ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan universitetləri dünya reytinqində niyə irəliləyə bilmir?

İlqar Orucov deyir ki, Azərbaycan universitetlərinin dünyanın top 100 universitetinin siyahısına düşməsi hələki arzu və hədəf ola bilər.
Azərbaycanın ali təhsil müəssisələrinin dünyada universitetlərinin reytinq cədvəlinə düşə bilməməsi problem olaraq qalır. Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, ali məktəblərin top universitetlər siyahısına düşməsi mümkün deyil. Nazir bunu belə əsaslandırıb: “Ona görə ki, bizim universitetlərdə spesifik sahəyə yönəlik təhsil verilir. Bu gün top reytiq cədvəlinə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil”.
Universitetləri reytinqdən kənar salan səbəb
Nazir əlavə edib ki, Azərbaycanda ali təhsil müəssisələrinin çoxu dar profilli universitetlərdir: “Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıya görə bilməyəcəyik. Çünki universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təhsil müəssisələrinin adların top 500 siyahısında görmək çətindir”.
Nazir problemdən çıxış yolunun universitetlərin dar profildən çıxıb universal kadr hazırlığına keçməsində gördüyünü söyləyib. O, bildirib ki, 2026-cı ilə qədər Azərbaycanın ən azı 3 ali təhsil müəssisəsinin dünyanın top 800-lük reytinqində olan universitetlərinin ilk siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib.
Nazir söyləyib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həmin siyahıya düşməsini hədəf kimi müəyyənləşdiriblər: “Həmin universitetlərlə bağlı təhlil aparanda görürük ki, hazırki vəziyyətlə 2026-cı ilə qədər addım-addım gedəriksə, hədəfimizə çatarıq”.
” Bunun üçün kifayət qədər maliyyə vəsaiti də lazımdır. Bu istiqamətdə Maliyyə Nazirliyi ilə səylərimizi koordinasiya etmişik” deyə nazir bildirib.
Dünyada universitetlərdə 15 Nobel mükafatçısı işləyir, bizdə isə…
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekepert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin fikirlərinə müəyyən qədər həqiqət payı olsa da, onun dediklərinin hamısı ilə razı deyil. İ. Orucov söyləyib ki, Azərbaycan universitetlərinin dünyanın top 100 univeristetinin siyahısına düşməsi arzu və hədəf ola bilər. Onun sözlərinə görə, bunun üçün universitetlərin hazırlığı aparılmalıdır, ali təhsil müəssisələri bəlli parametrlərə cavab verməlidir: “Azərbaycan ali təhsil müəssisələri dünya universitetlərinin reytinqində orta yerdə qərarlaşa bilsə, bu bizim üçün uğurdur. Dünyada elə universitetlər var ki, orada 15 Nobel mükafatçısı, dünya səviyyəli alimlər çalışır. Azərbaycan universitetlərin reallığını nəzərə alsaq bu mümkün deyil. Həmin universitetlərin milyonlarla dollar büdcəsi var. Hətta elə universitetlər var ki, onların büdcəsi bizim dövlət büdcəmizdən dəfələrlə artıqdır. Onların dünyanın top 100-lükdə yer alması da normaldır. Ona görə, Azərbaycan ai təhsil müəssisələrini həmin universitetlərlə müqayisə etmək düzgün deyil”.
Tibb Universiteti mühəndis, Texniki Universitet həkim yetişdirərsə…
İ. Orucov deyir ki, bu gün Azərbaycanda universitetlərin dar profildə fəaliyyəti də reytinqdə irəliləməyə müəyyən qədər mane olur. Amma ekspert birdən-birə Azərbaycanda universitetlərdə müxtəlif fakultələrin yaradılmasının mümkün olmadığını söyləyir. Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetində mühəndis hazırlasaq dünya reytinqinə düşə bilərik: “Biz də istərdik ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu universitetləri ilə bir pillədə olsunlar. Azərbaycanda yalnız bir universitetdə tibb təhsilinin verilməsi düzgün deyil. Amma bu o demək deyil ki, bütün universitetlərdə fərqli fakultələr yaratmaq səmərə verəcək. Məsələn, Texniki Universitetdə tibb üzrə mütəxəssis hazırlamaq mümkün deyil”.
İ. Orucov bildirdi ki, gələcəkdə Azərbaycanda ən azı dörd beş universitet dünya reytinqində yer ala bilər.
Top 500-lük reytinq cədvəlinə düşmək üçün nə çatmır?
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitetlərin dünya reytinqində yer alması üçün bir neçə kriteriya var. Onun sözlərinə görə, dünya universitetlərinin reytinqinə düşmək üçün ali təhsil müəssisələrində çalışçan şəxslərin tədiqatları və onlara edilən istinadlar nəzərə alınır. K. Əliyev deyir ki, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq aləmlə işləmək təcrübəsi yoxdur: “Azərbaycanın 51 ali təhsil müəssisəsində 6 min xaricdən tələbə var. Sinqapurun iki universitetində bundan dəfələrlə çox əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin xarici ölkələrdə universitetlərə marağı həmin təhsil ocağının reytinqindən xəbər verir”.
K. Əsədov bildirir ki, universitetlərin dünya reytinqinə yüksəlməsi üçün xarici dilli elektron kitabxana bazasının olması, tədrisin beynəlxalq dildə aparılması da şərtdir. Onun sözlərinə görə, hələki Azərbaycanda bu kriteriyalara ADA universiteti cavab verir: “2003-cü ildə Qazaxıstanda yaradılan universitet dünya reytinqində yer alıb. Biz də universitetlər bu istiqamətdə çalışmalıdırlar. Hər univeristetin inkişaf planı olmalıdır. Çox təəssüf ki, Azərbaycanda universitetlərin inkişaf planı yoxdur”.
qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button