ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cənubi Osetiyanın Rusiyaya ilhaqı reallaşırmı? – TƏHLİL

Gürcüstanın Cənubi Osetiya bölgəsindəki separatçılar iyulun 17-də bölgənin Rusiyaya birləşməsinə dair referendum keçirmək niyyətindədir.

 separatçıların hazırkı “rəhbəri” Anatoli Bibilov bununla bağlı referendum təyin edib.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili Cənubi Osetiyaya nəzarət uğrunda müharibə apardı, lakin onun bu cəhdi uğursuzluqla üzləşdi və Qərb müttəfiqləri də Gürcüstana kömək etmədilər. O zaman Moskva hökuməti Cənubi Osetiya ilə yanaşı Abxaziyanı da müstəqil dövlət kimi tanıdı və həmin iki bölgədə hərbi bazalar yaratdı.  

Separatçı Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstanın mərkəzi hökumətindən de-fakto şəkildə ayrılıblar. Xüsusən də 2008-ci ildəki müharibədən sonra Cənubi Osetiya silahlıları və rus qoşunları bölgəyə nəzarəti tam ələ keçirmişlər.

Aydın məsələdir ki, referendumun keçirilməsi Bibilovun öz qərarı deyil. Ona təlimat birbaşa Kremldən gəlib. Ola bilsin ki, rəsmi Moskva Ukrayna müharibəsinə başının qarışdığı bir zamanda Cənubi Qafqazı da boş qoymaq istəmir və bu yolla regionda strateji maraqlarından vaz keçmədiyini nümayiş etdirir. Əlbəttə ki, Rusiyanın Ukrayna ilə müharibə fonunda Gürcüstanla da müharibə etməsi real deyil. Zira bu, Kreml üçün mövcud vəziyyətin daha da ağırlaşması ilə nəticələnə bilər. Lakin separatçı rejimin qərarı istər istəməz Kremlin Tiflisə açıq xəbərdarlığıdır. Rəsmi Tiflis Rusiya-Ukrayna müharibəsində maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini dayandırmayıb. Kreml də məhz bunun qarşısını almaq üçün Tiflisə təzyiqlərini artırmaq istəyir.  

Bu arada Rusiyanın postsovet məkanındakı tanınmamış “respublikalar”la bağlı verdiyi qərar Qarabağla bağlı da ciddi narahatlıq yaradır. Hətta belə iddialar səslənir ki, Rusiya Qarabağın da “müstəqiliyini” tanıya bilər. Amma bu ehtimalın indiki halda reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan ilə Rusiya arasında o həddə bir problem yoxdur ki, Kreml belə bir qərar versin, amma ruslar Qarabağ kartından da vaz keçməzlər, istənilən halda ondan faydalanacaqlar.

Ona görə də Azərbaycan Respublikası bəri başdan Gürcüstanın separatçı bölgələrində keçirilən seçki və ya referendumları qəbuledilməz və qeyri-qanuni sayır. Bu artıq ondan irəli gəlir ki, Cənubi Osetiya və ya Abxaziyanın yeni statusu Qarabağ erməniləri üçün bir presedentə çevrilə bilər. Bu səbəbdən rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və qonşu ölkədə hər hansı seçki və ya referendumun keçirilməsinin qəti əleyhinədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button