ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Dinimizin kamil olduğu gün – Qədir-Xum Bayramı

Zilhiccə ayının 18-i (avqust ayının 20-i) “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir.

Allah dinin qoruyucuları, həmişə İlahi şüarların əbədiləşdirilməsi üçün çalışmışlar. Allah-təala Qurani-Kərimdə, “Həc” surəsinin 32-ci ayəsində buyurur:

“…Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.” 

Cəmiyyətimizdə mədəni və mənəvi əlamətdar hadisələrin xatırladılmasına daim ehtiyac var. Allahın Rəsulu (s), bu sahədə hamıdan irəlidə addımlayaraq öz əməlləri ilə islami toplumun yolunu aydınlatdı.

Qədir-xum gününün  bayram olmasına əsas dəlilimiz “hənnəuni” (yəni, “məni təbrik edin”) hədisidir.

Bu hədis müxtəlif ifadə və sənədlərlə qeyd olunub.

Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl “Musnəd” kitabının 4-cü cild 281-ci səhifəsində, Təbəri öz təfsirinin 3-cü cild 428-ci səhifəsində bu hədisi Hafiz Əbu Səiddən belə nəql edib: “İslam Peyğəmbəri (s) buyurdu: “Məni təbrik edin, məni təbrik edin, çünki Allah-təala məni peyğəmbərliklə və Əhli-beytimi də imamətlə seçib.”

Sünni alimlərindən nəql olunan digər rəvayətə əsasən bu hədisin davamı belə qeyd olunub: “Sonra Peyğəmbər (s) öz çadırında oturub İmam Əliyə (ə) buyurdu ki, başqa bir çadırda otursun. Camaata da buyurdu ki, Əlinin (ə) yanına çatanda təbrik etsinlər. Onlar da itaət etdilər.”

Qədir-xum gününün İslamın əziz Peyğəmbərinin (s) sünnətində bayram olmasının digər sübutu, Qədir-xum günündə İmam Əlinin (ə) öz xütbəsidir. İmam Rza (ə) öz atasından nəql edir: “İmam Əlinin (ə) xilafətdə olduğu günlərdən birində, Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) sözünü Allahı vəsf etməklə başladı… “Allah-təala bu günü sizin üçün iki bayram qərar verib. O iki bayramdan biri olmasa, digəri yerində qalmaz.”

Sonra həzrət Qədir-xum hadisəsinə işarə edərək, o günün xüsusiyyətləri saydı: “Bu gün çox böyük bir gündür. Bu gün (müşküllər üçün) açılış oldu, ləyaqəti olanların məqamı ucaldı və Allahın dəlili aşkar oldu. Bəli, bu gün məsum rəhbər pak məqamı tərəfindən haqqın açıqlanması, açıq tərzdə və  ”Nəs” (Allahın əmrinin yerinə yetirildiyi) sözün  deyildiyi gündür, dinin kamil olduğu gündür. Bu gün əhd-peyman günüdür. Bu gün şahidlərə şahidlik günüdür. Bu gün, nifaq və inkarı üzə çıxarmaq günüdür.” 

Həzrət xütbənin sonunda buyurub: “Bir-birinizi gördükdə (əl verib) görüşün və Allahın sizə verdiyi bu nemtə görə bir-birinizi təbrik edin. Gərək bu sözləri eşidənlər eşitməyənlərə çatdırsınlar. Gərək imkanlılar ehtiyaclıların sorağına getsinlər. Qüdrətlilər, zəifləri axtarsınlar. Peyğəmbər (s) bizi buna (bunu yerinə yetirməyə) əmr edib.” (“Biharul ənvar” Əllamə Məclisi c.94, s.118)

İmam Sadiq (ə) öz atasından nəql edir ki, Peyğəmbər (s) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əlinin (ə) canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.” (Həmin mənbə s.110)

Başqa rəvayətə əsasən İmam Sadiqdən (ə) soruşanda ki, müsəlmanların Qurban və Fitr bayramından başqa digər bayramı varmı, imam cavabında, “bəli, o bütün bayramlardan  uca və   əzəmətlidir, o gün, möminlərin əmirinin peyğəmbərin canişini təyin olunduğu gündür”, – deyib.

QƏDİR-XUM GÜNÜNÜN BAYRAM OLMA SƏBƏBİ

a) İmamlar ilahi qanunların təbliğatçılarıdır.

Həm sünni həm də şiə alimləri “Təbliğ” (Maidə, 67) ayəsinin İmam Əli (ə) haqqında nazil edildiyini və Peyğəmbərin (s) canişinliyi haqqında olduğunu bildirib. Bu ayə elə bir vaxtda nazil olub ki, bir tərəfdən münafiqlərin, digər tərəfdən də imanı zəif olanların fitnə salacağı təhlükəsi vardı. Bu ayənin nazil olması bütün nigarançılıqları aradan qaldırdı və ayənin çox mühüm olmasını göstərdi.

Təbliğ ayəsi: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.” (Maidə surəsi, ayə 67)

Əllamə Əmini sünni alimlərindən 30-a yaxın mənbəyə istinad edərək sübut edir ki, bu mənbənin hamısı Əlinin (ə) vilayəti haqqındadır. Sünni alimlərindən Cəlaləddin Siyuti və Fəxrəddin Razi öz təfsirlərində buna işarə etmişlər. (Darul mənsur” kitabı Siyuti c.2, s.457; “Təfsire Fəxri Razi” c.12, s.49)

Bu ayədə diqqət çəkən “Onun tapşırığını çatdırmamısan” cümləsidir. Bu ayə haqqında bunu demək olar ki  “imamət”i camaata çatdırmamaq dinimizdə risaləti tamamlamamaq deməkdir.

b) Dinin kamilliyi imamlıqdır.

Kafirlər Peyğəmbərə (s) sonsuz (əbtər) deyirdilər. Onlar elə düşünürdülər ki, Peyğəmbər (s) rəhmətə getdikdən sonra oğlu olmadığına görə İslam dini başsız qalıb aradan gedəcək və kafirlər yenidən öz dinlərinə qayıda biləcəklər.

İmam Əlinin (ə) xəlifəliyə seçildiyini gördükdən sonra kafirlər ümidsiz oldular. Kafirlər yaxşı bilirdilər ki, İmam Əli (ə) Peyğəmbərin yolunu kamil şəkildə davam etdirə biləcək yeganə şəxsdir.

İmam Əli (ə) xəlifəliyə seçildikdən sonra bu ayə nazil olur: “…Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim…” (Maidə surəsi, 3-cü ayə). 

İmamların əsas vəzifəsi ilahi qanunların camaata düzgün çatdırılmasıdır. Peyğəmbərdən (s) həm süni, həm də şiə alimləri hədis nəql edirlər: “Mən elm şəhəriyəm, Əli (ə) o şəhərin qapısıdır, şəhərə daxil olmaq istəyən gərək Əlinin (ə) yolu ilə getsin. (“Əl-qədir” c.6, s.61-77)

Sünni alimlərindən  Buxari, Müslim, Malik, Nəsayi və Tirmizi deyirlər: “Kitab əhli olan Tariq ibn Şəhab xəlifə Ömərə dedi: “Əgər “ikmal” (dininizi kamil etdim) ayəsi bizim dinimizdə nazil olsaydı, bu günü qiyamətə qədər həmişə bayram keçirərdik.” Ömər sakit durmaqla öz razılığını bildirdi.” (“Əl-qədir” c.1, s.283)

c) İmamlıq İslam düşmənlərinin ümidsizlik amilidir.

“Maidə” surəsinin 3-cü ayəsi də İmam Əli (ə) barəsində Qədir-xum çölündə nazil olub. “Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun.”

Bu ayə sübut edir ki, dinin kamil olması (İmam Əlinin (ə) xəlifəliyi) İslam düşmənlərini narahat edirdi. Əllamə Təbatəbai öz kitabında yazır: “Səhabə, tabein və onlardan sonra gələnlərdə yekdilliklə bu fikirdədirlər ki, hər iki ayə bir-birinə bağlıdır və biri digərini tamamlayır. (“Əl-mizan” kitabı, Əllamə Təbatəbai c.5, s.179)

Ayələrdən bu nəticəyə gəlmək olar ki, gərək Qədir xum gününü bayram kimi qeyd edək.

d) İmamlıq vəzifəsi İslam dininin vəhdəti naminədir.

Qurani-Kərimdə Allah-təala, İsa (ə) peyğəmbərin asimandan süfrə (maidə) istəyərək dua etməsinə işarəylə, gələcək nəsillər üçün bayram olmasını zikr edir və buyurur: “Məryəm oğlu İsa dedi: “İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir “maidə” (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.” (Maidə surəsi, ayə 114).

Qədir-Xum gününün müstəhəb əməlləri:

1. Oruc tutmaq; “Qədir-Xum” bayramında oruc tutmaq altmış illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin günün orucu bir ömrün orucu, yüz həcc və yüz ümrənin savabına bərabərdir.

2. Qüsl etmək;

3. İmam Əlini (ə) ziyarət etmək; o həzrəti yaxından ziyarət edə bilməyən şəxsin “Əminullah” ziyarətini oxuması tövsiyə olunur.

4. İki rükət namaz qılmaq və namazdan sonra səcdədə yüz dəfə Allah şükür etmək (və “Şukrən lillah” demək); yaxşı olar ki, bu namaz günortaya yaxın bir vaxtda qılınsın. Birinci rükətdə “Qədr”, ikinci rükətdə isə “İxlas” surələri oxunsun.

5. “Qədir-Xum” günü günortadan öncə iki rükətdən ibarət başqa bir namazın qıllnması da tövsiyə olunur. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunsun.

6. “Nüdbə” duasını oxumaq;

7. Bu duanı yüz dəfə oxumaq:

Əlhəmdu lillahilləzi cəələ kəmalə dinihi və təmamə ni`mətih, bivilayəti Əmirilmu`mininə Əliyyibni Əbi Talibin ələyhissəlam.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button