Aktual

“Xalq Milli Şuraya böyük ümidlə baxır”

«Azərbaycanı ana dilimizdə talan edir, bütün korrupsiya şəbəkəsini Azərbaycan dilində yaradırlar»

HaqqYolu – Cəmil Həsənli: «Ümidi doğrultmaq üçün nəinki, mümkün olan, hətta mümkün olmayan şeyləri etmək lazımdır»

Azərbaycan Ziyalılar Forumunun Koordinasiya Şurasının, Milli Şuranın üzvü, professor Cəmil Həsənli “Azadlıq” qəzetinin gündəmin aktual mövzularıyla bağlı ona ünvanladığı sualları cavablandırıb.

– Cəmil müəllim, Rüstəm Ibrahimbəyovun Milli Şuranın vahid namizədi olaraq yekdilliklə, heç bir əks fikir olmadan səs alması nə qədər gözlənilən idi?
– Əlbəttə, bu gözlənilən hadisə idi. Çünki Milli Şuranın təsis konfransında Rüstəm Ibrahimbəyovun namizdəliyi məsəlsi gündəmə gətirilmişdi. O zaman da məlum idi ki, əgər Rüstəm Ibrahimbəyovun namizədliyi gündəliyə çıxarılsa, böyük səs çoxluğu ilə qalib gələcək. Cəmiyyətin bir gözləntisi var idi. Və bu gözlənti də Azərbaycanın ən tanınmış mədəniyyət xadiminin, fikir adamının prezidentliyə namizədliyi məsələsi idi. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk dəfə idi ki, Azərbaycanın ziyalı elitasının ən görkəmli nümayəndəsinin namizədliyi irəli sürüldü. Bu şübhəsiz ki, Milli Şura üzvləri tərəfindən böyük rəğbətlə qarşılandı. Sessiyada səsləndirilən fikirlər və alqışlar bunu bir daha təsdiq etdi. Hesab edirəm ki, Milli Şura bu addımla öz mahiyyətini ortaya qoydu, quruma daxil olan siyasi partiyalar milli maraqları firqə maraqlarından üstün tutduqlarını nümayiş etdirdilər. Bununla da Rüstəm bəy hansısa bir siyasi partiyanın, siyasi qurumun namizədi olmaqdan çıxıb, bütövlükdə cəmiyyətdə dəyişiklik istəyən xalqın namizədi missiyasını çiyinlərinə aldı. Bu tarixi missiyadır.

“Onların çoxu İbrahimbəyovun tamaşalarındakı mənfi personajlardan da aşağı səviyyədə duran tör-töküntülərdir”

– Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədi olandan  sonra ona qarşı hakimiyyətin əks təbliğatı daha da gücləndi. Azərbaycan mentalitetinə yad olan, Azərbaycan dilini bilməyən insan kimi cəmiyyətə təqdim edilməyə başladı. Bu ittihamları necə qiymətləndirirsiniz?
– Bunu o hakimiyyət, o  iqtidar deyə bilərdi ki, özü Azərbaycan dilini yaxşı bilsin. Azərbaycan hakimiyyətində adamlar var ki, latın əlifbası ilə yazılmış mətni üzündən oxumağa çətinlik çəkir. Mən XX əsr Azərbaycan tarixinə bələd olan adam kimi deyə bilərəm ki, hətta sovet dövründə Azərbaycan sovet hökumətinin üzvləri daha çox Azərbaycan dilli idilər, nəinki bu gün müstəqil Azərbaycandakı hökumət kabineti. Bu baxımdan Rüstəm bəyə qarşı irəli sürülən dil ittihamı mənasızdır. Hansı dildə danışmağın vacibliyi ilə yanaşı rəhbər posta iddialı olan adamın hansı ideyanın daşıyıcısı olması da mühümdür. Axı elə bizim gözümüzün qabağında vətənimiz olan Azərbaycanı ana dilimizdə talan edir, bütün korrupsiya şəbəkəsini Azərbaycan dilində yaradırlar. Dil millətin mənəvi varlığıdır, onunla korrupsiya terminləri də yaratmaq olar, millətin ruhuna da yol tapmaq olar. M.Ə.Rəsulzadə deyirdi ki, böyük əməl sahibi olmayan adamdan, böyük işlər gözləmək mənasızdir. Bu baxımdan Rüstəm bəy millətimizin mənəvi simasıdır, böyük idealların daşıyıcısıdır. XX əsrdə Azərbaycan mədəniyyətinin dünyaya çıxardığı çox az saylı korifeylərdən biridir. Ona qarşı deyilənlər, yazılanların heç bir təsir imkanı yoxdur və oxucusu olmayan bu mətbuat orqanlarının, baxıcısı olmayan bu saytların yazdıqları heç nəyi dəyişmir. Ikinci tərəfdən, Rüstəmə qarşı bu ittihamları kimlər səsləndirir? Onların bəziləri bu yazılarını heç doğum şəhadətnaməsindəki ad familiyaları ilə yazmağa cəsarət etmirlər. Cəmiyyətin etimad göstərdiyi hansı nüfuzlu qələm əhli, siyasət adamı, özünə hörmətlə yanaşan mətbuat işçisi Rüstəmə qarşı çıxıb? Əgər bu yazıların “müəlliflərinin”, bu fikirləri səsləndirən adamların dairəsi müəyyən edilsə, görərik ki, onların çoxu Rüstəm Ibrahimbəyovun tamaşalarındakı mənfi personajlardan da aşağı səviyyədə duran tör-töküntülərdir. Inanın, bu tör-töküntü mənəvi simasını elə itirib ki, onları yığıb Balaxanı zavoduna aparsan təkrar istehsaldan sonra da onlardan faydalı bir şey çıxası deyil. Rüstəm barədə danışmaq haqqına malik olmaq lazımdır. Onun haqqında deyilən söz o zaman ictimai məzmun kəsb edə bilər ki, onu haqqı olan, səviyyəsi olan adam desin. Həşərat sürüsünün vızıltısı təbiətdə bir şeyi dəyişmədiyi kimi, Rüstəm haqqında sarı mətbuatın materialları cəmiyyətdə də nəyisə dəyişmir. Azərbaycanda Rüstəm səviyyəsində az adam var. Söhbət Azərbaycan mentalitetinə yad olmaqdan gedirsə o adamlar sadəcə olaraq Rüstəm Ibrahimbəyovun 80-ci illərdə tamaşaya qoyduğu “Ultimatum” əsərinə diqqət yetirsinlər. O zaman aydın olacaq ki, kim milli ideyanın daşıyıcısıdır və kim bu məsələlərlə spekulyasiya edir. Yaxud Rüstəm bəyin “Cəlilsayağı” pyesi Mirzə Cəlil irsinin müasir təzahürü, bütövlükdə Azərbaycan hadisəsi, Azərbaycan ədəbi ənənəsidir. Bu əsər Mirzə Cəlilin ədəbi, mədəni və bədii irsinin davam etdirilməsi baxımından Azərbaycan ədəbiyyatının böyük hadisəsidir.  Rüstəm bəy hələ ötən əsrin 60-70 ci illərində cəmiyyətdə müşahidə edilən neqativ hallara qarşı dayanırdı və o vaxtlar da onu sovet mentaliteti əleyhinə gedən bir yazıçı kimi damğalayırdılar. Bəla burasındadır ki, bu günkü  “mentalitet” davası aparanlarla həmin dövrün “mentalitetistləri” təxminən eyni adamlardır, fərq isə aşağı-yuxarı zaman fərqidir. Ona görə Rüstəm kimi qələm  əhlini həm tarixilik, həm də müasirlik baxımından mentalitetlə sınağa çəkmək əlbəttə uğursuz bir müqayisədir. Rüstəm Ibrahimbəyovun “9-cu Xriptovu”, “Ezamiyyətdə”, “Nəğmə dərsi” əsərin oxumaq lazımdır. Korrupsioner mentalitetin ənənəsi “Istintaq”da göz qabağındadır. Həmin əsərlərin arxasında mental dəyərlər dayanır. Görünür, bu adamlar ya bu əsərlərdən bixəbərdilər, yaxud da düşünülmüş şəkildə bu cür sərsəm fikrilər səsləndirirlər.

“Gəlin, anonim danışmayaq”

– Rüstəm Ibrahimbəyov vahid namizəd seçilsə də, Milli Şuranın daxilində bir neçə təşkilat öz namizədini irəli sürüb . Bu da cəmiyyətdə bəzi çaşqınlıqlar yaradır. Sizin bu məsələyə münasibətiniz necədir?
– Milli Şura bir namizəd irəli sürüb. Hesab edirəm ki, bu məsələdə fikir ayrılığı yoxdur. Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovdur. Gəlin, anonim danışmayaq, öz namizədi haqda qərarı müəyyən dövr üçün qüvvədə saxlayan  Müsavat partiyasıdır və bunun izahı da ötən sessiyada verildi. Onlar bildirdilər ki, bizim namizədimiz Rüstəm Ibrahimbəyovdur, ancaq Rüstəm Ibrahimbəyovun namizədliyi qeydə alınana qədər biz partiyanın qərarın qüvvədə saxlayırıq. Burda narahatçılıq doğuran ciddi bir məqam yoxdur və bunu Milli Şuranın ikili yanaşması kimi qiymətləndirmək də doğru deyil.
Mən bunda ciddi bir narahatçılığ görmürəm. Bu daha çox ehtiyatlılıq məqamıdır. Lakin bundan o tərəfə keçməsə.

“Mümkün olmayan şeyləri də etmək lazımdır”

-Qarşıdakı mərhələdə Milli Şuranın fəaliyyəti necə olmalıdır, Milli Şura hədəflədiyi nəticəni əldə etmək üçün nələri etməlidir?
– Milli Şura artıq bu istiqamətdə işlər görür. Ötən sessiyalarda Milli Şuranın bəyanatı olub, əsasnaməsi qəbul edilib, komissiyalar formalaşdırılıb, icra aparatı işləyir, seçki qərargahının formalaşdırılması üzərində iş gedir. Milli Şuranın qarşıya qoyduğu ən böyük hədəf seçkilərin azad və demokratik keçirilməsi məsələsidir ki, bu istiqamətdə də işlər gedir. Milli Şuranın rəhbərliyinə daxil olan şəxslər həm ölkə daxilində, həm də ölkə xaricində əhmiyyətli görüşlər keçirirlər. Rüstəm Ibrahimbəyovun Amerikada görüşləri olub, Türkiyədə, Avropa da görüşlər olacaq. Milli Şuranın yerlərdə müəyyən qurumları olmalıdır. Hesab edirəm ki, Ictimai Palatanın yerli təşkilatları ilə Milli Şuranın fəaliyyətini kordinasiya etmək faydalı olardı. Seçkiyə hazırlıq mərhələsində bir sıra işlər görülməlidir. Xalq Milli Şuraya böyük ümidlə baxır və bu ümidi doğrultmaq üçün nəinki, mümkün olan, hətta mümkün olmayan şeyləri etmək lazımdır.

“Hakimiyyət daha çox polis mundirində görsənir”

– Ilham Əliyev Brüssel səfərində demokratiyadan danışsa da, Bakıya qayıdandan sonra heç nə dəyişmədi. Hakimiyyət rəqiblərinə qarşı repressiyaları davam etdirir, insanlara toplantı keçirməyə icazə verilmir, tanınmış şəxslər beynəlxalq axtarışa verilir. Hakimiyyət bu zorakılığı davam etdirməklə nəyi sübut etmək istəyir?
– Milli Şuranın yaradılması, vahid namizədin seçilməsi hakimiyyət üçün gözlənilməz oldu. Hakimiyyət ümid edirdi ki, Milli Şuranın daxilindəki qüvvələr bir araya gələ bilməyəcək. Ancaq bu gözləntilər özünü doğrultmadı. Əksinə, Milli Şura yekdil bir güc mərkəzinə çevrildi. Bu baxımdan hakimiyyətin narahatlığı başa düşüləndir və bu narahatlıq hakimiyyət təmsilçilərinin çıxışlarında, hakim partiyanın rəhbərliyinə daxil olan şəxslərin mətbuata açıqlamalarında da aydın şəkildə hiss olunur. Brüssel səfərinə gəlincə, bu səfərdə söylənilən fikirlər deklorativ xarakter daşıyırdı və bu fikirlərin Azərbaycanın daxilinə heç bir aidiyyatı yox idi. Son illər Azərbaycan hakimiyyəti xaricdə bir fikir söyləyir, daxildə başqa bir siyasət həyata keçirir. Görünür, xaricdə demokratiya görüntüsü yaratmaq üçün bu fikirlər səsləndirilir. Ölkənin daxilində isə, repressiv siyasət həyata keçirilir və hakimiyyət daha çox polis mundirində görsənir. Ilqar Məmmədovun, Tofiq Yaqublunun, Qurban Məmmədovun, Yadigar Sadıqlının, Hilal Məmmədovun, Nidaçıların, Islam etiqadçılarının həbsi, 9 yaşlı Toğrulla bağlı qəbul edilmiş rüsvayçı məhkəmə qətnaməsi bunun aydın ifadəsidir.

“Bu, polisi törətdiyi cinayətdən sığortalamağa əsas verən çıxışdır”

– Polis qüvvələrinin 95 illiyinə həsr olunmuş tədbirdə Ilham Əliyev yenə də müxalifəti ünsür adlandırdı, böyük qardaş axtarışına çıxmaqda ittiham etdi. Ardınca isə “bir nəfər də olsun polis cəzalandırılmayacaq” söylədi. 
Bu fikirlər növbəti repressiyalara, polis özbaşınalığına “yaşıl işıq” yandırmaq deyilmi?
– Növbəti repressiyalara “yaşıl işıq” yandırmaqdan əlavə, bu ilk növbədə konstitusion prinsiplərə hörmətsizlikdir. Prezident ona kimin səs verməsindən asılı olmayaraq, bütün xalqın prezidentidir. Onun ölkənin müxalif kəsiminə bir cür, öz ətrafında olan kəsimə başqa cür münasibət bəsləməsi yolverilməzdir. Prezident konstitusiyanın qarantı, xalqın canının və malının təminatçısıdır. Bu baxımdan qeyd etdiyiniz çıxışda siyasi məzmununa görə anti-konstitusion, milli-mənəvi taledəki yerinə görə uğursuz və insan haqlarına hörmət baxımından Azərbaycan qanunlarına və respublikanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun gəlməyən çağırışlar var idi. Bu faktiki olaraq polis orqanları üçün cəzasızlıq mühitinin yaradılması istiqamətində bir təminat idi. Bu hal polis orqanlarının repressiv üsullara əl atması, cəza üsullarını rəhbər tutması, insanların cibinə narkotika, maşınına silah atmaq kimi qanunsuzluqlar üçün prezident təminatı yaradır. Yəni, polisi törətdiyi cinayətdən sığortalamağa əsas verən çıxışdır. Azərbaycan qanunlarının keşiyində durmalı olan bir orqan, cəzasızlıq qəbzi almaqla bir növ qanunsuz əməllərdən sığortalanmış olur.

“9 yaşlı uşağın həyatı üzərində siyasət qurmaq əxlaqsızlıqdır”

– Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 9 yaşlı oğluyla bağlı çıxarılmış məhkəmə qərarını necə qiymətləndirirsiniz?
– Gültəkin Hacıbəyli və onun övladı ilə baş verənlər Azərbaycan hüquq sisteminin, məhkəmə sisteminin mahiyyətini ortaya qoydu. 9 yaşlı uşağın həyatı üzərində siyasət qurmaq əxlaqsızlıqdır. Belə məhəkəmə hökmü çıxartmaqla həmin hakim öz bioqrafiyasının ən acınacaqlı səhfinə yol verdi. O nəinki özünün hüquqi biliklərin, hakim andını şübhə altına aldı, həm də bir insan olaraq özünün söykəndiyi mənəvi dəyərləri nümayiş etdirdi. Hakimliklə məşğul olan adam 9 yaşlı uşağa münasibətdə belə bir hökm verməyi özünə icazə verirsə, bu ölkəmizin hüquq sisteminin hansı fəlakətin içində olduğunun birbaşa təsdiqidir. Əgər Toğrulun 9 yaşlı yox, 19 yaşı olsaydı, yəqin ki, möhtərəm hakim narkotika maddəsi ilə onun mühakimə olunması haqqında qərar çıxardacaqdı. Bəzən deyirlər ki, Azərbaycan müstəqil olandan bəri belə ədalətsiz qərar çıxarılmayıb. Bizim bəyənmədiyimiz sovet dövründə belə iyrənc şeylər yox idi. Hətta Stalin repressiyaları dövründə ananı sürgün edəndə, uşağı anadan almır, onunla birlikdə sürgün edirdilər. Bu hadisə Azərbaycan hüquq sisteminin utanc yeridir. Uşağın taleyin fikirləşməyiblər. Bütün hallarda bu hökmün çıxarılması nəinki Azərbaycanın hüquq sisteminə, Azərbaycanın siyasi sisteminə bir ləkədir və bu ləkəni silmək elə da asan olmayacaq.

“Seçici bu hakimiyyətə niyə səs verməlidir?”

– Müşahidələr göstərir ki, hakimiyyət bu dəfəki seçkilərdə daha sərt şəkildə saxtakarlıq etmək, seçkinin şəffaf keçirilməsinə mane olmaq istəyir. Belə bir vəziyyətdə beynəlxalq birlikdən gözləntiləriniz nədir?
– Seçkilərin saxtalaşdırılması Azərbaycan hakimiyyətinin mahiyyətdir. Saxtakarlıqdan kənar hakimiyyətin ümid yeri yoxdur. Ötən illər ərzində yeritdiyi anti- milli siyasətlə hakimiyyət özünə olan etimadı itirib və xalq bu korrupsioner hakimiyyətdən sözün tam mənasında bezib, ondan nicat yolunu axtarır. Işğal olunmuş ərazilərin azad olunması istiqamətində heç bir iş görülmədi. Qarabağ haqqında verilən vədlər təmtəraqlı sözlər olaraq qalmaqdadır, real olaraq ötən hər gün bizi Qarabağdan daha da uzaqlaşdırır.
Ərazisi işğal olan bir ölkənin hakim elitasının rüşvətə, korrupsiyaya qurşanması onun anti-milli mahiyyətindən xəbər verir. Əhalinin kütləvi etirazlarının qarşısı polis gücünə alınır. Bu gün hakimiyyətin əhali ilə münasibti yalnız polis dəyənəklərindən keçir. Həkimi, müəllimi, mədəniyyət işçisi, məmuru orta hesabla işləyən kəsimin 70 faizi 200 manatın aşağısında cüzi əmək haqqı alır, təqaüdçü ehtiyacının 3-də biri həcmində təqaüd ala bilmir, kəndli bütün il boyu torpaq becərir, amma gəlir əldə bilmir. Belə olan halda əhalinin hakimiyyətdən razılığı öz ifadəsini nədə tapmalıdır?
Sual olunur, hansı xidmətinə görə milyonlarla seçici bu hakimiyyətə səs verməlidir? Azərbaycan əhalisi iqtisadi şüurun və güzəranın aşağı olmasından, imkansızlıq ucbatından bankların əsarətinə düşüb. Heç bir ölkədə 24 faiziə qədər olan bank kreditləri ilə iqtisadiyyatın hansısa bir sahəsində, xüsusilə kənd təsərrüfatında uğur qazanmağın sirri kəşf edilməyib. Belə bir şəraitdə xalqın böyük bir hissəsini təşkil edən kənd yerlərinin yoxsulluq içində çabalayan çarəsiz əhalisi bu hakimiyyətə niyə səs verməlidir? Təəssüflər olsun ki, beynəlxalq təşkilatların da müəyyən hissəsi etimadı itiriblər. Çünki, onlar açıq şəkildə saxtakarlığa göz yumublar və müəyyən mülahizələrə görə saxta seçkilərə müsbət rəy veriblər. Avropa Şurasının Azərbaycanda seçkiləri müşahidə edən missiyasının fəaliyyəti göz qabağındadır. Düşünürəm ki, Avropa Şurasının saxta seçkilərə müsbət rəy verən parlamentarilərinin növbəti seçkidə Azərbaycana gəlmələrinin qarşısı alınmalıdır. Onlara heç bir etimad yoxdur və təəssüflər olsun ki, onlar indiyə qədərki fəaliyyətləri ilə özlərinə olan inamı sarsıdıblar.
Bu fikri MDB Parlament Assambleyası və qardaş Türkiyə Parlamentinin Azərbaycanda müşahidə aparan deputat qrupu haqqında da demək olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button