Müsahibə

“Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik…” – Müsahibə

“Tarix bir Allah yazısıdır”

Dekabrın 7-də Azərbaycan parlamentinin 95 illiyi tamam olacaq. Ardınca daha 10 gün keçəcək və 17 dekabrda Cümhuriyyət, Rəsulzadə, Üzeyir bəy sevdalı Şirməmməd Hüseynov ömrünün 90-cı ilinə adlayacaq. Bakı Dövlət Universitetinin müəllimi, professor, Azərbaycan tarixinin görkəmli araşdırmaçısı olan nəhəng şəxsiyyət bu yaşında da araşdırmalarını davam etdirir. Böyük araşdırmaçı ilə söhbətimizi təqdim edirik:

– Azərbaycan Xalq Cümhuriyyətinin birinci bayrağı 1918-ci ilin 21 iyununda qəbul olunub. Fətəlixan Xoyski hökuməti qərar verdi ki, Azərbaycan bayrağı qırmızı rəngdə, üzərində ay və səkkiz guşəli ulduz olsun. Bu, 1299-cu ildən başlamış türk, Osmanlı bayrağı idi. Hələ o zaman İstanbul xilafət mərkəzi deyildi, xilafət hələ Bağdadda idi. Hələ türkləşmək, müasirləşmək, islamlaşmaq, söhbəti yox idi. 1918-ci il 16 iyunda AXC hökuməti Tiflisdən Gəncəyə köçdü. Məhəmməd Əmin də Batumda, türklərlə danışıq aparırdı, 4 iyunda müqavilə bağladılar. Oradan Gəncəyə gəldi. Nuru Paşa Azərbaycanı yaxşı tanıyan, həm də burada nüfuzu olan Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlu gəlmişdi. Nə Əli bəy, nə Əhməd bəy, nə Əlimərdan bəy, nə Fətəlixan Xoyski Məhəmməd Əminə, müsavatçılara qədər Azərbaycan istiqlalı söhbətini eləyən adamlar olmayıb. Bunlar rus demokratları, ziyalıları ilə əlbir olublar. Elə ki, oktyabr inqilabı oldu, bolşeviklər hakimiyyətə gəldi, dedilər ki, mülkədarları, kapitalistləri, keçmiş ziyalıları bir sinif kimi ləğv edək, Əlimərdan bəy və digərləri Rusiyada olan dayaqlarını itirdilər. Bildilər ki, bolşeviklər gəlsələr, bunları qıracaqlar, necə ki, Rusiyada ziyalıları qırmağa başlayıb. Bunların yeganə yolu Azərbaycanın müstəqilliyi, Məhəmməd Əminin yolu idi, odur ki, onunla birləşdilər. İyunun 17-də Gəncədə dedilər ki, Milli Şuranın fəaliyyəti dayansın. Ayın 18-də Məhəmməd Əmin Qafqazda yaranan yeni hökumətlərin konfransında iştirak etmək üçün İstanbula getdi. 21 iyunda türk bayrağı qəbul olundu, çünki Nuru Paşa Gəncədə oturmuşdu və onun yanında türk bayrağını dəyişmək olmazdı. İkincisi də Nuru Paşanın ordusu Qafqaz İslam Ordusu idi, gərək türk bayrağı olaydı. Bu bayraqla gəlib Bakını azad etdilər. Məhəmməd Əmin bir də noyabrın 7-də İstanbuldan Bakıya qayıtdı. Oktyabrın 30-da Mudrosda müqavilə bağlandı, türklər məğlub oldular. Məhəmməd Əmin gələndə bildi ki, türk ordusu burdan gedəcək, ingilislər gələcək. Noyabrın 9-da, Məhəmməd Əmin gələndən iki gün sonra onun təkidi və təklifi ilə bayrağı dəyişdilər. Deməli, üçrəngli bayrağın müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Ona görə də Üzeyir bəy parlamentin ilk iclasında Məhəmməd Əminin çıxışı ilə bağlı təəssüratlarını belə bölüşürdü: deyirdi Məhəmməd Əmin Rəsulzadə deyəndə ki, bir kərə yüksələn bayraq bir daha enməz, bütün zal ayağa qalxdı, təəssüratımdan başımın tükləri biz-biz durdu. Odur ki, biz bayraq gününü qeyd edəndə o bayrağın yaradıcısının adını deməliyik. Təsadüfi deyil ki, hətta Gürcüstan prezidenti Saakaşvili gəlib çıxış etdi, dedi, Məhəmməd Əmin Rəsulzadə demişkən, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Atatürk nə desə yaxşıdır: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqbal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. ”Enməz” demisən, bu bayraq enməyəcəkdir”. Bu sətirləri müəllifi olduğu kitabdan oxuduqdan sonra məmnun-məmnun “nə təhərdir” deyə, sual edir… Mən siyasətlə məşğul olmuram. Amma tarixi həqiqəti bilmək lazımdır.
– Şirməmməd müəllim, 7 dekabrda milli parlamentimizin yaradılmasının 95 illiyi tamam olacaq. Həmin günlə bağlı təklifiniz nədir?
– Parlamentin 80 illiyində 7-8 kitab çıxdı. Bəs bu vaxta qədər nə iş görmüşük? 1998-ci ildə çıxan kitablar kiril əlifbası ilə çıxıb. 15 ildə bizim imkanımız var idi ki, bu kitabları latın qrafikasına çevirək, camaat oxusun. Özü də prezident İlham Əliyev sərəncam verdi ki, kirillə olan 100-ə yaxın kitab latın qrafikası ilə çıxsın və müftə paylansın. Bu siyahıya parlament, cümhuriyyət sənədlərini də daxil etmək lazım idi. Amma bircə şey var. Məsələn, Üzeyir bəyi latın qrafikası ilə çap etdilər, lakin eynilə sovet dövründə nə var idisə, o şəkildə. Hətta şərhlər də eyni, yenə də onların haqqında “pantürkist” ittihamı yer alır. Axı prezident deməyib ki, olduğu kimi çap eləyin. Gərək desin ki, gedin, normal yoxlayın, sonra çap edin? Bunu çap eləyən də gərək bilsin. Qarşıdan cümhuriyyətin 100 illiyi gəlir. Elə şey var ki, o, bir-iki ilin işi deyil. Cümhuriyyət parlamentinin fəaliyyətini, stenoqramını ən azı 3-4 cilddə latın qrafikası ilə dəqiq yoxlayıb, işləyib çap eləmək lazımdır. İkincisi, mətbuat tarixçilər gərək o dövrün mətbuatını… Məsələn, “Azərbaycan” qəzetinin 443 nömrəsi çıxıb, dövrün salnaməsidir. Tarixçi Solmaz Rüstəmova Tohidinin dediyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Azərbaycan” qəzetinin bütün saylarını latın qrafikasında çıxartmaq təşəbbüsü göstərib. Belə fikir varsa, sağ olsunlar. Elə etmək lazımdır ki, bu iş cümhuriyyətin 100 illiyinə töhfə olsun. Yaxud Yaqub Mahmudov dəvət etsə də, mən Cümhuriyyət Ensiklopediyasının hazırlanması işində iştirak etmədim. Çünki cümhuriyyət tarixini şəxsiyyətlərə baxaraq yazmaq olmaz. Obyektiv cümhuriyyət tarixi yazmaq lazımdır ki, hər gəlib-gedən cümhuriyyət tarixini dəyişməsin. Bizdə məsələ qoyan çoxdur, iş görən az. Mən ikinci qanaddayam.
Gələn il Məhəmməd Əminin anadan olmasının 130 illiyidir. Mən indi çalışıram ki, onun 5-ci cildini hazırlayım. Rəsulzadənin parlament fəaliyyəti 500-600 səhifəlik bir cilddir. Çünki bütün iclaslarda çıxış və qeydləri var. Türklər bunu nəşr ediblər, ancaq orda düzəliş olunası məqamlar çoxdur. Kənan Aslan Üzeyir bəyin əsərlərini çap edib, sağ olsun. Amma orda elə şeylər var…Redaktorlar oxumurlar. (Bunu deyib Cümhuriyyət tariximizlə bağlı ciddi yanlışlıqların yer aldığı kitabı, orda etdiyi yüzlərlə düzəlişi göstərir, sadəcə, ad çəkməyə ehtiyac duymur-E.P.)
– Rəsulzadəyə heykəl qoyulması ilə bağlı məsələ illərdir həll olunmamış qalıb…
– Bakıxanovun “Gülistani-İrəm” əsəri var. Orda giriş yazısı var ki, tarix nədir? Yazır ki, tarix bir hökmi-rəbbanidir, Allah yazısıdır. Heç kəs tarix üzərində hakimlik edə bilməyib. Tarix, zaman hər şeyi, hər millətin tarixindəki şəxsiyyətləri öz yerinə qoyur. Narahatçılığa əsas yoxdur. Tadeuş Svyatoxovski Azərbaycan tarixinin, xüsusən 20-ci əsr, Cümhuriyyət dövrü tarixinin Amerikada tədqiqatçısıdır. Deyir Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə azərbaycanlılar üçün həmin şəxsdir. Ona görə də tarix hər şeyi yerinə qoyacaq. Amma bircə şey var. Bir var mənəvi heykəl qoyasan, bir də var daş heykəl. Daş heykəlləri zamanın küləyi apara bilər. Mənəvi heykəllər isə millətin qanına, ruhuna işləyir, onları heç kəs ordan çıxara bilməz.
– Siz Məhəmməd Əminin məzarının da toxunulmaz olaraq qalmasının tərəfdarısınız…
– Bəs necə? Amma bir şey var… Bəxtiyarın (Vahabzadə-E.P.) Məhəmməd Əminə həsr olunmuş məşhur bir şeiri olub. Deyir, sən bu millətin, bu torpağın azadlığı yolunda özünü qurban verdin. Amma biz bu torpaqda sənə bir məzarlıq yer verə bilmədik. Məşhur Azərbaycan şairi Mustafa Yazıçı Məhəmməd Əmin öləndə ona bir şeir həsr edib. Müraciətlə yazır ki, biz səni Anadolu torpağına əmanət edirik, aparacağıq. Sən burda əbədi deyilsən, biz səni burda əmanət edirik, yiyəsi gələcək aparacaq. Başqa məsələ də var. Bir var elə Məhəmməd Əmin deyəsən, bir də var onu oxuyasan, öyrənəsən.
– Professor, gənc nəsil Rəsulzadəni, onun haqqında yazılanları oxuyurmu?
– Ortaya əsəri qoymamış tələb etmək ki, “oxuyun”, bu, düzgün deyil. İndi sən görəsən ki, bu kitabları (M.Ə.Rəsulzadənin kitablarını göstərir – E.P.) cavanlar necə oxuyurlar. Cümhuriyyət dövründə Azərbaycanın 2 milyon əhalisi olub. Məhəmməd Əmin yazırdı ki, bu 2 milyonun içində Bakıda cəmi 100 nəfərə yaxın ali təhsilli adam vardı. Onun 62-si cümhuriyyətin tərəfdarı, 38-i əleyhinə idi. Rəsulzadə deyir belə vəziyyətdə biz cümhuriyyəti yaratdıq. Cümhuriyyət, istiqlal ideyası camaatın qanına, canına birdən-birə hopmur. Bir təbəqənin canına hopur.
– Yenə də Rusiyadan soyuq küləklər əsməyə başlayıb. Bu gün “rusun vaxtında yaxşı idi” deyənlərimiz də az deyil. Belə arqumentlərə bəraət qazandırmaq olarmı?
– Qətiyyən! Fransa alimləri hesablayıblar ki, dünyada təxminən 2755 tayfa, qəbilə, xalq, millət var. Bunun cəm 230 müstəqil dövlət qurub ki, onların da 196-sı BMT-nin üzvüdür. Biz onlardan biriyik. Bu, təsadüfi deyil. Mustafa Yazıçının 1990-cı ildə İstanbulda kitabı çıxıb: “Tarixdə 128 türk dövləti”. O 128 türk dövlətinin 26-sını Azərbaycan türkləri yaradıb. Məhəmməd Əmin deyirdi ki, müstəqillik, azadlıq, dövlətçilik istedadı, qabiliyyəti bizim qanımızda, tarixi yaddaşımızdadır, amma zaman-zaman o ideyanı, o odu, müstəqillik ruhunun üstünü toz basırdı. Müsavatçıların ən böyük xidməti o oldu ki, üfürdülər, o odun üstündəki külü götürdülər, od qaldı, dövlətimizi yaratdıq.
Milli hiss, vətənpərvərlik hissi insanlara gen vasitəsilə keçir. Şərait yarananda Şıxlinski və digərlərində də milli, vətənpərvərlik hissi oyandı. Amerikada ermənilər var ki, heç Ermənistanı görməyib, amma ermənipərəstdirlər, Yəhudilər 2 min il qabaq dövlətlərini itirdilər. Ancaq bu 2 min ildə yəhudilər bir-biri ilə salamatlaşanda “Yerusəlimdə görüşənə qədər” deyirdi. Heydər Əliyev Kommunist Partiyasının 1-ci katibi idi və təpədən-dırnağa qədər kommunist idi. Amma situasiya dəyişdi, o adamda millətçilik, vətənpərvərlik hissi kommunist hissinə üstün gəldi. Yəni adamlara qiymət verərkən – xüsusilə hərbçilərə – gərək bunu biləsən. Çünki zaman, şərait yetişməlidir. Məhəmməd Əmingil deyirdi 20-ci əsr millətlər, milli azadlıq əsri olacaq. 1916-cı ildə Vilsonun məşhur 14-cü maddəsi “Millətlərə hüquq, millətlərə istiqlal” idi. Məhəmməd Əmin deyirdi “İnsanlara hürriyyət, millətlərə istiqlal”. Bu, dövrün şüarıdır e, aparıcıdır.
İndi də yüz məsələni qarışdırsınlar, İlham Əliyev də istəyir ki, vətənini gözəl görsünlər. Çünki adamların mədəsi görünmür. Amma küçə görünür. Bu da var ki, siyasət insanın mədəsindən keçir. Bir var yazılmış hüquqlar, bir də var Allahın verdiyi hüquqlar, insanın təbii hüquqları. İnsan görməli, nəfəs almalı, yeməli, eşitməli, düşündüyünü danışmalıdır. İngiltərə parlamenti 1640-cı ildə mətbuat üzərinə senzura tətbiqi haqqında qərar qəbul edir. 3 ildən sonra o qadağanı ləğv edirlər. Özü də Con Miltonun çıxışından sonra. Deyir, biz Allahın yaratdığı adamlarıq, onun əleyhinə gedə bilmərik. Allah insana görmək, danışmaq, yazmaq, fikirləşmək, eşitmək hüququ verib. Əgər bu hüquqlar üzərində nəzarət qoyursansa, demək, Allahın üzərində nəzarət qoyursan… Amma gərək insanların mədəsini də görəsən. Təkcə şəhərin gözəl görsənməsi ilə iş bitmir. Üzeyir bəy 19-cu ildə yazırdı ki, bu vətən də, bu millət də, bu dövlət də bizimdir. Bu, onların əqidələri idi, ona qulluq edirdilər. Üzeyir bəy yazırdı ki, bilirsiniz mən redaktoru olduğum bu qəzetin səhifələrini kimə açmışam: vətən abadlığı, millət səlamətliyi, camaat tərəqqisi, dövlət intizamı, istiqlal və yenə də istiqlal. Kim bunlardan yazırsa, qəzetimizin səhifələri onun üzünə açıqdır. (məmnunluqla gülür) Bizim o kişilərdən öyrənəcəyimiz şey çoxdur. Cümhuriyyət haqda məqalələrdə deyilir Allah bizə hər şey verin. Üzeyir bəy deyirdi bizim bu millətə imkan yaransa, bunun Bethoveni də, alimi də olacaq, millət hamısını yetişdirmək iqtidarındadır. Bu millətə sahib olmaq lazımdır.
İndi ictimai formasiya dəyişib. Amma camaatımız sovet dövründən qalandır. Hələ bizdə demokratik dövlətin ziyalısı yetişməyib. Millət ayrı-ayrı fərdlərin məcmusudur.
Təbii, hava Azərbaycanda müəyyənləşmir. Şimal küləyi əsir, soyuq gətirir, cənub küləyi əsir, isti gətirir. Azərbaycan ərazisinin cəmi 9 faizini meşə təşkil edir. Burda öz istehsal etdiyimiz oksigenə qalsa, biz qırılarıq. Oksigen bura o küləklərlə gəlir. Biz küləklər şəhərindəyik. Özü də burada təkcə təbiət küləyi deyil, həm də siyasət küləyi əsir. Rusiyadan bir cür, İrandan, Türkiyədən, Avropa, Amerikadan bir cür külək əsir. Bu küləklər şəhərində, ictimai-siyasi küləklər şəhərində yol keçmək asan deyil. Təsəvvür edin ki, dövlət başçısı gəminin kapitanıdır. O gəmi bata da bilər, sahilə çıxa da bilər, cəhənnəmə də, cənnətə də gedə bilər. Cəhənnəmlə cənnət arasında bir keçid var – ora Əraf deyirlər. Farslar deyir cənnətdən gələnə Əraf cəhənnəm, cəhənnəmdən gələnə cənnətdir. İndi biz müstəmləkəçilikdən gəlmişik indiki vəziyyətə, ona baxanda cənnətdəyik. Amma cənnətə baxanda cəhənnəmik. Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik, avtoritar rejimlərə baxanda cənnətdə. Çünki keçiddəyik, Ərafda. Cəmi 20 il keçib. İndi Fransada 5-ci respublikadır. Fransa, Fransa olana qədər…Elə şey var ki, biz bəzən öküzdən süd umuruq.
Bunları deyib gülür. Mən bu dəyərli insanın, gözəl ziyalı, böyük araşdırmaçının vaxtını daha artıq almamaq üçün onunla dahi Üzeyir bəyin adını daşıyan küçədə yerləşən mənzilindəki söhbətimizi bitirib ayrılıram. Allah sizin kimi ziyalımızı var eləsin, Şirməmməd müəllim!

“Yeni Şərq”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button