ArxivXəbər lentiXəbərlər

Eldəniz Quliyev ilahiyyatçının döyülməsinə münasibət bildirdi

Dünən “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsində fiziki zorakılığa məruz qalıb.

 Məsələ ilə bağlı Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev “Azadxəbər”ə danışıb.

 Eldəniz Quliyev məsələdən hiddətləndiyini bildirib: “Mən hörmətli hacı Talenin başına gələn müsibəti indicə oxudum və inanın ki, özümdə-sözümdə olmadım. Bu nədir? Bu nə vəhşilik, nə dərəbəylikdi? Belə də polis olarmı? Bəlkə onları bu işə götürəndə vicdanlarını, insaflarını, üstəlik əxlaqlarını kəsib tullayıblar? Axı biz hüquqi, demokratik bir məmləkətdə yaşayırıq! Belə görünür ki, hüquqi, demokratik kəlmələri dırnaq içərisində yazılmalıdır. Belə mənəviyyatsız adamlar bu sayaq ləyaqətsiz hərəkətləri ilə təkcə özlərini, öz natəmiz mahiyyətlərini nümayiş etdirmirlər. Onlar həmçinin ölkəmizin adına, imicinə, mənəvi və mental dəyərlərə xələl gətirirlər. Azərbaycanlı adına ləkə vuran adamları hüquq-mühafizə sistemindən kənar saxlamaq mütləqdir. Üstündə Dövlət atributları olan uniforma geymiş hər bir şəxs, istəsə də, istəməsə də bu Dövləti təmsil edir. Onların naqis və qeyri-qanuni, qeyri-insani hərəkətləri də birbaşa Azərbaycan Dövlətinə şamil edilir. Mən Hacı Taleyə qarşı edilən zorakılıq əməllərini qətiyyətlə pisləyir və bunu etmiş məmurların cəzalandırılmasını tələb edirəm”.

 Qeyd edək ki, Tale Bağırzadə Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsində fiziki təzyiqə məruz qalması barədə öz rəsmi facebook səhifəsində məlumat paylaşıb.

 “Bu gün (3 Noyabr) məni Bakı Şəhəri Yasamal Rayonu Baş Polis İdarəsinə dəvət etdilər. Saat 17:00 radələrində idarəyə getdim. İlkin andan davranışlari ilə sərtlik göstərən Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin oğlu Yasamal Rayon Baş Polis İdarəsinin Rəisi İsfəndiyar Mehbalıyev bütün etik normativləri aşaraq hədə və təzyiqlərlə danışmağa başladı. İddiaları da bu idi ki, Şəhid Mübariz İbrahimovun anım günündə onun məzarının ziyarətini güya mən təşkil edərək insanları ora çağırmışam. Mən hər vəchlə anlatmağa çalışdım ki, bu işə mən çağırış etməmişəm. Lakin dediyim kimi, ilk sətrindən onun səriştəsiz, qəzəbli davranışı seyr olunurdu. Onun bu işi alınmadığını gördükdə isə hədə ilə danışmağa başlaması bu işin daha böyük dairələr, bir zamanlar Qarabağ əlilininin onun haqsızlığına görə yandırdığı Mehbalıyevlər sülaləsinə məxsus bir şəkildə davranış halına gəldi. Onun həbsxana təhdininə mən “Biz Qobustanı keçmişik. Bacarırsınızsa öldürün” dedim. O isə “Səni öldürüb şəhid etməyə heç zaman imkan vermərik” dedi. Onun bu sözü özü də istəmədən bizim haqq yolda olmamızın etirafi kimi dəyərləndirib “Bax, siz özünüz etiraf edirsiniz ki, biz haqq yoldayıq” bildirdim.

 Mövzunun uzandığını görüncə qəza olmağa başlayan Əsr namazımın qılınması üçün ona müraciət etdim. Lakin onun Qarabağ əlilinə acımayan Mehbaliyevlər qanı namaz üçün də fərqli mövqe nümayiş etdirmədi. “İdarədə olmaz!” dedi. Mən idarədən çıxaraq namazımın qılınma zərurətini anlatmaq istəsəm də, qeyd etdiyim kimi o razı olmadı. “Siz icazə versəz də, verməsəz də mən namazımı qılmalıyam” deyib namaz üçün ayağa qalxdım. Və İslam tarixinin yezid xisləti olan din düşmənçiliyi onun əməlində görünərək o üzərimə hücum çəkdi. Mən isə elə ayaq üstəcə namaz qılmaq üçün əllərimi qaldırıb təkbir deməyə başladım. Yanında olan məmurlarlardan Bakı Şəhəri Baş Polis İdarəsinin İsrafil adlı işçisi və digər məmurlar qollarımdan tutdular və məni təkbir deməyə qoymadılar. İsfəndiyar Mehbalıyev isə çənə nahiyəmdən mənə bir neçə zərbə endirməyə başladı. Dodağımdan axan qanla əsr namazımı kəsmədən qıldım.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button