi hesabatı təqdim edərkən dünyadakı bəzi müsbət hadisələri alqışlayıb, eyni zamanda narahatlıq yaradan tendensiyaları qeyd edib.
“Dünyanın bir çox hissələrində hökumətlər işgəncə, döymə, qanunsuz izləmə və “yenidən tərbiyə düşərgələri” kimi bir çox metodlardan istifadə edərək, dini azlıqları təqib etməyə davam edir. Onlar həmçinin inanc və ya inamsızlığa əsaslanan digər ayrı-seçkilik formalarına, məsələn, dini azlıqların müəyyən peşələrdən kənarlaşdırılmasına və ya dini ayinlər zamanı işə məcbur edilməsinə əl atmağa davam ediblər”, deyə o, öz çıxışında bildirib.
Hesabata əsasən, bütün dünyada dini etiqad azadlığının vəziyyəti heç də ideal deyil.
Telekonfrans vasitəsilə jurnalistlər qarşısında çıxış edən Dövlət Departamentinin nümayəndəsi bildirib ki, 2022-ci ildə dünyanın bütün regionlarında antisemit və antimüsəlman hücumlar artıb.
Turan-ın Rusiyanın Ukraynadakı vəhşilikləri haqqında sualına cavabda məmur deyib ki, Kreml dini azlıqları hədəf alaraq, pravoslav kilsəsində parçalanma yaratmağa çalışıb.
Rusiyada insanların dini inanclarına görə saxlanılması və fiziki zorakılığa və işgəncələrə məruz qalması faktları davam edir, bu, Yehova şahidləri, Krım tatarları, müsəlman qruplar və evangelistlərdir.
İranda bəhailərin, xristianların, şiə olmayan müsəlmanların təqibi davam edir.
ABŞ-ın hesabatında qeyd edilir ki, Azərbaycanda ötən ilin sonuna olan məlumata görə 22 nəfər dini inanclarına və ya ibadətlərinə görə həbsdə olub.
Yerli hüquq müdafiəçiləri və digər təşkilatlar bildiriblər ki, hökumət “dini fəallara qarşı fiziki zorakılıq tətbiq etməyə, onları müvəqqəti olaraq xarici dünya ilə rabitədən məhrum etməyə, həbs etməyə davam edib və bir çox dini fəalların həbsi, o cümlədən narkotik saxlamaq ittihamı ilə aparılan həbslər siyasi motivli olub”, deyə hesabatda bildirilir.
İl ərzində Avropa İnsan Hüquqları Məhkəməsi yeddi nəfər barəsində iki məhkəmə qərarında, o cümlədən şəxsi evdə ibadət üçün yığışan Yehova Şahidlərinin həbsi ilə bağlı bir işdə Azərbaycan hökumətinin şəxsi din və ya etiqad azadlığını pozduğunu təsdiq edib.
Sentyabrın 16-da məhkəmə İranda təhsil alan şiə imam Sərdar Babayevin ilkin həbsini 2023-cü ilin martına qədər uzadıb. O, dövlətə xəyanətdə ittiham olunub. Hüquq müdafiəçiləri hakimiyyətin təqibinin Babayevin dini fəaliyyəti ilə bağlı olduğunu bildiriblər.
Hesabatda həmçinin xatırladılır ki, Azərbaycan hakimiyyəti “höökumətin ekstremist qrup kimi səciyyələndirdiyi və İrandan maliyyə yardımı almaqda ittiham etdiyi qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı ilə bağlı şəxslərə qarşı məhkəmə iddiaları qaldırmağa davam edib”. Hərəkat üzvləri həbsdə fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.
ABŞ səfiri, müvəqqəti işlər vəkili və ABŞ Səfirliyinin digər əməkdaşları hökumətə müraciət edərək, vətəndaş cəmiyyəti üzvlərinin dini etiqadlarına görə həbs edildiklərini iddia etdikləri şəxslərin azad edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
ABŞ səfirliyi hakimiyyəti kiçik dini icmaların problemini həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, vicdan nöqteyi-nəzərdən hərbi xidmətə mülki alternativ tətbiq etməyə çağırır.
“Səfir ən yüksək səviyyələrdə 2020-ci il hərbi əməliyyatlarından sonra Azərbaycanın nəzarəti altına qaytarılmış ərazilərdə dini və mədəniyyyət obyektlərinin qorunmasını müdafiə edib”.
“Səfir və səfirliyin digər əməkdaşları ölkədə dini etiqad azadlığını müzakirə etmək üçün qeydiyyatdan keçmiş və keçməmiş dini qrupların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Səfirlik əməkdaşları həmçinin dini liderləri və alimlərlə dini etiqad azadlığı haqqında qanuna martda edilmiş dəyişikliklər və onların dini etiqad azadlığına necə təsir edə biləcəyi ilə bağlı məsləhətləşmələr aparıb”, deyə hesabatda bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button