Cozep Borrell Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında çıxış edərək deyib: “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.
Onun sözlərinə görə, Aİ üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır.
Bu arada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cozep Borrellin səsləndirdiyi iddiaları rədd edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib: “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.
O qeyd edib ki, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır.
Ayxan Hacızadə sonda qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq.