ArxivXəbər lentiXəbərlər

”Komissar Han İlham Əliyevi təzyiqlərə son qoymağa çağırmalıdır”

Beynəlxalq təşkilatlar Avropa Birliyinin rəsmisinə bəyanat ünvanladı

İyunun 16-da Avropa Birliyinin rəsmisi Bakıya səfəri zamanı prezident İlham Əliyevi haqsız yerə tutulan falları, jurnalistləri, hökumət tənqidçilərini azadlığa buraxmağa çağırmalıdır.

“Human Rights Watch” və “İnsan Haqları uğrunda Beynəlxalq Tərəfdaşlıq” hüquq-müdafiə təşkilatları Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Hana Bakı səfəri öncəsi çağırış ediblər.

Bəyanatı Azadlıq Radiosu yayıb.

Yohannes Han Azərbaycana noyabra planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq çərçivəsində gəlir. Bakıda komissar prezident Əliyevlə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

AB bu ilin fevralında Azərbaycanla yeni tərəfdaşlıq razılaşması üzrə danışıqlar başladıb.

Hər iki təşkilat hesab edir ki, Yohannes Han iyunun 16-da Azərbaycana səfərində ölkə rəhbəri İlham Əliyevi haqsız yerə tutulan falları, jurnalistləri, hökumət tənqidçilərini azadlığa buraxmağa çağırmalıdır.

“Bakıya səfəri zamanı AB-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han İlham Əliyevi həbsdən buraxılmış fəalların üzərindən məhdudiyyətləri götürməyə və fundamental azadlıqları ciddi əngəlləyən qanunlara islahatlar etməyə çağırmalıdır”,-deyə təşkilatların bəyanatında qeyd olunur.

Bəyanatda bu səfərdən bir gün öncə, iyunun 15-də Avropa Parlamentində qəbul olunan qətnamə xatırlanır və mayın 29-da Gürcüstanda azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və qanunsuz olaraq Azərbaycana aparılması pislənilir, eyni zamanda  siyasi motivlərlə saxlanmış digər fəalların azadlığa buraxılmasına çağrılır.

Təşkilatlar Azərbaycan hökumətinin son illər tənqidi jurnalistikanı, müstəqil ictimai fəaliyyəti ciddi məhdudlaşdırmasına diqqət çəkir. 2015-ci ilin noyabrından hakimiyyət siyasi motivlərlə saxlanmış 21 insan haqları fəalı, jurnalist və siyasi fəalı buraxıb:

“Ancaq hakimiyyət onlarla digər fəalı şübhəli ittihamlarla saxlayıb ki, bu da onların qanuni işlərini görmələrini əngəlləyib. Bu təzyiqlər son aylar yenidən intensivləşib”.

 Yohannes Han
Yohannes Han.

Bəyanatda son bir ayda Ə.Muxtarlıdan başqa, jurnalistlər Əziz Orucov və Nicat Əmiraslanov, eləcə də AXCP sədrinin müavini Gözəl Bayramlının saxlandığı vurğulanır. Öncə bloger Mehman Hüseynovun 2 illiyə məhkum olunduğu, REAL lideri İlqar Məmmədovunsa beynəlxalq çağırışlara baxmayaraq, həbsdə saxlandığı qeyd olunur.

“Ötən il məhbəsdən buraxılmış jurnalist Xədicə İsmayıla, hüquq müdafiəçisi İntiqam Əliyevə qarşı ittihamlar qüvvədə qalmaqdadır. Bəziləri siyasi təqiblərdən çəkinərək ölkədən qaçıb. Qeyri-hökumət təşkilatlarına xeyli bürokratik əngəllər isə qalır”,-bəyantad belə deyilir.

“Human Rights Watch”ın Cənubi Qafqaz üzrə direktoru Giorgi Qoqia bildirib ki, komissar Han prezident Əliyevlə görüşündə insan haqları məsələsini önə çəkməlidir. O, Əliyevə aydın şəkildə deməlidir ki, narazılara təzyiqlər dayanmadan onun ölkəsilə Avropa Birliyi arasında əsl tərəfdaşlıqdan söhbət gedə bilməz.

“İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq”ın direktoru Brigitte Düfour isə bildirib ki, komissar Han prezident Əliyevi inandırmalıdır ki, AB ilə yeni razılaşma üzrə danışıqların tempi, eləcə də AB-Azərbaycan münasibətlərinin keyfiyyəti Bakının beynəlxalq insan haqları öhdəliklərini necə yerinə yetirməsindən asılıdır:

“Avropa Parlamentinin çağırışlarının yerinə yetirilməsi – haqsız tutulmuş fəalların azadlığa buraxılması və repressiv qanunların dəyişdirilməsi bu yolda ilk addımlar olmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button