ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bəxtiyar Hacıyev Müalicə Müəssisəsinə köçürülüb

Həbsdə yanvarın 9-dan aclıq edən ictimai fəal Bəxtiyar Hacıyev fevralın 10-da gecə saatlarında saxlandığı Bakı İstintaq Təcridxanasından aparılıb. Onun vəziyyəti çox ağırlaşdığına görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Meydan TV-yə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev köçürülərkən müdafiəçilərinə bu haqda məlumat verilməyib. Onlar baş verənlərdən fevralın 11-də səhər saatlarında xəbər tutublar.
“Müdafiə Xətti” insan hüquqlarını müdafiə təşkilatı Bəxtiyar Hacıyevin Müalicə Müəssisəsinə köçürülmə planı haqda məlumat aldıqlarını hələ fevralın 10-da xəbər vermişdi. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirmişdi ki, yanvarın 9-dan davam edən aclıq nəticəsində Bəxtiyar Hacıyevin durumu kəskin pisləşib. Lakin o, hansısa xəstəxanaya köçürülmə tələbini rədd edib, ya qanunsuz həbsdən çıxacağını, ya da aclığı sonadək davam edəcəyini deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, Bəxtiyar Hacıyevi zorla qidalandırmaq cəhdi fəciəyə gətirib çıxara bilər:
“Hökumət Bəxtiyar Hacıyevin həyat və sağlamlığının son dərəcə ağır mərhələyə qədəm qoyduğunun fərqindədir. Onun hər an komaya düşəcəyindən narahatdır. Ona görə də qərar verilib ki, Bəxtiyarı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə zorla köçürsünlər. Məcburi surətdə, yəni əllərini və ayaqlarını bağlayıb, zond  vasitəsilə qidalandırsınlar. Bütün ciddiyyətim və məsuliyyətimlə deyirəm, belə olacağı təqdirdə Bəxtiyar intihara əl atacaq və onun qanı qalacaq bu hökumətin üzərində…”.
Penitensiar Xidmət Bəxtiyar Hacıyevin köçürülməsi haqda heç bir məlumat verməyib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin yerdəyişməsi barədə yalnız onların ailə üzvlərinə məlumat verilir.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button