ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sevinc Vaqifqızı: “Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranmır”

“AbzasMedia” işinə görə bank hesablarına blok qoyulan şəxslərin şikayəti təmin edilməyib

“AbzasMedia” ilə bağlı həbs olunanlar – direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalının özlərilə yanaşı, onların yaxınlarının və bu cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin də bank hesablarının, əmlaklarının üzərinə həbs qoyulub, ölkədən çıxışı məhdudlaşdırılıb. Həmçinin onların vergi odənişləri və pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim edilməsi haqda qərar qəbul edilib.
İstintaq orqanının vəsatəti əsasında bu qərarlar noyabrın sonunda Xətai Rayon Məhkəməsində çıxarılıb. Adları keçən şəxslər həmin qərarlardan apelyasiya şikayəti veriblər. Sözügedən şikayətlərə dekabrın 20-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclaslarında həbsdə olan jurnalistlərin özləri də iştirak edib.
Məhkəmə iclaslarında həm şikayətçilər, həm də vəkillər çıxış edərək bildiriblər ki, Xətai Rayon Məhkəməsinin qərarları qanunsuz və əsassızdır.
Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova bildirib ki, onun səhhətində ciddi problemlər var, ürək xəstəsidir. Bu səbəbdən ikinci qrup əlil kimi pensiya alır. Lakin onun pensiya kartına heç bir əsas olmadan blok qoyulub:
Ofelya Məhərrəmova. Foto: screenshot
“Mən həyat yoldaşımı da itirmişəm, xəstə adamam. Pensiya kartıma blok qoyanlar fikirləşmirlər ki, bu adam necə dolanmalıdır?”.
İqtisadçı Toğrul Vəliyev deyib ki, o, müqavilə əsasında işləyir və bank hesabına rəsmi qaydada maaş köçürülür. Lakin onun maaş kartı bloklanıb.
Hafiz Babalı deyib ki, görmə problemiylə əlaqədar üçüncü qrup əlil kimi uzun illərdir pensiya alırdı. Hələ həbs olunmamışdan əvvəl ona məlum olub ki, pensiya kartı bloklanıb.
Hafiz Babalı Prezident İlham Əliyevin ailə üzvlərinin biznesi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmlakları barədə araşdırmalarına görə cəzalandırıldığını bildirib. Jurnalist əlavə edib ki, polislər evində axtarış aparılarkən müxtəlif şirkətlərdə pay sahibliyini təsdiqləyən səhmlərini də götürüblər.
Hafiz Babalı. Foto: Meydan TV
Sevinc Vaqifqızı və Ülvi Həsənli də hakimiyyətin korrupsiyasını ifşa etdiklərini vurğulayıblar.
Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranmır. Ödənilən vergilər hesabına polislərə maaş verirlər, onlar da insanlara zülm eləyirlər. Hakimlərə pul verirlər, onlar da sifarişli, saxta qərarlar çıxarırlar”, – Sevinc Vaqifqızı bildirib.
Hakimlər tez-tez müdaxilə edərək, jurnalistlərin çıxışlarını kəsməyə çalışıb.
Bəs biz sözümüzü harda deməliyik?”, – Ülvi Həsənli etiraz edib.
Ülvi Həsənli. Foto: Meydan TV
Vəkillər də Xətai Rayon Məhkəməsində çıxarılmış məhdudlaşdırıcı qərarların qanunsuz olduğunu bildiriblər. Müdafiəçilər deyib ki, bu qərarlarla bağlı heç bir əsaslandırma yoxdur, sadəcə, müxtəlif adamların əmlaklarının, bank hesablarının üzərinə həbs qoyulduğu göstərilib. Halbuki, qanunvericilik mütləq belə qərarların zəruriliyinin əsaslandırılmasını tələb edir.
“AbzasMedia” işi üzrə həbs olunanlar, onların yaxınları, bu işin istintaqına şahid qismində cəlb olunanlar Xətai Rayon Məhkəməsinin onlar haqqında qərarlarının ləğvini istəyiblər. Lakin bu şikayətlər üzrə keçirilən 3 məhkəmə prosesinin heç birində apelyasiya şikayəti təmin edilməyib.
Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, bu cür məsələlərlə bağlı apelyasiya məhkəməsi şikayət üçün sonuncu instansiyadır. Yəni bu işlərdən Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button