ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Beyləqan işgəncələri”: Ayaqlarını itirən zabit məruz qaldığı işgəncələrdən danışır

2017-ci ilin may-iyun aylarında Tərtərlə eyni vaxtda Beyləqanda da hərbçilərə qarşı baş vermiş işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Bu işgəncələrə görə 5 nəfər mühakimə olunur ki, onların arasında bir nəfər ordu generalı da var. Söhbət həmin hadisələr zamanı II Ordu korpusunun qərargah rəisi olmuş, həbs olunarkən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdan gedir.  Digərləri isə həmin korpusun mayoru İntiham Məmmədov, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş Rahib Məmmədov, Ülvi Rəşidov və Ziya Kazımovdur.
Beyləqan işgəncələri də “Tərtər işi” çərçivəsində araşdırılıb. Lakin sonradan Beyləqan hadisələrində ittiham olunan 5 nəfərin işi ayrılaraq, bir qrup şəklində məhkəməyə göndərilib. Tərtər hadisələrində ittiham olunanların işi də bir neçə qrupa bölünərək, hissə-hissə məhkəməyə göndərilir. Birinci qrupa 4 nəfər daxildir ki, onların məhkəməsi təxminən iki aydır davam edir. Bu qrupda biri hərbi hissə komandiri olmaqla, iki polkovnik də var.
Bu işlərin hamısını Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Amma məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Beyləqan hadisələri üzrə 63 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin hadisələr zamanı bir nəfər həyatını itirib. Cinayət işinin materiallarında iddia olunur ki, leytenant Adil Sabirlinin işgəncələr nəticəsində dalağı partlayıb. O, çoxlu qan itirdiyinə görə vəfat edib.
Hazırda məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Budəfəki məhkəmə iclasında ifadə verən zərərçəkmiş Vurğun Əbilov bildirib ki, hazırda bədənində 400-dən artıq qəlpə var. O, mina partlayışı nəticəsində ayaqlarını itirib.
2017-ci ilin mayında həmlə taborunda maddi-texniki təminat məsələləri üzrə müavin olduğunu deyən Vurğun Əbilov məhkəmədə həmin dövrdə məruz qaldığı işgəncələrdən danışıb. Onun sözlərinə görə, həmin dövrdə komandir Ramin Əliyevlə münasibətləri yaxşı olmayıb. İşgəncə yerinə telefonoqram vasitəsilə çağırılsa da, hesab edir ki, Ramin Əliyevin ona qarşı qərəzli münasibəti də adının bu siyahıya daxil edilməsində rol oynayıb.
“Ümumiyyətlə, onun tabeliyindəki heç kimlə münasibəti yaxşı olmayıb. Məni də qərəzli şəkildə göndərmişdi”, – Vurğun Əbilov bildirib.
Zərərçəkmiş deyir ki, ora çatanda çoxlu sayda hərbçilərin toplandığını görüb. Həmin hərbçilərin ayaqqabı iplərini, başqa şəxsi əşyalarını çıxartdırıb alıblar:
İntiqam Məmmədov (təqsirləndirilən şəxslərdən biri-red.) və baş leytenant Ağayev məni pol ağacı yoğunluğunda taxta ilə döydülər. Əmim də hərbçi idi. İntiqam Məmmədov Şəmkir korpusunda əmimlə işləmişdi. Mənə dedi ki, əmin də, sən də vətən xainisiz. Taxta ilə kürəyimdən vurub yerə yıxdı. Yerdə də vurdu. Guya mən bölük komandiri olan vaxtda zabitlərimiz düşmən tərəfə gedib. Belə şey olmamışdı”.
Vurğun Əbilov bildirib ki, üç gün işgəncələrə məruz qalıb. Bu müddətdə gözləri bağlı olub. Orada işgəncəyə məruz qalan başqa hərbçilərin qışqırıq, ağlaşma səslərini eşidib. İşgəncə verənlərin özləri də maskalılar olub.
Üç gün sonra oradan çıxarıldığını deyən zərərçəkmişin sözlərinə görə, gözübağlı vəziyyətdə başqa bir yerə gətirilib. Sonradan bilib ki, Biləcəriyə – hərbi polisə gətirilib. Ona intizamsızlıq adıyla 10 sutka cəza verilib.
Vurğun Əbilov əlavə edib ki, fiziki işgəncələrə məruz qalmaqdan əlavə, həm də ailəsi ilə təhdid edilib:
 “İntiqam Məmmədov baş leytenant Ağayevə dedi ki, boynuna almırsa, ailəsini, uşağını gətirin, nə varsa, danışacaq”.
Təqsirləndirilən İntiqam Məmmədov Vurğun Əbilova bir neçə sual versə də, öz ünvanına səslənən ittihamları təkzib etməyib.
Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm”
Beyləqanda o dövrdə müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Müseyib Tanrıverdiyev də zərərçəkmiş qismində ifadə verib. O, həmin vaxt manqa komandiri kimi postda xidmət edirmiş. Deyir ki, xidmət etdiyi postda əl qumbarası tapılıb. Dərhal bu barədə tabora məruzə eləyib.
Posta korpusun qərargah rəisi Bəkir Orucov gəldi. Soruşdu ki, bu qumbaranı ora kim qoyub? Məni təhqir elədi, yumruqla vurdu. Qumbaranı da neytral əraziyə atıb partlatdı. Məni briqadaya düşürtdülər. Gözlərimi, əllərimi bağlayıb, günlərlə işgəncə verdilər. Məni korpus komandiri Mais Bərxudarov çağırtdırmışdı. Ona da nə vardısa, elə də danışmışdım”.
Müseyib Tanrıverdiyev bildirib ki, general Bəkir Orucov onu vurduğuna görə ondan şikayətçidir. O, həm də Mais Bərxudarovdan şikayətçi olduğunu deyir:
“İstintaqda Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm. Bilmirəm ki, yazıblar, yoxsa yox”.
Mais Bərxudarov. Foto: oxu.az
Müseyib Tanrıverdiyev də 2020-ci ildə 44 günlük müharibədə sağlamlığını itirib.
Daha bir zərərçəkmiş Kamil İbrahimov deyir ki, bir həftə işgəncəyə məruz qalıb. O bildirib ki, ona işgəncə verənlər göstərişləri həm də İntiqam Məmmədovdan alırdılar:
İntiqam Məmmədov işgəncələrə rəhbərlik edirdi. Düşmən əsirlərinə olunmayan işgəncələr olunub bizə. O müddətdə Mais Bərxudarovun da ora gəlib-getdiyini görmüşəm. O, gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi”.
Onun sözlərinə görə, İntiqam Məmmədovun əmri ilə ətrafdakılar gözlərini bağlayıb, onu soyundurub, alt paltarında üzü divara saxlayıb, döyməyə başlayıblar:
“İntiqam deyirdi ki, yuxarıların tapşırığı var, onu icra edirik, məcburuq bu işgəncələri verməyə. Amma kimin tapşırığını icra etdiklərini demirdi. Biz də insanıq, yerdən çıxmamışdıq, ailəmiz, qohumlarımız vardı. Bu elə belə məhkəmədir, siz bizim başımıza gətirdiklərinizə görə Allahın məhkəməsində nə cavab verəcəksiz? Bizim bugünkü vəziyyətimiz 2017-ci ildə başımıza gətirilənlərə görədir”.
Beyləqan hadisələrilə bağlı məhkəmə prosesi mayın 4-də davam edəcək.
Təqsirləndirilən şəxslərə qarşı işgəncə vermə, qəsdən bədənə ağır xəsarət yetirmə, qanunsuz azadlıqdan məhrumetmə və başqa ittihamlar irəli sürülüb. Lakin onların heç biri özünü təqsirli bilmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button