ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Deputatlığa namizədlər MSK-nın önündə aksiya keçiriblər

Sentyabrın 4-də 42 saylı Sumqayıt I seçki dairəsinin namizədləri Şəfəq Mayılova və Ulduz Quliyeva Mərkəzi Seçki Komissiyasının (MSK) önündə etiraz ediblər. Namizədlər qeyd edir ki, bu dairədə seçki prosesi şəffaf keçirilməyib və kütləvi saxtalaşdırma halları baş verib. Şəfəq Mayılova bildirib ki, seçkidə qeydə aldıqları ən ciddi pozuntulardan bir neçəsi “karusel”lərin təşkil edilməsi, topa bülletenlərin atılması olub:

“40-dan çox video sübutlarımız var. Ölkə içində ən rüsvay seçki prosesi bu dairədə təşkil olunub. Bəzi məntəqələrdə görə bilərik ki, seçici fəallığı ölkədəki seçki fəallığının üstündədir. Ölkədə ümumi seçici fəallığının 37% olmasına baxmayaraq, bəzi məntəqələrdə seçici fəallğı 65-70% təşkil edir. Bunlar qeyri-real rəqəmlərdir. Qutudan Hicran Hüseynovaya 700-dən çox səs çıxdığı bəlli olur. Bizim müşahidəçilərimiz, səlahiyyətli nümayəndələrimiz, nə də özümüz səssayma prosesini müşahidə edə bilməmişik”.

Namizədlər səslərinin oğurlandığını iddia ediblər və 42 saylı Sumqayıt I seçki dairəsinin ləğvini tələb ediblər. Namizəd Ulduz Quliyevanın sözlərinə görə, o şikayətlərinin araşdırılacağını gözləmir, amma yenə də pozuntularla bağlı MSK-ya rəsmi şikayət ünvanlayıb.

“Mənim əlimdə faktlar var ki, bir məntəqədə mənə 105 səs verilib, lakin onu 13 yazıblar, 32 səsim olan məntəqədə 7 yazılıb. Çox rəzil idi. Mən ölkənin ziyalısı kimi hayqırıram, bu qədər də olmaz. Mən bu dairədə seçkilərin nəticələrinin ləğv edilməsini istəyirəm. Seçki Məcəlləsi bütün ölkədə pozulub, amma bu dairədə cinayət tərkibli əməllər var. İnsanların taleləri ilə oynayırlar”, deyə Quliyeva qeyd edib.

Daha sonra namizədlər şikayət ərizələrini MSK-ya təqdim ediblər.

Sentyabrın 4-də Mərkəzi Seçki Komisisyasının sədri Məzahir Pənahov növbədənkənar seçkilərlə bağlı şikayətlərin və sosial şəbəkələrdə yayılan video-görüntülərin araşdırılacağını deyib. O bildirib ki, müraciətlər aidiyyəti yerdə araşdırıldıqdan sonra MSK-da baxılacaq.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddialarla razılaşmır, ölkədə keçirilən seçkiləri şəffaf adlandırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button