ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bizim üçün hüquq önəmlidir!

Ötən əsrin 60-cı illərində Portuqaliyaya rəhbərlik edən Ameriku Tomaş ölkədə ağır repressiv mühit yaratmışdı.

Diktatura rejimi əsas insan və vətəndaş hüquq və azadlıqlarını rədd edirdi.
Hətta “azadlıq” sözünü belə dilə gətirmək yasaq edilmişdi.
Belə bir şəraitdə Lissabondakı bir kafedə “azadlıq” sözünü işlətməyi qadağan etmiş diktatura rejimi iki tələbə tərəfindən pislənilmiş, azadlığın şərəfinə badə qaldırılmışdı.
Polis xəbər tutmuşdu, gənc dissidentlər “ifşa edilmişdilər”.
Hər iki tələbə 7 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Həmin zaman yəhudi mənşəli ingilis vəkil, “Amnesty İnternational” beynəlxalq hüquq- müdafiə təşkilatının yaradıcısı Peter Benenson “The Observer” qəzetində “Unudulmuş məhbuslar” məqaləsi ilə çıxış etmişdi və ilk dəfə olaraq “vicdan məhbusu” ifadəsini işlətmişdi: “İstənilən bir günə aid qəzetinizi hansısa səhifəsindən açın, dünyanın hansısa bir bucağından gələn, belə bir xəbər oxuyacaqsınız: Bir nəfər həbs edilmişdir, bir nəfərə işgəncə verilmişdir, bir nəfər asılmışdır, səbəb isə budur: onun görüşləri və dini qənaətləri hakimiyyətinki ilə üst-üstə düşməmişdir”.
Vicdan məhbusu siyasi, dini və ya digər əqidəsinə, habelə etnik mənşəyinə, cinsinə, irqinə, dilinə, milli və sosial mənşəyinə görə azadlıqdan məhrumetmə və ya başqa şəkildə azadlığı məhdudlaşdırılan şəxs kimi müəyyən edilir.
Təsadüfi deyil ki, hələ 2016-cı ilin yanvarında Norveçin dini azadlıqlara dəstək təşkilatı olan “Forum 18» MBH-nın sədri Taleh Bağırzadəni vicdan məhbusu elan edib.
O da tədadüfi deyil ki, 2017-ci ilin yanvarında “Amnesty İnternational” (Beynəlxalq Əfv) 20 il müddətinə azadlıqdan məhrum edilmiş Taleh Bağırzadəyə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu göstərib və Azərbaycan hökumətini işgəncə faktlarını araşdırmağa çağırıb: “İşgəncə altında alınan ifadələr sübut kimi qəbul oluna bilməz və həmin şəxslər azad edilməlidir”.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatarının çağırışlarına uyğun olaraq, nəinki məhkəmə və hüquq mühafizə orqanları tərəfindən obyektiv araşdırmalar aparılıb, əksinə qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış, işgəncə davam etdirilib-fiziki və mənəvi mənada.
14-cü gündür ki, Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə əqidədaşları ilə birlikdə dindarlara qarşı olmazın işgəncələr tətbiq edən, İslam müqəddəslərini, dini inancları aşağılayan şəxslərin dairəsinin müəyyənləşdirilib, məsuliyyət məsələsinin həll olunmasını tələb edirlər.
Haqlıdırlar.
Çünki həm Konstitusiya, həm də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiya və bəyannamələrdə təbii haqlardan biri kimi vicdan azadlığı təsbit edilib: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
Mən “Müdafiə Xətti”nin həmtəsisçilərindən biri kimi MBH-nın sədri Taleh Bağırzadənin təqsirsiz olduğuna inanıram, cinayət qanunvericiliyi ilə cəza təhdidi altına alınmalı olan hər hansı hərəkət, ya da hərəkətsizliyə yol verdiyinə inanmıram.
Şəksiz, bizim siyasi-dini görüş dairəmizdə hansısa ziddiyyətlər ola bilər, amma əqidələrə, inanclara hörmət eləmək vəzifəmizdir-təbii, əgər təşviq edilən dini-siyasi müddəlar qanuna və hüquqa zidd deyilsə.
Bəzi dostlar, vətəndaşlar məni qınayırlar ki, “sən “İran “agentini”, “vətən xainini” müdafiə edirsən, Azərbaycanın maraqlarının qayğısına qalmırsan”.
Hətta hər nə qədər gülünc və absurd səslənsə də, “Müdafiə Xətti”ni İran İslam Respublikasının xüsusi xidmət orqanlarına bağlayanlar da var.
Bunları burada göstərsəm də, ciddiyə almıram.
Qoy yazsınlar, danışsınlar.
Bizim üçün hüquq önəmlidir!
Təkrarçılıqda fayda var: Taleh Bağırzadənin və əqidədaşlarının tam saxta və qərəzli əsaslarla keçirilən məhkəmə proseslərində belə “casusluq”, dövlətə xəyanət” ittihamı olmayıb, ya da sübuta yetrilməyib.
Prokurorluq və xüsusi xidmət orqanları buna çox çalışıb, amma ortaya bir fakt çıxara bilməyib.
Odur ki, hökuməti günlərdir ki, aclıq aksiyası keçirən inanclı şəxslərin tələblərinə baxmağa, ən azı dinləməyə çağırıram və ümumiyyətlə, vicdan məhbusu olduqlarına görə azadlıq hüquqlarının tanınmasını tələb edirəm.
Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət modelini təşviq edirəm, insan hüquq və azadlıqlarına, eləcə də vicdan azadlığına ehtiram ruhunda rəsmi siyasət yürüdülməsini tələb edirəm.
Rüfət Səfərov.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button