ArxivMüsahibəXəbər lentiXəbərlər

Britaniyada yaşayan azərbaycanlı jurnalist: “Koronavirus Avropada çox kədərli səhnələr yaradıb” – MÜSAHİBƏ

Zülfüqar Rüfətoğlu: “Ölüm adiləşib, indi ölümə statistika kimi baxmağa adət etmişik”


Modern.az 
saytı  xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Böyük Britaniyada yaşayan Zülfüqar Rüfətoğludur.

Arayış: Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetində təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə “Azərbaycan qadını” jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə isə “Sovet kəndi” qəzetində, 1987-ci ildən isə “Kommunist” qəzetində fəaliyyət göstərib. “Kommunist” qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan “Səhər” qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində çalışıb. 1990-cı ildə “Kommunist” qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında “Şirbalanın məhəbbəti filminin ssenarisini yazıb. 1985-1994-cü illər arasında bir çox mahnının sözlərini bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. 1989-cu ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
1993-cü ildə “Röyter” agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC-nin Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət “Atəşkəs kölgəsində” radiooçerklər silsiləsi yaranıb. 2000-2011-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada “Çətin sual”, “Sənin səsin” adlı həftəlik proqramları yaradıb. 2014-cü ildən bəri müstəqil jurnalist kimi fəaliyyət göstərir.

 

Hazırda dünyada əsas gündəm mövzusu koronavirus pandemiyası oduğundan müsahibimizlə söhbəti də elə bu istiqamətdə qurduq.

 

– Zülfüqar bəy, hazırda nə işlə məşğulsunuz, evdə qalmaq çətin deyil ki?

– Həmişəki işimlə məşğulam. Yazıram. Yazdığımdan çox oxuyuram. Məncə ümumiyyətlə yazmaqdan çox oxumağa adət etmək lazımdır.


– Bir ara səhhətinizdə problemlər var idi, indi özünüzü necə hiss edirsiniz? Hər şey qaydasındadırmı?

– 2014-cü ildə ağır xəstəlik keçirdim. Üç həftə komada oldum. Ondan sonrakı 3-4 il sağlamlığın az-çox bərpa olunmasına getdi. Xəstəlik həyatımda çox şeyi dəyişdi – adi vərdişlərdən insanlara, həyata münasibətədək.


– Bütün dünya üçün karantin rejiminə əməl etmək çətin oldu. Siz hazırda Böyük Britaniyada yaşayırsınız. Müşahidələriniz nə göstərir, ingilislər karantin qaydalarına əməl edə bilirmi?

– İngilis xalqı üçün də karantinə alışmaq çətindir. Xüsusən cavanlar üçün. Baharın gəldiyi, havaların və dünyanın gözəlləşdiyi bir vaxtda dörd divar arası çox çətin məkandır. Londonla Bakının bu mənada əsas fərqi burada evlərin az qala 90 faizinin Bakı terminologiyası ilə desək, “həyət evi” olmasıdır. Bu, həmin o “həbsxananın” sahəsini bir az artırır. Vısotski şeirlərindən birində öz evini “üçotaqlı həbsxana” adlandırmışdı. Demək olar indi hamımız bu “həbsxana”nın  məhbusu olduq və olmaqdayıq.


– Koronavirus dövründə heç ağlınıza yeni satirik novella-səhnəcikləri gəldimi?

– Yox. Koronavirus xüsusilə Avropada çox kədərli səhnələr yaradıb. Nəhəng tarixi şəhərlərin gur küçələri bomboş qalıb. Hardasa insanlar öz yaxınlarından aralıda, təklikdə, xəstəxana palatalarında ölümlə əlləşir. Ölüm adiləşib. İndi ölümə statistika kimi baxmağa adət etmişik. London telekanallarından birində koronavirus xəstəsindən müsahibə alırdılar. Qadın elə hey “mən statistika olmaq istəmirəm” deyib inildəyirdi.


– Keçək siyasətə. Britaniyanın baş naziri Boris Consonun virusdan sağaldıqdan sonra ilk telefon danışığı ABŞ prezidenti Trampla oldu. Bu demək olar ki, bütün dünya mediasında müxtəlif suallar yaratdı. Sizcə, Conson  niyə ilk olaraq məhz ABŞ prezidenti ilə danışdı?

– Türkiyə Azərbaycan üçün nədirsə, ABŞ da İngiltərə üçün odur. Bir var müttəfiq, bir də var müttəfiqdən də yaxın. Mən hərdən bu iki xalqı əmiuşağı adlandırıram. Buna görə də Consonun telefon zəngində qəribə heç nə yoxdur. Bu həmişə belə olub. ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zenlandiya arasındakı ittifaq NATO-da, Avropa İttifaqında olduğundan daha güclüdür. Qeyd etdiyim ölələrdə həm də eyni dildə danışırlar.


– Sizcə koronavirusla mübarizədən üzüağ çıxan və çıxa biləcək Avropa ölkəsi hansıdır?

– Məncə heç biri. Virusun bir az həlim rəftar etdiyi ölkələr var. Turizmdə hansı ölkələr daha məşhur idisə, koronavirus onları daha sərt vurdu – İtaliya, İspaniya, Fransa… Bu pandemiya bütün dövlətlərin ilk növbədə başçılarına dərs keçdi. Mən koronavirus haqqında, dostum Elçin Şıxlının “Ayna” qəzetində çox böyük məqalə yazmışam. Orda da qeyd etmişəm. Tarixin məncə heç bir dövründə eyni vaxtda hakimiyyətlərdə bu qədər səriştəsiz, savadsız, zülmkar, özünəməftun insanlar olmayıb. Əsas dərs onlar üçündür. Görək heç olmasa bu dərsi öyrənəcəklərmi? Onsuz da bunların əksəriyyəti heç məktəbdə də düz-əməlli oxumayıb. Siyasi terminologiya ilə bunlara populist deyirlər. Yəni xalqlara mümkün olmayanı vəd edib, seçiləndən sonra heç nə verməyə qadir olmayanları belə adlandırırlar. Amma koronavirus onu da isbat elədi ki, qadınlar kişilərdən daha dəyanətli və daha qeyrətli çıxdılar. İlk növbədə Almaniya kansleri Angela Merkeli nəzərdə tuturam. Başqa liderlərin əlinə pandemiyada insan azadlıqlarını, insan haqlarını bir az da əzmək üçün sanki girəvə keçmişdi. Amma xanım Merkel epidemiyanın lap əvvəlində çıxış etdi. Xalqdan üzr istədi ki, “karantin məhrumiyyətlərinə getməyə məcburuq, amma bu bizim demokratiya, insanlıq və azadlıq dəyərlərimizin üstündən xətt çəkməməlidir”. Bu əsl dövlət adamının mövqeyi idi.


– Facebook paylaşımlarınızdan birində qeyd etmisiniz ki, Azərbaycanı bu və ya digər şəkildə Rusiyanın boyunduruğu altında görmək istəyənləri bloklayacaqsınız. Lütfən, səbəbini də deyərdiniz?

– Keçmiş SSRİ-yə heç bir xiffətim yoxdur. Putindən fərqli olaraq düşünürəm ki, onun dağılması faciə yox, səadət idi. Azərbaycanı başqa necə azad və müstəqil görmək olardı? Mənim xoşlamadığım nüans, Rusiyanın indiki hökuməti, onun  siyasətidir. Rusiya bircə qonşusunu da yola vermir. Keçmiş respublikaların müstəqilliyinə əngəl törədir. Mən rus ədəbiyyatını, xüsusən rus şeirini sevirəm. Blokdan, Koçetkovdan, Şpalikovdan, Vısotskidən tərcümələr etmişəm. Yəni rus xalqına və onun ədəbiyyatına hörmətim çoxdur. Amma axı pis hökumət bəzən ədalətsizcəsinə ədəbiyyatı da gözdən salır. Bir holland tərcüməçi var, Hans Boland. Rus ədəbiyyatından tərcümələr edib. Putin ona “Puşkin ordeni” vermək üçün Moskvaya dəvət etmişdi. Amma tərcüməçi imtina etmişdi və demişdi ki, “mən hətta Puşkinin xətrinə də təcavüzkar siyasət yürüdənlə yanaşı dayana bilmərəm”. Loru dildə bu, “Puşkin də başınıza dəysin deməkdir…”.
Qaldı ki, Rusiya boyunduruğu məsələsinə təəssüf ki, onu istəyənlər var. Əgər vətən anadırsa, onun namusunu başqasına həvalə etmək istəyənlərin Azərbaycan folklor lüğətində konkret adı var. Belələri heç olmasa susanda, eşitməzliyə, görməzliyə vurmaq olur. Amma meydan sulayanda gərək gücün çatanı edəsən. Mark müəllim də müasir insana bu imkanı verib.


– İngiltərə mətbuatının iş prinsiplərindən danışmanızı istərdik. Hazırda İngiltərə mediası necə işləyir?

– İngiltərə mediası həmişə olduğu kimi, çox rəngarəng, mümkün qədər obyektiv, ictimai marağa hədəflənmiş şəkildə işləyir. Baş nazir Conson hətta reanimasiyada olanda da ona tuşlanmış tənqidlər dayanmırdı. Onu səriştəsizlikdə, məsuliyyətsizlikdə ittiham edirdilər. Hətta xəstələnməsini də bu məsuliyyətsizliyin nəticəsi kimi qiymətləndirirdilər. Mətbuat xəstələndiyinə görə ona orden vermək niyyətində deyildi. Mətbuat üçün ən əsas olan ictimai marağa xidmət etməkdir. Britaniya mətbuatı bunun öhdəsindən yaxşı gəlir. Adi bir məsələni bildirim. Burada hökumət epidemiyadan ziyan çəkən şirkətlər üçün yardım fondu ayırıb. Bütün şirkətlər üçün. Məşhur futbolçu Devid Bekhemin arvadı Viktoriyanın da alt paltarı firması var. Mətbuat ona irad tutmuşdu ki, bu qadın şəxsi hesabında 400 milyon funt sterlinq ola-ola, niyə 5-6 işçisinə maaş vermək üçün dövlət yardımına baş vurub? Yəni cinayət-filan etməmişdi. Mətbuat elə belə də yazırdı: “Bu cinayət deyil, amma etikasız hərəkətdir”.


– Yaxşı, bəs kənardan müşahidə edən bir jurnalist kimi, Azərbaycan mətbuatının pandemiya dövründəki fəaliyyəti sizi qane edirmi?

– Azərbaycan mediasının meydanı çox dardır. Bir vaxtlar Bakıda qəzet köşklərinə növbələr uzanardı. İndi demək olar heç qəzet çıxmır. Bu hamı üçün, elə hökumət üçün də pisdir. Bəli, mətbuat kütləvi olanda, savadlılıq da kütləvi idi. İndi savadsızlıq meydan sulayır. Adamlar sözlərin heç olmasa necə yazılmasını mətbuatdan öyrənirdilər. İndi bəzi yazıları oxuyanda hansı dildə yazıldığını başa düşmürsən. Çox nadir hallarda ərk edib irad tutanda, tənqid qəbul olunmur. Elə mənim özümə bəzən “ürəyim belə istəyir, dilimə belə yatır, belə yazıram” cavabını verənlər olub. Yaxşı ki, bloqla məqaləyə, blogerlə jurnalistə hər yerdə fərq qoyulur. Bloger yazandır, jurnalist deyil. Doğrudur, çox yaxşı bloq yazanlar da var. Əslində elə kim yaxşı jurnalistdirsə, o elə yaxşı da blogerdir. Sosial medialar bütün dünyada bu məsələyə münasibəti dəyişib. Əvvəllər yazan az, oxuyan çox idi. İndi hamı yazır. Bəzən heç öz yazdığını da oxumur.


– Avropada yaşamaq bir jurnalist kimi sizdə hansı xüsusiyyətləri formalaşdırıb, yəni başqa ölkədə yaşamaq işinizə necə təsir etdi?

– Mən 1994-cü ildə BBC-nin Azərbaycan xidmətində işə başlayanda ölkədə qəzetçi kimi kifayət qədər tanınırdım. Amma BBC mənə radio jurnalistikasını öyrətdi. Həm də geniş mənada əsl jurnalistikanın prinsiplərini öyrətdi. Bu jurnalistikada qərəz (əgər kommersiya marağı yoxdursa) demək olar yoxdur. Əsas olanı isə hüsn-rəğbət yox, həqiqətdir. Azərbaycanda işləyəndə hardasa belə bir ifadə oxumuşdum: “Məni faktlar yox, həqiqət maraqlandırır”. Bu ifadə çox xoşuma gəlmişdi. Amma sonralar başa düşdüm ki, bu qətiyyən düzgün yanaşma deyil. Jurnalistika faktdan keçir. Amma Qərb jurnalistikası mənə jurnalistikanın bir sıra, biclik deməzdim, amma fəndlərini öyrətdi. Bu, çox mühümdür. Britaniyada da mətbuat qanunları, Amerikadan fərqli olaraq və Azərbaycanda olduğu kimi çox amansızdır. Böhtana görə həbsxanaya düşmək olar. Ona görə də “filan nazir rüşvətxordur” yaza bilməzsən. Deyə bilməzsən ki, onun rüşvətxor olduğunu bütün aləm bilir. Bütün aləmi məhkəməyə çəkməzlər, amma yazan adamı çəkərlər. Belə hallarda Qərb jurnalisti adətən yazır. “Filan nazir 5 milyon dollarlıq malikanəyə köçüb. Amma maaşı ildə 100 min funt sterlinqdir”. Rüşvətxor sözünü işlətmirsən, ittiham etmirsən… Amma oxuyan oxuyur. Jurnalist üçün də, xüsusən indi, az qala bütün dünyanı ədalətsizliyin basdığı bir vaxtda adamların onu oxuması mühümdür. Çünki doğrudan da adamlar kimin kim olduğunu yaxşı bilir.


– Koronavirus dövründə jurnalistlərin işində hansı dəyişikliklər oldu, mətbuat nümayəndələrində nə kimi xüsusiyyətlər formalaşdı?

– Bu hadisə jurnalistlər üçün də yeni bir sınaq idi. Elə həkimlərin özləri üçün də. Münaqişə bölgələrindən, təbii fəlakət yerlərindən reportaj verən jurnalistlərin müəyyən psixoloji təcrübəsi var idi. Amma koronavirus pandemiyası daha fərqli bir fəlakətdir. Məncə onun jurnalistikaya və elə tibbə də nə verdiyini sonralar təhlil edəcəyik.


– Sizcə, post-pandemiya dövründə insanları nə gözləyir. Yəni bəziləri düşünür ki, daha təmiz dünya formalaşacaq, bəziləri deyir ki, toplum arasınakı səmimiyyət itəcək. Bəziləri də ailə dəyərlərinin daha da qiymətə minəcəyini düşünür. Siz bu məsələ ilə bağlı nə fikirdəsiniz?

– Dünya dəyişəcək. Dünya daha əvvəlki dünya olmayacaq. İnsanlar adi əl yumaqdan tutmuş, yaxınlarının qədrini bilməkdən onları itirmək acısınadək çox sınaqdan keçiblər. Mən çox ağır xəstə olduğum vaxtlarda ən çox düşündüyüm, peşmançılığını çəkdiyim bir məsələ vardı: niyə yoldaşımla mümkün olduğu qədər çox söhbət eləmədim, danışmadım, onu dilnləmədim. Teatra gedək dedi, işim çoxdur söylədim. O isə bütün xəstəliyim boyu reanimasiyanın qapısında gecələmişdi. Yəni bunu misal kimi çəkirəm ki, koronavirus çox adamlara belə dram yaşatdı.


– Azərbaycan üçün darıxırsınız? Nə vaxt vətənə qayıtmağı düşünürsünüz?

– Azərbaycan üçün, Bakı üçün həmişə darıxıram. Övlad anası üçün darıxmazmı? Bugünlərdə dostum və həmkarım Rauf Mirqədirova bir şeir yazmışdım. Orda belə misralar vardı: –

Ağlama tənhalığa,
Yanma vətənsizliyə,
Gülümsə ki, vətən də
Alışıb sənsizliyə…


– Böyük Britaniyadan başqa Avropa ölkəsinə köçmək haqqında düşünmüsünüz? Düşünmüsünüzsə, bu ölkə hansıdır və niyə?

– Böyük Britaniyadan köçmək fikrim olmayıb. Amma Şotlandiyada yaşamaq keçib ürəyimdən. Orda, dağlarda insanlar daha səmimi, daha qayğıkeş, daha müdrikdirlər. Azadlığın qədrini daha yaxşı bilirlər dağ insanları.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button