Rayonlarda yaşayanlar Bakıya axışır
Son illər Bakıda tıxacların artması, ictimai nəqliyyatda sıxlıq daim bölgələrdən paytaxta köç mövzusunu gündəmə gətirib.
Müstəqil ekspertlər daim bölgələrdə yeni açılan iş yerlərinin davamlı olmadığını, kənd təsərrüfatı sahəsində çalışmağın mümkünsüzlüyündən danışırlar.
Bütün bunların nəticəsində isə daxili miqrasiya baş verir.
Buna baxmayaraq, indiyədək Bakıda və Abşeron yarımadasında nə qədər insanın yaşadığı ilə bağlı konkret rəqəmlər də yoxdur.
Azərbaycanda əhalinin siyahıyaalınması son dəfə 2019-cu ildə aparılıb.
Həmin vaxt açıqlanan nəticələr göstərir ki, Abşeron yarımadasında əhalinin gerçək sayı rəsmi qeydiyyatdakılara baxanda çoxdur.
2019-cu ilin əvvəlinə olan rəsmi rəqəmlərə görə, Abşeron rayonu əhalisinin sayı 213 min nəfərdir.
Həmin il keçirilən siyahıyaalma isə üzə çıxarıb ki, həmin ərazidə 476 min nəfər yaşayır.
İqtisadi paylaşımlar edən “Çəpəki” “Telegram” kanalı yazır ki, Abşeronda yaşayanların gerçək sayı rəsmi qeydiyyatdakı əhalinin sayından 263 min nəfər çoxdur.
Bu rayonda, özəlliklə Xırdalan şəhərinin real əhali sayına dair göstəricilər çox yüksəkdir.
Ötən ilin əvvəlinə olan bilgiyə görə, şəhərin rəsmi əhalisi 101 min nəfərdir, ancaq siyahıyaalma zamanı şəhərdə bundan iki dəfə çox – 206 min nəfərin yaşadığı üzə çıxıb.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib.
Beləliklə, Azərbaycanda hər bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfərdir.
Dövlət Statistika Komitəsi
Foto: Meydan TV
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb:
“Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faizdir. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəmdir”.
2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb.
Hesabatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb:
“Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb”.
2019-cu ilin siyahıya alınmasında Sumqayıt şəhərinin rəsmi əhali sayı 343 min nəfər görünür.
DSK isə bildirir ki, Sumqayıtda mövcud əhali sayı 491 min nəfərdir.
“Telegram” kanalı yazır ki, bu, Sumqayıta ölkənin digər ərazilərindən, ən azı, 148 min nəfərin köçdüyünü göstərir:
“Bu şəhərdə yaşayanların sayı rəsmi qeydiyyatda olanlardan, ən azı, 43 faiz çoxdur”.