ArxivXəbər lentiXəbərlər

“Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi”

Fevralın 15-də xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. ABŞ səfiri Robert Sekutanın Cocuq Mərcanlıya gedən səfirlər arasında olmaması diqqətdən yayınmayıb.
 
ATƏT-in Minsk Qrupunun üç həmsədrindən yalnız birinin səfirinin erməni işğalından azad olunmuş Cocuq Mərcanlıya getməməsinin Azərbaycan hökumətini incik saldığı dərhal özünü göstərib. Belə ki, Robert Sekutanın Cocuq Mərcanlıya gəlmədiyi barədə ictimaiyyətə ilk məlumatı da məhz hökumət üzvü- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov media vasitəsilə elə Cocuq Mərcanlıdan çatdırdı. Özü də narazı bir formada.
 
Image result for əli həsənov
 
Əli Həsənov deyib ki, ABŞ-ın Bakıdakı səfiri Qarabağda azad olunan kəndə getməkdən imtina edib. Ə.Həsənov qeyd edib ki, bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib: “Onların bəziləri üzürlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər. ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edir. Biz bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar – Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər”.
 
Image result for robert sekuta
 
Bu açıqlama yayıldıqdan az sonra ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın Cocuq Mərcanlıya getməməsi məsələsinə münasibət bildirib. Səfirlikdən bildirilib ki, Amerika Birləşmiş Ştatlarının səfirliyi yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisini-USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi Cocuq Mərcanlıya göndərib: “M.Meredis Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ziyarəti çərçivəsində oraya göndərilib. Xanım Meredis oraya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətləndirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1,3 milyard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik”.
 
 
Bəs səfir Sekutanın Cocuq Mərcanlıya nədən getmədiyi barədə səfirliyin açıqlamasını tutarlı arqument saymaq olar? Səfirin məlum səfərdə təmsil olunmamasının arxasındakı sirr nə ola bilər?
 
Related image
 
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Amerika səfiri Robert Sekuta iki səhvə yol verdi. Birinci səhv onun Cocuq Mərcanlıya getməkdən imtina etməsi idi: “Getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi. Fransa da ermənipərəst dövlətdir, orada güclü erməni lobbisi var, prezidentləri Fransua Olland hələ deyir ki, ”Dağlıq Qarabağ öz müqəddəratını həll etməlidir”. Buna baxmayaraq, Fransanın Azərbaycandakı səfiri Cocuq Mərcanlıya getməkdən imtina etməyib.
 
Sekutanın ikinci səhvi isə ondan ibarətdir ki, sən demə, səfir özünün əvəzinə amerikalı diplomatlardan birini Cocuq Mərcanlıya yollayıb. Səhv ondadır ki, gərək səfirlik bu haqda dərhal açıqlama verərdi. Gərək gözləməyəydilər ki, Azərbaycan rəsmiləri “Amerika səfiri Cocuq Mərcanlıya getməyib” desinlər. Başqa səfirlər də yox idi, ancaq onları səfirliyin müşavirləri əvəz edirdilər. Amerika səfirliyi mətbuat üçün dərhal açıqlama versəydi, Amerika əleyhinə sərt tənqidlər səslənməzdi. Mənə elə gəlir ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu münasib bir vaxtda səfir Robert Sekutanın Cocuq Mərcnlıya ayrıca gedib vəziyyətlə yerindəcə tanış olmasıdır. Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, sonra xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar. Digər iki həmsədr ölkənin-Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. Ancaq hər iki səfirin Cocuq Mərcanlıda jurnalistlərimizə verdikləri açıqlamalar heç nə ifadə etmir. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Cocuq Mərcanlıda verdiyi açıqlamaya diqqət yetirin “Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq”. Sekuta da ən azından Minsk Qrupunun həmsədri olan ölkənin səfiri kimi Cocuq Mərcanlıya getməli idi”.
 
Ekspert səfirin Cocuq Mərcanlıya getməməsinin erməni lobbisi ilə əlaqəsi olduğunu düşünmür. Onun fikrincə, səbəb başqadır: “Onda gərək Fransa səfiri də Cocuq Mərcanlıya getməzdi. Görünür, Robert Sekuta Cocuq Mərcanlıya getməməklə ölkəsində hələ Ağ Ev administrasiyasının və Dövlət Departamentinin formalaşması prosesində olduğunu nəzərə alıb. Çünki Tramp bir çox ölkədə səfirləri dəyişir. Sekutanın adı bu siyahıda yoxdur. Buna baxmayaraq, Sekuta Vaşinqtonda hətta ən kiçicik narahatlıq yaradan addım atmaq istəmir. Sekuta özü deyib ki, Azərbaycandakı fəaliyyətindən sonra yaşına görə təqaüdə çıxacaq. Ona görə o yaşının bu vaxtında geri çağırılmaq istəmir. Sekuta nəsə etməkdənsə, fəaliyyətini sakit davam etdirmək istəyir. Bunu onun erməni lobbisindən deyil, Dövlət Departamentindəki məmurlardan ehtiyatlanması kimi anlamaq lazımdır”.
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button