Islam

zülm

Gəlin əvvəlcə zülm.zalım.məzlum sözlərinin həqiqətinə varaq Eyni kökdən olan bu üç kəlmənin mənasını anlamaq üçün bəzən əqli elmlərdə, yaxud riyaziyyatda mövcud üsuldan istifadə edək. Yəni, zülm kəlməsinin ziddi olan ədl kəlməsinin tərifini verək və bununla da zülmün mənası aydın olsun. Əmiəlmuminin Əlinin (ə) ədlə verdiyi təriflərdən biri budur:- hər bir şeyi özünə məxsus yerdə qərar vermək ədalətdir. Deməli, zülm bir şeyi onun yerində qərar verməməkdir. Zalım bu qanunu pozandır, amma məzlum kəlməsi haqqında bəhsə ehtiyac var. Bəziləri zəlil və məzlum kəlmələrinin mənasını qarışıq salırlar. Məzlum odur ki, onun haqqında zülm olunur və o, imkan həddində müqavimət göstərir. O, təhqir oluna, döyülə, söyülə bilər, amma zülmlə barışmaq fikri onda yoxdur. Amma zəlil zülmü ürəyində qəbul edib, ona boyun əyəndir. Quranda və hədislərdə məzluma mükafat, zəlilə isə cəhənnəm vəd olunub. Həzrət Əli həm zalımın və həm bu zülmü qəbul edənin hər ikisinin cəhənnəmdə olduğunu deyir. Ondan soruşurlar ki, zalım məlumdur ki, cəhənnəmə niyə gedər, bəs, zülmü qəbul edən niyə? Həzrət buyurur ki, o zülmü qəbul edib, razılaşdığına görə.
2. İnsanın Allaha zülm etməsi deyə bir şey var. Allaha zülm etmək hansı mənaya gəlir?
Bəli, insanın ilahi qanunları pozması onun Alah haqqında etdiyi zülmüdür. Allahın yaratdıqlarına zülm Allaha olunan zülmdür. Insanları düz yoldan azdırmaq, onu Qərbə və ya Şərqə, onların ixrac etdiyi fikri məktəbə qul etmək cəhdi Allaha olunan zülmdür. Möminlərə istehza etmək Allaha zülmdür. Allaha sui-zənn etmək də bu qəbildəndir. Əlbəttə, bu geniş mənadadır və deməli, hər bir günah Allaha zülmdür. Çünki, beləliklə, insan bir növ ilahi qanunları dəyərsiz, onları təyin edən Allahı isə elmdə, hikmətdə, qüdrətdə və s. naqis sayır.
3. İnsanın özünə zülm etməsi daha pisdir , yoxsa Allaha və ya camaata
Insanın özünə zülm etməsi nəfsinə zülm etməsi mənasındadır. Yəni, Allahın təyin etdiyi mənəvi təkamül yolunda özünü ləngitməsi, yaxud dala atmasıdır. Allaha zülm məhdud mənada ona ubudiyyət haqqının layiqincə, yaxud əslən qaytarılmamasıdır. Amma camaata olunan zülm həm Allaha və həm də onun bəndələrinə olan zülmdür. Belə ki, həm ilahi qanunu pozur, həm də bəndələrə zülm edir. Böyük şəxsiyyətlər əgər “zülm edirəm” deyirlərsə bu birinci qism zülmdür və Allah onları tez bağışlayır. Ikinci qism zülmlər həm tövbə və həm də cübran istəyir. Amma üçüncü qismdən olan zülmü edənlər həm tövbə etməli, həm həmən şəxsin razılığını almalıdır. Bu çox ağır işdir. Allahın bu cür adamları bağışlamağı onların məzlumun razılığını almasına bağlıdır. Əlbəttə, bəzən insan elə fikirləşə bilər ki, özünə zülm edir, amma həqiqətdə Allaha və cəmiyyətə zülm edir. Məsələn, biri özünə qəsd edir. Ailəsi maddı və ruhi çətinliklərə düşür. Cəmiyyətdə də bu cinayətə olan tabu qırılır. Bu gün hicab qadağası üçüncü qism zülmlərdəndir və bu işi görənlər camaatdan üzr istəməli və tövbə də etməlidirlər. Əgər hamı onları bağışlasa onda ümid var ki, özləri üçün alışdırdıqları cəhənnəm odunu söndürə biliblər…

4. Zülmə göz yuman məzlum və ya qeyri bir insan, ümumiyyətlə, zülmə göz yummaq da zülm etmək mənasına gəlir. Zülmə göz yuman şəxsi zalim hesab etmək olarmı?
Quranın məntiqi budur ki, nə zülm et və nə zülmə tabe ol. İmam Sadiq (Ə) buyurur ki, zülm edən, zülmə kömək edən və bu zülmə razı olan hər üçü zülmdə şərikdirlər. Deməli, bu mənada hər üç qism zalımdır.
5. Zülm, küfr, şirk, fisq; bunlardan hansı daha Allah dərgahında pisdir?

Zülm kəlməsini yuxarıda dediyim tərif əsasında götürsək Allah yanında ən pis işdir. Çünki bu halda şirk (necə ki, Quran da bu məsələyə işarə edir), küfr, fisq zülmün növləridir. Küfr kəlməsini iki mənada başa düşmək olar. Əgər məqsəd Allahın özünə qarşıdırsa bu zülmün ən şiddətli növüdür. Əgər məqsəd nemətlərə qarşı küfdürsə bu mərtəbə baxımından bir az aşağıdır. Şirk də zülmün ən şiddətli növü olma baxımından əgər insan bu mənəvi xəstəliyə yoluxmuş halda dünyasını dəyişsə şübhəsiz ki, özünə əbədi od qazanmışdır. Fisq isə əgər adi qəbul olunmuş mənada başa düşülsə mərtəbə baxımından o birilərindən daha aşağıdır və zülmün nisbətən yüngül növüdür. Şəfaət bu cür adamlar haqqında mümkündür.
6. Kafir, fasiq, müşrik olanları da zalım hesab etmək olarmı?
Əvvəl biz baxmalıyıq ki, bu insanlar müstəzəfdirlərmi? Yəni onların yaşadığı ictimai, fikri, siyasi mühit səbəb olur ki, bu insanlar heç cür həqiqətə yol tapa bilmirlər, onda onların müəyyən qədər üzrü var. Bu haqda onların hamısının cəhənnəmə gedəcəyi haqqında fikir söyləməyə tələsmək olmaz. Amma əgər bu insanlar haqqı qəbul etmirlərsə, yaxud onu tapmağa səy etmirlərsə yuxarıdakı cavabımda onların zalım olduğuna aydınlıq gətirdim.

7. Zülmdən danışdıqda ədldən ədalətdən danışmamaq haqsızlıq olardı. Ədl, ədalət, bunlar nə deməkdir?
Bu suala birinci cavabımda aydınlıq gətidim.

8. Allah-Təala zülm edənləri Quranda necə hədələyir?
Zülm ən böyük günahlardan sayılır və Quranda 190 ayə zülmdən bəhs edir. Allah “və səyələmul-ləzinə zələmu əyyə munqələbin yənqəlibun” ayəsində zalımları hədələyir. Yəni, zülm edənlər tezliklə biləcəklər hara qayıdacaqlar. Yaxud, Şura surəsində Allah onlara şiddətli əzab vəd edir. Bi şiddətli əzab kəlməsini dildə demək rahatdır, amma təsəvürü mümkün deyil. Allaha pənah aparırıq…

9. Zülm haqqında danışırıq. Baxın, bu gün dünya məzlumları zalımlar əlindən fəryad edirlər. Dünya müsəlmanları birləşib bu məzlumları müdafiyə edə bilmirlərmi? Bu gün müsəlmanların məzlum duruma düşürülməsinin ən birinci günahkarı onların özlərini hesab etmək olarmı?
Müsəlmanların məzlum olmağının bir neçə səbəbi var. Onların rəhbərliklərinin düşmən qabağında zəlilliyi və fasiq olmaları ən mühüm səbəbdir. Çünki, Həzrət Əlinin (ə) dediyi kimi insanlar atalarından çox rəhbərlərindən örnək götürürlər. Sonrakı səbəb, müsəlmanların kifayət qədər bəsirətli olmaması, dostla düşməni ayıra bilməməsidir. Necə ola bilər müsəlman Allahı da sevə və mütləq şər mənbəyi olan, millətlər arasında təfriqə toxumunu səpən qaniçən İsraili də. Müsəlmanların birləşə bilməməsinə də səbəb budur. Bəzən isə böyük hədəfi unudaraq öz aralarında olan narazılıqları qabardırlar, bir sözlə hələ Rəsulullahdan (ə) və Əlidən (ə) səbr dərsini və dərdi İslam xatirinə qəlbdə daşımaq vərdişini əldə etməyiblər.

Orxan Məmmədov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button