Arxiv

Hakimiyyəti ifşa edən daha bir beynəlxalq hesabat

Azərbaycan hökuməti demokratik prinsiplərə sədaqətini bəyan etsə də, siyasi fəalların, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin saxta ittihamlarla həbs edilməsi, qorxudulması, onlara qarşı hücumlar geniş miqyas alıb.

Sənəddə Əliyevlərin korrupsiyasından tutmuş, repressiyalara qədər bir çox faktlar əks olunub

Mənzil-qərargahı Niderlandda yerləşən “Təmsil olunmayan millətlər və əhali təşkilatı” Azərbaycanda ötən ilin oktyabrında keçirilən prezident seçkiləri fonunda bu ölkədə insan hüquq və azadlıqlarının durumu haqda hesabat hazırlayıb.

Müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika

37 səhifəlik sənəddə yazılıb ki, prezident seçkilərinin keçirildiyi 2013-cü il siyasilərə, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı repressiyalarla müşayiət olunub. Azərbaycan hökuməti demokratik prinsiplərə sədaqətini bəyan etsə də, siyasi fəalların, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin saxta ittihamlarla həbs edilməsi, qorxudulması, onlara qarşı hücumlar geniş miqyas alıb. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri nəinki beynəlxalq standartların, hətta yerli qanunvericiliyin də açıq-aşkar pozulması faktları ilə yadda qaldı.
Hesabat müəllifləri ölkə barədə təqdimat verərkən yazır ki, Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanı qurub. Ilk müsəlman respublikası olaraq, hətta ABŞ, Böyük Britaniya kimi Qərb dövlətlərindən əvvəl qadınlara seçki hüququ verib.

Azərbaycan hakimiyyəti vədinə əməl etmir

Hesabatda daha sonra bildirilir:
“Amma müasir Azərbaycan 1918-1920-ci illərdəkindən fərqli ölkəyə çevrilib. Ilham Əliyevin rəhbərlik etdiyi hakimiyyət ölkənin avtoritar, yaxud diktatura üsuluyla idarə olunmasına görə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur. Azərbaycanda indiyə qədər keçirilən prezident və parlament seçkiləri ”beynəlxalq standartlara cavab verməyən seçkilər” kimi xarakterizə olunub.
Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, bu ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin milli qanunvericilik normalarından daha üstün hüquqi qüvvəsi var. Azərbaycan hakimiyyəti isə gerçək fəaliyyətində beynəlxalq öhdəliklərinə sadiqlik nümayiş etdirmir. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən Azərbaycan hökuməti üzərinə çox ciddi öhdəliklər götürmüşdü. Bu öhdəliklərə əsasən, ölkədə demokratik keçid təmin olunmalı idi. Hökumətin üzərinə götürdüyü öhdəliklərdən biri bütün siyasi məhbusların azad edilməsi və siyasi motivli həbslər praktikasına son qoyulması idi. Avropa Şurasına üzvlükdən sonra ötən 12 il ərzində Azərbaycan hakimiyyəti açıq-aşkar vədlərini yerinə yetirməmək siyasəti yürüdür. 2012-ci ilin dekabrında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı hazırlanan hesabatda bu ölkədə demokratiya sahəsində çox ciddi problemlərin olduğu vurğulanırdı. Iş o həddə çatdı ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə bu ölkəyə gəlməyə imkan vermədilər.

Ilham Əliyev 2013-cü ilin iyun ayında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə görüşündə Azərbaycanda siyasi opponentlərinin həbsdə olmadığını bildirdi”.

Əliyevlərin offşor zonalarda böyük vəsaitləri var

Sənəddə Azərbaycandakı korrupsiyadan da bəhs olunur:
“Azərbaycan BMT-nin korrupsiyaya qarşı mübarizə sənədini ratifikasiya edib. Buna baxmayaraq, korrupsiya bu ölkədə ən başlıca narahatlıq mənbəyi olaraq qalır. ”Transparency International” (Beynəlxalq Şəffaflıq) təşkilatının hazırladığı hesabatda Azərbaycan şəffaflığa görə 176 ölkə arasında 139-cu yeri tutub. Ilham Əliyev, onun ailə üzvləri və rəhbərlik etdiyi hakimiyyətdə təmsil olunan digər yüksək vəzifəli şəxslərin böyük sərvətə sahib olmaları haqda çoxsaylı faktlar mövcuddur. Hakim ailənin offşor zonalardakı hesablarda böyük məbləğdə vəsaitlərinin olması faktları ötən il üzə çıxdı”.

Hesabatın daha bir bölümündən Azərbaycanda azadlıqların boğulması, həyata keçirilən repressiyalara yer verilib. Sənəd müəllifləri beynəlxalq təşkilatların hesabatlarına istinad edərək, yazır ki, “Sərhədsiz Reportyorlar”ın hazırladığı reytinqdə söz və ifadə azadlığının vəziyyətinə görə Azərbaycan 179 ölkə arasında 156-cıdır. “Freedom House”un hesabatında da Azərbaycan azad olmayan ölkələr sırasına aid edilir və vurğulanır ki, Azərbaycanda son illərdə vəziyyət daha da pisləşib.
“Jurnalistlərin həbsi, onların qorxudulması, hücumlara məruz qalması bu ölkədə geniş yayılıb. Tənqidçi jurnalistlərə qarşı hücumlara görə heç kim cəzalandırılmır”, – deyə sənəddə qeyd olunur.

Repressiyalar

Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılması da diqqətdən kənarda qalmayıb: “Seçki ilində Bakıda bir neçə dəfə etiraz aksiyasının keçirilməsinə imkan verilsə də, müxalifət namizədinin regionlara səfəri zamanı bu düşərgədən olanlar hücumlara məruz qalıblar. Məqsəd də müxalifət namizədinin normal kampaniya aparmasının qarşısını almaq olub. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində razılaşdırılmamış etiraz aksiyalarında iştiraka görə cərimələrin məbləği kəskin şəkildə artarılıb, həbs müddəti də uzadılıb.
Seçki ilində REAL Hərəkatının sədri Ilqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, “NIDA” Vətəndaş Hərəkatından Bəxtiyar Quliyev, Zaur Qurbanlı, Rəşadət Axundov, Şahin Novruzlu, Məmməd Əzizov, Rəşad Həsənov, Üzeyir Məmmədli həbs olunub. NIDA-nın üzvləri Azərbaycanda demokratik islahatlar, qanunun aliliyi və azad cəmiyyət qurulması uğrunda mübarizə aparırdılar. Gənc fəallar Turqut Qəmbər, Əbülfəz Qurbanlı və Ilkin Rüstəmzadə razılaşdırılmamış aksiyada iştirak etdiklərinə görə inzibati həbsdə olarkən zorla onların saçları qırxılmışdı. Ilkin Rüstəmzadə inzibati həbsdən buraxılandan iki gün sonra NIDA-çılarla bağlı cinayət işi üzrə həbs olundu. Ona qarşı “Harlem-Shake” videosuna görə ittiham irəli sürüldü”.

Seçkinin nəticələri bir gün əvvəldən yayılıb

Hesabatda ayrıca seçki bölümündə son illərdə Seçki Məcəlləsinə edilən mürtəce dəyişikliklərdən bəhs olunur. Bildirilir ki, prezident seçkisi üçün kampaniya müddəti 120 gündən 75 günə endirilib. Təbliğat-təşviqat müddəti isə cəmi 23 gün olub. Bu bölümdə Milli Şuranın yaradılması, bu qurumun fəxri sədri Rüstəm Ibrahimbəyov, prezidentliyə namizədi Cəmil Həsənlidən də söhbət açılır.
“Seçki kampaniyası dövründə namizədlərə qeyri-bərabər şərait yaradılması bütün proses boyu özünü göstərib. Ilham Əliyev debatlarda iştirak etməsə də, bütün televiziya kanalları onun fəaliyyətini çox geniş işıqlandırıb. Seçki kampaniyası dövründə də insan hüquq və azadlıqlarının məhdudlaşdırılması prosesi davam edib. Siyasi fəallara və jurnalistlərə qarşı təzyiqlər ara verməyib. Sentyabrın 22-də mitinqdən sonra AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, eləcə də dostları Ulvi Nuriyev və Coşqun Salahov saxta ittihamlarla 25-30 sutkalıq inzibati həbsə məhkum edilib. Cəmil Həsənlinin nümayəndəsi Oqtay Gülalıyevin oğlu Əli bıçaqlanıb. Səsvermədən bir gün əvvəl isə seçkinin nəticələri mobil telefonlar vasitəsilə yayılıb. Hakimiyyət nümayəndələri bunu texniki səhv kimi qələmə verməyə çalışıblar. Seçki günü yerli və beynəlxalq müşahidəçilər çoxlu sayda kobud qanun pozuntuları qeydə alıblar.

Oktyabrın 10-da – seçkinin ertəsi gün ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun müşahidə missiyasının keçirdiyi mətbuat konfransında Azərbaycandakı prezident seçkisi sərt şəkildə tənqid olundu, prosesin beynəlxalq standartlardan xeyli geri qaldığı vurğulandı.
ABŞ Dövlət Departamenti də öz bəyanatında Azərbaycandakı prezident seçkisinin beynəlxalq standartlardan uzaq olduğunu bəyan etmişdi”.

Beynəlxalq aləmə sanksiya çağırışı

Hesabatın sonunda beynəlxalq ictimaiyyətə, o cümlədən Avropa Birliyinə Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki acınacaqlı duruma diqqət yetirməyə çağırış öz əksini tapıb. Sənəd müəllifləri hesab edir ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin öhdəliklərə əməl etməsi üçün ona təzyiq göstərməlidir.
Eyni zamanda, Azərbaycan hakimiyyətinə də çağırış var. Hökumət problemlərin həlli üçün beynəlxalq aləmlə əməkdaşlığa çağırılır.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button