Müsahibə

“Cəmiyyəti dindən uzaqlaşdırmaq cəhdləri nəticə vermir”

Tanınmış hüquq müdafiəçisi və ictimaiyyətçi, İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu minval.az saytına geniş müsahibə verib. Müsahibənin tərcümə variantını təqdim edirik.

– Yəni Misirdə teokratik dövlət yaradılacaq?

– Misirdə nəyin yaradılacağına yalnız Misir xalqı qərar verməlidir. Teokratik dövlət dedikdə, nəyi nəzərdə tutursunuz? Belə çıxır ki, sərf edən pilləyə qədər demokratıq? Bu, ən vacib sualdır. Biz avtoritarizmi bütün qərarları əvəzimizdən qəbul etdiyi üçün qınayırıq. Eyni zamanda demokratiya, liberalizm adı altında həmin səhvə yol veririk. Yəni nəyin yaxşı, nəyin pis olduğuna qərar veririk. Hesab edirəm ki, Misir, Tunis və digər ölkələrin xalqları necə yaşamaq istədiklərinə, nəyə ehtiyac duyduqlarına, vətəndaş birliyinin nədə əks olunmasına yalnız özləri qərar verməlidir. Azərbaycan üçün isə bu vəziyyət yeni deyil. Azərbaycan bu hadisələrdən öncə, ötən əsrin əvvəllərində türkçülük, islamçılıq, çağdaşlıq ideyalarını irəli sürdü. Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin və digər liderlərin çıxışlarını oxuyanda görürük ki, dəyişikliklər çağdaşlaşaraq avropalaşmada deyil, ruhani, paradiqmal islami baza üzərində baş verməli idi. Təəssüf ki, Azərbaycan cəmiyyəti modern dünyasından bir çox elementləri alsa da, ədalətli məhkəməyə, ədalətli cəmiyyətə, şəffaf seçkilərə nail ola bilməyib. Yəni bizim əldə etdiyimiz elementlərdən bu gün Avropa imtina etmək istəyir.

– Bəs İran bütün bu elementlərə malikdir?

– İranla bağlı bütün sualları İranın ölkəmizdəki nümayəndəliyinə yönəldə bilərsiniz. Biz İranın vəkili deyilik. Əgər söhbət İslamdan gedirsə, onun harada inkişaf etməsindən asılı olmayaraq, İran, Türkiyə, Misir və hətta İslamın müəyyən qanunlarını tətbiq edən İngiltərə və ya Kanadada da olmasından asılı olmayaraq biz oradayıq və dəstəkləyirik. Bir çoxlarımızın hələ də sovet düşüncəsinə malik olmağımızın fərqindəyəm. Lakin Rafiq Əliyevin təbirincə desəm, mən hər şeyi ağ və qara rəngdə deyil, geniş rəng və tonlarda görürəm. Bu, mənim dəyər sistemimin bir hissəsidir.

– Siz Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna toxundunuz, bayrağımızda olan üç rəngin mənasını izah etdiniz. Necə hesab edirsiniz, bu dövlət sekulyar hesab oluna bilərmi?

– Çox ciddi sualdır. Bu məsələni debatlarda müzakirə etmək, ilk öncə isə “sekulyarizm” sözünün mənasını anlamaq lazımdır. Sekulyarizm nədir? Əgər rasionallıq, qanunun aliliyidirsə, mən qəbul edirəm. Yox, dini cəmiyyətdən uzaqlaşdırmaq vəzifəsi daşıyıb özü yeni dinə, doqmaya çevrilirsə, bunun əleyhinəyəm. Mən doqma-sekulyarizmin, radikal sekulyarizmin əleyhinəyəm. Yeri gəlmişkən, Fransanın özündə debatlar aparılır. Hərdən doqma-sekulyaristlər qalib gəlir, hərdən onların opponentləri. Türkiyədə doqma-sekulyarizmin uzun illər ərzindəki təsiri bu gün hər seçkidə inanclı insanların qalibiyyətinə gətirib çıxarır. Bu da ona görə baş verir ki, doqma-sekulyarizm artıq insanları bezdirib. Nəticədə insanlar seçkilərdə məhz inanclı namizədlərə səs verir. Eyni zamanda mən vaxtilə İran şahının insanlara yeritdiyi doqma-sekulyarizma qarşıyam. Nəticə göz qabağındadır. Yəni istənilən halda doqma-sekulyarizm bumeranq effektini verir. Ümumilikdə, sekulyarizm çoxlu sayda anlayışa malikdir. Bu sahənin akademik araşdırmaçısı kimi bu terminin semantik analizi ilə məşğul olmaq imkanım olub. Yəqin ki, təəccüblənəcəksiniz, amma bu sözün ilkin anlayışı “savadsız” mənasını verirdi. Yəni kilsədən kənar olan, dini biliklərə malik olmayan insan savadsız hesab edilirdi. İndi isə tam əksi olaraq, sekulyar insan savadlı insan mənasını verir. Bu gün cəmiyyəti sekulyarlaşdırmaq, dindən uzaqlaşdırmaq cəhdləri heç bir nəticə vermir.

– Bir neçə il öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Həm siyasi, həm də dini xadimlər onda da, indi də bu qurumu tənqid edir. Qurumla bağlı vəziyyət necədir? Bu komitə hansı məqsədlərə qulluq edir?

– Burada vəziyyət Təhsil Nazirliyində olduğu kimidir. Gözəl təhsilli, ciddi peşəkar keyfiyyətlərə malik yeni mütəxəssis təyin olunub. Lakin hamımız bilirik ki, hər yerdə olduğu kimi, Azərbaycanda da siyasi istək olmadıqda hətta ən peşəkar menecer belə yaranmış problemi həll etmək iqtidarında deyil. Bu gün bu iki qurumun başında iki gözəl mütəxəssis durur. Ancaq nə təhsil, nə də din sahəsindəki problemlər, yetərli siyasi istək olmadığından həll olunmur. Realist olmaq lazımdır. Reallıq isə onu göstərir ki, məsələlərin həlli hələ də görünmür.

– Siz Təhsil Nazirliyini qeyd etdiniz. Bildiyiniz kimi, yeni nazir təyin olunub. Sizin dediklərinizdən elə çıxır ki, orta məktəblərdə, bəzi hallarda isə ali təhsil ocaqlarındakı hicab problemi nazirliyin özü ilə deyil, məhz siyasi istəklə bağlıdır?

– Birincisi onu qeyd edim ki, ali təhsil ocaqlarında hicaba qadağa yoxdur. Bu problemlər lokaldır. Bəzən problem ali məktəbin rəhbərliyi tərəfindən yaradılır. Bəzən də bu, sadəcə, özünü realizə etmək cəhdidir. Bu, yeni mövzu deyil. Hüquq müdafiəsi ilə məşğul olan DEVAMM təşkilatı artıq 13 ildir ki, bu mövzunun monitorinqi ilə məşğuldur. Bu cür lokal problemlər hər zaman olub. Lakin hər zaman da həllini tapıb. Orta məktəbdəki vəziyyət isə tam fərqlidir. Bu, konkret seçilmiş mövqedir, konkret bir nazirin seçimi deyil. Bu gün isə vəziyyət elə yerdədir ki, nə tam qadağa var, nə də icazə. Yəni problem asılı vəziyyətdə qalıb. Hesab edirəm ki, müəyyən siyasi iradə olsa, məsələ dərhal həllini tapar.

– Mən İslam təhlükəsinin nə olduğunu bilmirəm. Lakin bəzi analitiklər iddia edir ki, Azərbaycan hakimiyyəti bu təhlükəni qabardır. Hicaba qadağa qoymaqla hər hansı provokasiya yaratmaq istəyi varmı?

– Bir neçə versiya var. Biri də ondan ibarədir ki, 2004-2005-ci illərdə ABŞ prezidenti Corc Buş islamofobiyanı öz gündəliyinə daxil etdi. Mən bu hadisəni “a-lya Buş” fenomeni adlandırıram. Bu fobiya ilk olaraq Buş tərəfindən seçkiqabağı siyasi plana daxil idi. Daha sonra digər ölkə başçılarının da xoşuna gəldi. Qərbin və Amerikanın dəstəyinə ehtiyac duyan bütün dövlət başçıları islamofobiya oyununa vaxtaşırı qoşulmağa başladılar. Buş hər hansı addımına görə izahat verməli olanda, dərhal bu kartı ortaya qoyurdu. Yəni insanlar hər hansı sosial problemlərdən söz açırlar, Buşun isə bunlara vaxt ayırmağa imkanı yoxdur, o, dünya miqyaslı problemi həll edir – “İslam təhlükəsi”nin qarşısını alır. Bizim ölkədə yaranmış vəziyyət də məhz bu oyuna bağlıdır. Şübhəsiz, hakimiyyətdə hesab edənlər var ki, istənilən an hicab problemi düyməsini basmaqla möminləri emosional duruma gətirə bilərlər. Bu da yalnız Azərbaycanda istifadə edilən alət deyil. Fikrimcə, bu qərar emosiyalar üzərində qurulub. AKP Türkiyədə hakimiyyətə gələndə onların hicablı xanımları göz qabağında idi. Azərbaycan cəmiyyətinin türk kanallarına marağını nəzərə alsaq, sual yarandı: nə edək? Bu zaman kiminsə ağlına məhz belə ideya gəldi. Ancaq emosiyalar üzərində qurulmuş addımların fəsadları çətinliklərlə aradan qaldırılır. Biz DEVAMM olaraq hicab probleminin həlli üçün ölkə başçısına müraciət kampaniyasına başladıq. Öncəki planlarımıza görə, bir neçə ayda 100 min imza toplamalı idik. Düzünü deyim ki, çox ehtiyatlı yanaşmamız var idi. Çünki üzərimizə böyük məsuliyyət götürmüşdük. Lakin bir ayda 134 min 359 imza toplaya bildik. Onu da qeyd edim ki, imzalayanlar tək möminlər deyildi. Biz insanlara müraciət etdikdə onlar təşəbbüsün DEVAMM tərəfindən yürüdüldüyünü görüncə imzalayırdılar. İnsanlar DEVAMM-a inamla yanaşır. 600-ə yaxın könüllü qoşulmuşdu imzatoplama kampaniyasına. Bundan sonra hicab məsələsində müəyyən yumşalmalar hiss edildi. Ümumiyyətlə, dini problemlərin həlli ardıcıl olmalıdır. DEVAMM olaraq biz birincisi, birmənalı şəkildə hicaba qoyulan qadağanın aradan qaldırılmasını, ikincisi isə qadağaya etiraz edən məhbusların azadlığa buraxılmasını və dini ədəbiyyata qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyirik. Əsasən birinci iki məsələ bizim üçün prioritetdir. Bu problemlər aradan qaldırılandan sonra hər hansı islahatlardan danışmaq olar.

– Möminlərə yaradılan maneələr İslamın Azərbaycandakı inkişafına necə təsir göstərir?

– Adətən biri mənə sual verəndə ki, dini baxımdan Azərbaycanda vəziyyət necədir, cavabımda belə deyirəm: “Siyasi, iqtisadi baxımdan azadlıqlar hansı səviyyədədirsə, dini baxımdan da həmin səviyyədədir”. Mümkün deyil ki, bir insanın dini azadlığı olsun, amma siyasi azadlığa malik olmasın. Hər şey bir-birinə bağlıdır. Deyə bilərəm ki, son illər ərzində gənclər arasında dinə yüksək maraq görürəm. Hesab edirəm ki, bu, dünyada yürüdülən islamofobiya sürəci ilə bağlıdır. Bir məsələni də qeyd edim. İlk dəfə 14 il əvvəl qadınlara xarici pasporta hicabda şəkil çəkdirmək qadağan olundu. Bununla da məsələnin həll olunacağı gözlənilirdi. Lakin o zaman bu qadağa sadəcə onlarla qadına aid idisə, bu gün on minlərlə qadının hüququnun məhdudlaşdırılması deməkdir. Eyni vəziyyət məktəblərdəki qadağa ilə yaranır. Əgər əvvəl minlərlə qız qadağadan əziyyət çəkirdisə, bir neçə ildən sonra hicablı qızların sayı on minlərə çatacaq. Hesab edirəm ki, bir neçə ildən sonra biz Azərbaycanda İslamın keyfiyyətli və kəmiyyətli inkişafının şahidi olacağıq.

– Siz gənclər mövzusuna toxundunuz. Bir neçə ay öncə NİDA gənclər hərəkatının liderləri və sıravi üzvləri həbs edildi. Bir müddət sonra isə eyni ssenari ilə bir neçə müsəlman xadimi həbs olundu. Sizcə, bu, cəmiyyətə göndərilən mesaj idi?

– Bu məsələyə yanaşarkən, səbəbini iki cür izah etmək olar: analitik və emosional əsaslı. Görünür ki, NİDA hərəkatında aktiv gənclərin, möminlər arasında aktiv insanların varlığını görüb, onları repressiyaya uğratmaq qərarı verilib. Yəni bu qərarın qəbul olunmasında heç bir analitik əsas görmürəm. Əgər analiz etməyi bacarsaydılar, problemləri həll etməyə çalışardılar.

– Dini ədəbiyyata qoyulan məhdudiyyətlər haqqında sual vermək istərdim. Hansı kriteriyalara uyğun olaraq bu və ya digər kitabın satışına qadağa qoyulur?

– Hazırda bu, məhkəmə yolu ilə olmur. Dövlət komitəsi nəzdində nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirən komissiya mövcuddur. Yeni rəhbərlik bu məsələni tənzimləməyə çalışır. Baxaq görək, nə alınır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də tam sərbəstlik olmalıdır. Hər hansı problem yarandıqda isə məhkəmə yolu ilə həll olunmalıdır…

musavat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button