ArxivNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan “Nardaran işi”nə görə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edib.
Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, pis rəftar, mülkiyyət, birləşmək və ədalətli məhkəmə araşdırması hüququnun pozuntularının mübahisələndirildiyi ərizələr birləşdirilib dörd qərar elan edilib.
İki qərar (“Ələsgər Ələsgərov və başqaları”, “İsmayıl Bağbanov və başqaları” Azərbaycana qarşı), əsasən, mülkiyyət hüququnun pozulmasının tanınması ilə bağlı olub: “Amma məhkəmə qeyd edib ki, ərizəçilərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır deyil. Azərbaycan hökuməti üç aya bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir”.
“Nardaran işi”
Üçüncü qərar (Elman Ağayevin şikayəti) “Nardaran işi” ilə bağlıdır. Hüquqşünasın sözlərinə görə, bu məhkəmə işi ərizəçiyə pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlı idi: “Ərizəçi 2015-ci ildə Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilmişdi”.
İşin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 8 min avro ödəməlidir.
2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi (DİN) Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Onda ikisi polis olmaqla, altı şəxsin həlak olduğu açıqlanıb.
Həmin hadisələrlə bağlı 100-ə yaxın şəxs həbs edilib, onlardan bir çoxuna qətl və başqa cinayətlərlə bağlı ittihamlar irəli sürülərək müxtəlif cəzalar verilib. E.Ağayev isə 13 il həbs cəzası almışdı və 2019-cu ildə prezidentin sərəncamı ilə əfv olunub. Amma həbs edilənlər məhkəmələrində heç kimi öldürmədiklərini, ittihamın qurama olduğunu, tutulandan sonra işgəncələrə məruz qaldıqlarını bildiriblər. DİN isə işgəncə şikayətlərini əsassız sayıb.
“Yahova Şahidləri”
Hüquqşünas bildirib ki, “Leonid Moroz və başqaları Azərbaycana qarşı” məhkəmə işi isə dini icmanın qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır. O qeyd edib ki, “Yahova Şahidləri” dini icmasının təsisçiləri olan L.Moroz və K.Stepanov qeydiyyat üçün müraciət ediblər. Ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi onlara imtina cavabı verib: “Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət onlara 5 min 500 avro ödəmək öhdəliyi götürüb”.
Hələlik, qərarlara ərizəçilərin və Azərbaycan rəsmi qurumlarının münasibətini almaq mümkün olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button