Xəbərlər

Azərbaycanda insan haqlarının vəziyyəti son dərəcədə pisləşib – Hesabat

Human Rights Watch-un hesabatda deyilir ki, ötən 18 ay ərzində Azərbaycanda insan haqlarının vəziyyəti son dərəcədə pisləşib.
Human Rights WatchAzərbaycan hökuməti azadfikirliyin boğulması üçün düşünülmüş və zorakı strategiya yürüdür, Human Rights Watch insan haqları təşkilatının Azərbaycana dair son hesabatında deyilir. “Yeni Şərq”-in BBC-yə istinadən verdiyi xəbərə görə bu strategiya müxalif siyasi fəallığı məhdudlaşdırmağa, hakimiyyətin ictimai tənqidini boğmağa və qeyri-hökumət təşkilatları üzərində daha geniş nəzarəti ələ almağa hesablanıb. “Məngənənin sıxılması və ya Azərbaycanda vətəndaş cəmiyyətinin və azadfikirliyin təqibi” adlı hesabatda deyilir ki, prezident seçkiləri ərəfəsində ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqları üzərinə mütəşəkkil hücuma keçilib. Təxminən 100 səhifəlik hesabatda deyilir ki, ötən 18 ay ərzində Azərbaycanda insan haqlarının vəziyyəti son dərəcədə pisləşib.
N!DA-çıların həbsi
Hesabatın Azərbaycanda həbslərə həsr olunmuş hissəsində deyilir ki, bu mənada haklimiyyətin əsas hədəfi öz fikir və rəylərini sosial şəbəkələrdən istifadə edərək ifadə edənlər olub. Əsas hədəflərdən biri kimi N!DA gənclər hərəkatı seçilib. 2013-cü il, martın 7-dən aprelin 1-dək polis təşkilatın yeddi üzvünü həbs edib. Rəsmilər bildiriblər ki, bu şəxslər dinc nümayiş zamanı zorakılığı qızışdırmağa çalışıblar. N!DA-nın daha iki şura üzvü asayişi pozduqlarına görə həbs olunublar.
Hakimiyyət Facebook-a qarşı
Hesabatda deyilir ki, həbs olunanların hamısı sosial şəbəkələrdə – Facebook və Twitterdə fəallıqları ilə seçiliblər. Həbs edilmiş digərlərinin arasında azı altı jurnalist, daşqın qurbanlarının kompensasiya almasına yardım göstərən iki insan haqları fəalı, polis həbsxanasında pozuntuları sənədləşdirməyə çalışan bir fəal və evlərindən zorla çıxarılmışların kompensasiya almalarına kömək etmək istəyən bir vəkil olub. Human Rights Watch təşkilatının hesabatında deyilir ki, həbslərin böyük bir qismi qondarma olur, məhkəmə hökmləri isə saxtalaşdırlır.
N!DA-çı məhbusların müdafiəçiləri
Xüsusilə vurğulanır ki, hakimiyyət orqanları fəalları həbsə atmaq üçün asayişin pozulması, xuliqanlıq, narkotik maddələrin və qanunsuz silah saxlanması kimi standart ittihamlardan daha tez-tez istifadə edir. Qeyd olunur ki, bir çox hallarda polis ittiham olunanların öz vəkilləri ilə görüşünə mane olur, məhkəmələr isə ittiham edilən şəxsin məsuliyyətdən qaçmaq niyyəti olmadığı hallarda belə onların həbsxanada saxlanması barədə hökmlər çıxarır. Hesabatda bildirilir ki, hakimiyyət nümayəndələri tərəfindən döyülmələr, təqiblər və başqa pozuntular barədə sənədləşdirilmiş 17 hadisənin heç biri hakimiyyət tərəfindən demək olar ki, araşdırılmayıb.
Telekanallar günahsızlıq prezumpsiyasına qarşı
Bu da qeyd olunur ki, hakimiyyət ittiham olunanlar barəsində günahsizlıq prezumpsiyasını pozur. Buna bariz misal olaraq göstərilir ki, Azərbaycanın bütün telekanalları üç N!DA fəalının həbslərindən iki gün sonra onların guya küçə etirazları zamanı “Molotov kokteyli”ndən istifadə niyyətlərinin olması barədə etiraflarını yayımlayıb. Bu fakt xüsusilə qeyd olunur ki, bu “etiraflar” yayımlanarkən, N!DA-çılar vəkilləri ilə görüş imkanı hələ verilməmişdi və onların belə etiraflara təzyiq nəticəsində razılaşdıqlarını düşünmək olar.
Hesabatda həmçinin vurğulanırr ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini susdurmaq üçün saxta narkotik maddə ittihamlarından istifadə edir.
Hökumətin tənqidi və narkotiklər
2012-ci ilin mayından 2013-cü ilin mayınadək hökumətin azı altı tənqidçisinə qarşı narkotik maddələr saxlamaq ittihamı irəli sürülüb. Bu hadisələr zamanı polisin axtarışlarında ittiham olunanların vəkillərinin iştirakına imkan verilməyib, hesabatda deyilir, və narkotiklər barədə ittihamlarla üzləşən şəxslərin dindirilməsi zamanı onlara narkotiklər yox, siyasi fəaliyyətləri barədə suallar verilib. Hesabatda həmçinin bildirilir ki, Azərbaycanda müstəqil və müxalif mediaya ziddiyyətli münasibət ciddi problem olaraq qalır. Göstərilir ki, son altı ildə onlarca jurnalist böhtan və başqa ittihamlarla həbsxanalara salınıb. Hesabatda deyilir ki, 2012-ci ildə jurnalistlərə qarşı böhtan ittihamı ilə mühakimələr kəskin azalıb və bir neçə jurnalist azadlığa buraxılıb. Lakin 2013-cü ilin əvvəlindən azı 6 jurnalsit saxtalaşdırılmış ittihamlarla həbsxana cəzalarına məhkum edilib.
Azərbaycan söz vermişdi, amma əksini etdi
Bu da qeyd olunur ki, 2011-ci ildən bəri Azərbaycan hakimiyyəti böhtan ittihamını kriminallıqdan çıxarmağı vəd etmişdi, lakin əksinə, 2013-cü ildə parlament bu ittihamları internet resurslarına da şamil etmək barədə qərar qəbul etdi. Hesabatda qeyd olunur ki, Azərbaycanda təqiblər QHT-lərdən də yan keçməyib. “Azərbaycanda insan haqları, korrupsiya, demokratiyanın təbliğatı, gəlirlərin şəffaflığı, qanunun aliliyi, etnik və dini azlıqlar kimi ictimai əhəmiyyətə malik işlərlə məşğul olan böyük QHT-lər icması vardır” – deyilir sənəddə, -“lakin 2013-cü ilin fevralında qanuna edilmiş dəyişiklik rəsmi qeyydiyyatdan keçməmiş təşkilatların qrant və ianə almasını mümkünsüz edib”. Hesabatda deyilir ki, məhdudlaşdırıcı dəyişikliklər əsas etibarilə hökuməti tənqid edən QHT-ləri təsirləndirib. Yeni dəyişikliklərə görə qrant barədə hər hansı müqaviləsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyən QHT-lər qrantın beş misli məbləğində cərimə oluna bilər. Human Rights Watch təşkilatının hesabatında deyilir ki, sərbəst toplaşma azadlığı Azərbaycanın ənənəvi problemlərindən biri olaraq qalır. 2006-cı ildən bəri Bakı bələdiyyəsi paytaxtın mərkəzində müxalifətin bütün aksiyalarına birmənalı qadağan qoyub. Şəhər mərkəzində icazəsiz etiraz aksiyalarının keçirilməsi isə bu aksiyaların zorakılıqla dağıdılmasına, iştirakçıların həbslərinə və ya döyülməsinə səbəb olub. Sənəddə bildirilir ki, 2012 və 2013-cü illərdə Azərbaycan parlamentinin qanuna əlavələri nəticəsində icazəsiz aksiyalarda iştiraka görə cərimələr onqat artırılıb. Dəyişikliklər həmçinin asayişin pozulmasına görə inzibati həbs müddətini 15 gündən 60 günə qaldırıb.
Bakı nə etməldir?
Human Rights Watch öz hesabatındakı məqamlara dair Azərbaycan hakimiyyətinə bir sıra tövsiyələrini də çatdırır. Təşkilat Azərbaycan hakimiyyətini siyasi motivlər və qondarma ittihamlarla həbsxanalarda saxlanan siyasi fəalların, jurnalistlərin, insan haqları və vətəndaş cəmiyyəti fəalalrının dərhal azadlığa buraxılmalarına çağırır. Sənəddə deyilir ki, hakimiyyıət jurnalsitlərə qarşı zorakılıqların və təhdidlərin cəzasızlığına son qoymaq üçün bu hallar barədə çevik, hərtərəfli, qərəszsiz və səmərəli təhqiqat aparmalıdır. Hökumət həmçinin böhtan ittihamını kriminallaşdıran qanun aktlarını ləğv etməli, dinc nümayişlərə icazə verməli, dinc aksiyalarda iştirak edənlərə qarşı ağır cəza və cərimələri nəzərdə tutan qanunvericiliyi ləğv etməlidir. Hökumətə həmçinin QHT-lərə dair qanunvericiliyinin Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması məsləhət görülür. Sənəddə xatırladılır ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına, habelə Vərtəndaş və Siyasi Azadlıqlara dair Beynəlxalq konvensiyaya imza atmış ölkə kimi bəlli öhdəliklərə sahibdir.
Azərbaycanın dostları və öhdəlikləri
Hesabatda həmçinin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların ölkədə insan haqlarının vəziyyətinə münasibəti məsələsinə də toxunulub. Qeyd olunur ki, bu təşkilatlar Azərbaycandakı vəziyyətlə bağlı tənqidlərini səsləndiriblər, lakin bu tənqidlər onların rəsmi Bakı ilə yaxşı münasibətlərinin saxlanmasına mane olmayıb. Hesabat tərtibçiləri bu qənaətdədirlər ki, belə ikili yanaşma Azərbaycanın böyük neft və qaz ehtiyatlarına malik olması və geosiyasi coğrafiyası ilə bağlıdır. Sənəddə deyilir ki, Azərbaycanın ATƏT, Avropa Şurası, Avropa İttifaqı üzrə partnyorları rəsmi Bakı ilə münasibətlərdə və danışıqlarda insan haqlarını daim diqqətdə saxlamalıdırlar.
Eyni tövsiyələr Azərbaycanın strateji partnyoru olan ABŞ-a da edilir.

Yeni Şərq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button