ArxivXəbər lentiXəbərlər

MÖVSÜM SƏMƏDOVLA BAĞLI QƏRAR QÜVVƏDƏ QALDI – YENİLƏNİB

Hakim Mirzəli Abbasov Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı; çoxsaylı AİP üzvləri, dindarlar etiraz aksiyası keçirdilər

 

Anar Qasımlı: «Mövsüm Səmədovun həbsi xüsusi sifariş əsasında həyata keçirildiyi kimi, cəza yerinin dəyişdirilməsi də sifarişlidir»

Bu gün saat 11:20-də Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Hacı Mövsüm Səmədovun işi üzrə apellyasiya məhkəməsi keçirilib.

 İslaminsesi.org-un verdiyi xəbərə görə, təyin olunmuş vaxtdan,təxminən, yarım saat sonra başlayan prosesdə xeyli sayda AİP üzvləri, partiyanın rəhbərliyi, qurumun bölgə təmsilçiləri, həmçinin ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Səmədovun vəkili Anar Qasımlı ilk olaraq çıxış etdi. Müdafiə etdiyi şəxsin 18 sentyabr 2014-cü ildə 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü xatırladan natiq müvəkkilinin üzərinə qoyulan ittihamın əsassız olduğunu bildirdi:

«M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsinə gətiriləndən sonra müəssisə rəhbəri onunla söhbət aparıldığını, qaydalarla tanış edildiyini, amma buna baxmayaraq, gələn gündən daxili qaydaları pozduğunu, ictimai faydalı əməklə məşğul olmadığını bildirir. Ancaq həmin ifadənin təmamilə məntiqsiz olduğu göz önündədir. Belə ki, M.Səmədov müəssisəyə köçürülən kimi, rəhbərlik tərəfindən onun barəsində xüsusi cəza tədbiri seçilib, əvvəl 5 gün müddətinə «kars»a salınıb, həmin müddət bitdikdən sonra daha 7 gün əlavə olunub. Belə olan halda «kars»a salınmış adam ictimai faydalı əməklə necə məşğul ola bilər? Yəni «kars» ictimai faydalı əməklə məşğul olunası yer deyil. Göründüyü kimi, müdəfiə etdiyim şəxsə qarşı qərəzli ittiham irəli sürülür».

Vəkil daha sonra M.Səmədovun mənfi xarakterli insan kimi təqdim edilməsi, məhbuslar arasında qızışdırıcı söhbətər aparması, dini qruplaşma yaratmağa cəhd göstərməsi, müəssisədə mövcud olan sabit şəraiti pozması ilə bağlı məsələyə də aydınlıq gətirdi. Və dedi ki, onun Qobustan həbsxanasına köçürülməsi üçün bu ittihamın da heç bir əsası yoxdur:

«Maraqlıdır, necə olur ki, mənfi xarakterli adam başqaları ilə bir yerə salınır? M.Səmədov «kars»da təkbaşına saxlandığı halda, qızışdırıcı söhbəti kiminlə apara bilər, dini qruplaşmanı necə yaradar?»

A.Qasımlı müvəkkilinin barəsində indiyə qədər 14 dəfə tənbeh tədbiri görüldüyünü bildirərək qeyd etdi ki, onun 11 saylı müəssisədən 12 saylı müəssisəyə köçürülməsi haqda bir vəkil kimi məlumatsız olub:

«Mənə bu haqda heç bir məlumat verilməmişdi. Həmin məlumatı sonradan yaxınları  vasitəsilə əldə etdim. Ona qarşı yönələn ittihamlardan biri də yataq yerini təmiz saxlamaması, keçirilən yığıncaqlara maneçilik törətməsi, tədbirlərdə icazəsiz ayağa qalxıb çıxış etməsi, səhər yoxlamasına gecikməsi ilə bağlıdır. Bunların da heç bir əsası yoxdur. M.Səmədovu tanıyanlar onun necə mənəviyyatlı, əxlaqlı, imanlı, ədalətsevər adam olduğunu yaxşı bilirlər. Başqa bir ittiham isə guya onun verilən sualları qeyri-səmimi cavablandırmasıdır. 11 saylı müəssisə rəhbərinin bu ittihamı da çox gülüncdür. Maraqlıdır, rəis onun səmimi olmadığını hardan bilir? Yəni bütün bunlar onu göstərir ki, istər 11, istərsə də 12 saylı müəssisədə M.Səmədova qarşı xüsusi qərəz olub və indi də var. Mən hesab edirəm ki, hətda bu tənbeh tədbirləri reallığa söykənsəydi belə, onun 2 il müddətinə cərimə təcridxanasından həbsxanaya köçürülməsinə əsas verə bilməzdi. Bu, qanunsuz bir hökmdür».

Rəhbərlik tərəfindən cəzaçəkmə qaydalarının kobud şəkildə pozulduğunu deyən vəkil hesab etdiyini bildirib ki, bütün bunlar M.Səmədovu əqidəsindən döndərmək məqsədi daşıyır:

«Onun həbsi xüsusi sifariş əsasında həyata keçirildiyi kimi, cəza yerinin dəyişdirilməsi də sifarişlidir. M.Səmədovun işi hazırda Avropa İnsan Haqlırı Məhkəməsində icraatdadır. Vicdan azadlığı sahəsindəki fəaliyyətinə görə həbs olunduğu üçün onun adı siyasi məhbuslar siyahısındadır. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin 2 il müddətinə Qobustan həbsxanasına köçürülməsi ilə əlaqədar 9 oktyabr 2014-cü il tarixli səhvini Apellyasiya Məhkəməsində düzəltmək mümkündür».

Daha sonra 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbəri çıxış edərək, M.Səmədovla bağlı ittihamlar səsləndirdi. Onun çıxışı həm vəkil A.Qasımlı, ittiham olunan M.Səmədov, həm də məhkəmə prosesində iştirak edən dindarlar, AİP üzvləri tərəfindən etirazla qarşılandı.

İştirakçıların «Allahu Əkbər!» sədaları məhkəmə salonunu bürüdü. Etiraz dolu səs-küy məhkəmə sədrinin fikirləri və onun hökmlə bağlı qərarı ilə əlaqədar qeyri-müəyyənlik yaratdı. Hakim zalı tərk etdi. Nəzarətçilərdən biri prosesin təxirə salındığını bildirsə də, sonradan əvvəlki məhkəmə qərarının – Mövsüm Səmədovun 2 il müddətinə Qobustan həbsxanasına köçürülməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlandığı barədə məlumat verildi.

Bundan sonra xeyli dindar Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirdi, müxtəlif şüarlar səsləndirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button