ArxivXəbər lentiXəbərlər

Ermənistan sülh prosesinə arxa çevirdi, müharibə ola bilərmi?

Elxan Şahinoğlu: “Ermənistanı danışıqlar masasına oturtmağa məcbur etmək üçün nəinki ikinci aprel döyüşlərinə, hətta total müharibəyə gedilməsi şərtdir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanda olarkən onlara bildirilib ki, Ermənistanın yeni hökumətinin proqramına bir qarış da olsun torpaq qaytarmamaq prinsipi əlavə olunub. Erməni KİV-i bu məlumatı dərc edərkən idarəetmə üzrə ekspert Arutyun Mesrobyanın dediklərinə istinad ediblər. Düşmən ölkənin mətbuatında geniş şərh olunan bu xəbərə görə, torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən sözsüz ki, Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri nəzərdə tutulub.

Bu məqam Ermənistan prezidenti Serj Sərkisyanın “konstruktiv danışıqlara hazırıq” sözlərinin sadəcə populist bəyanat və mövcud status-kvonun daha bir neçə il qorunub saxlanıması üçün vaxt udmaq planından ibarət olduğunu bir daha ortaya qoyur. Halbuki ermənilərin yazdığı kimi, Ermənistan heç nə qaytarmağa hazırlaşmır, baxmayaraq ki, diplomatlar hələ də danışıqlarda iştirak edir və sülh prinsiplərindən ibarət təkliflər irəli sürürlər. Həm də Ermənistan artıq “güzəştlərə hazırıq” kimi bəhanələrin arxasında gizlənmədən bir qarıs belə torpaq verilməyəcək deyir. Diplomatik dillə deyilsə, rəsmi İrəvan topu Bakıya atıb. Cavab vermək növbəsi isə rəsmi Bakıdadır.

Maraqlıdır, Azərbaycan hökumətinin cavabı ikinci aprel döyüşləri olacaqmı? Və yaxud İrəvanın güzəştə getməməsi total müharibəyə yol aça bilərmi?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, belə bir bəyanat gözlənilən idi: “Mən illər öncə də deyirdim ki, Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər danışıqlarla güzəştə getməyəcək . Yeganə variant hərbi yoldur. Ermənistanı danışıqlar masasına oturtmağa məcbur etmək üçün nəinki ikinci aprel döyüşlərinə, hətta total müharibəyə gedilməsi şərtdir”.

Siyasi ekspert Elxan Mehdiyev “Yeni Nəbz” əməkdaşının bu mövzuda verdiyi suala cavab olaraq bildirdi ki, “bir qarış torpaq belə…” söhbəti Ermənistan rəsmiləri deyil, ekspert tərəfindən söylənib: “Mənə mətbuat işçiləri zəng edib bu məsələyə münasibət bildirməyimi xahiş edirlər. Belə bir bəyanat rəsmilər tərəfindən səslənsə, bu artıq müharibəyə təhrik deməkdir. Bu halda Azərbaycan tərəfinin əməliyyatlara başlaması qaçılmazdır. Amma belə məsələdə risk etmək olmaz. Müharibə hər bir halda fəlakətdir. Öncə diplomatik kanallarla məsələ araşdırılmalı, bunun növbəti təxribat olub olmadığı aydınlaşdırılmalıdır”.

Ekspert “Ermənistanın nəinki güzəştlərə, hətta danışıqlara belə qəti surətdə hazır olmadığı halda, ATƏT-in Minsk Qrupu və həmsədrlərin fəaliyyətinə nəyə görə xitam verilmir” sualına “bu, təzə məsələ deyil, dəfələrlə qaldırılıb və nəticəsiz bitib”, – deyə cavab verdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button