Aktual

Müəmmalı ölən əsgərin atasından sərt ittihamlar

Xəbər verdiyimiz kimi, iyunun 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Lerik ərazisində yerləşən sərhəd zastavasında əsgər Xəzər Ağa oğlu Səmədov dünyasını dəyişib. İlkin məlumatlarda əsgərin silahla davranış qaydalarının pozulması nəticəsində həlak olduğu bildirilirdi.
Redaksiyamıza müraciət edən mərhum əsgərin atası Ağa Səmədov oğlunun vəhşicəsinə öldürüldüyünü bildirir: “27 iyun 2013-cü ildə, saat 13:15 radələrində mənə zəng gəldi. Danışan vəzifəsini təqdim etmədən bildirdi ki, DSX-nin baş idarəsindəndir, evdə olun, Horadiz sərhəd birləşməsinin zabitləri sizinlə oğlunuz barədə fərdi danışıq aparacaq. Bəli, 3 zabit, bir də Horadiz şəhər icra nümayəndəsi gəldi. Bildirdilər ki, oğlumun xidmətdə problemi olduğu üçün mən onlarla Lənkərana getməliyəm. Xəstə olduğum üçün oğlum Misir Səmədov mənimlə gedəsi oldu. Biz bu zabitlərdən heç bir informasiya ala bilmədik. Biləsuvar ərazisində olarkən artıq internet vasitəsilə informasiya agentlikləri xəbər yaymışdı ki, oğlum guya intihar edib. Lənkərana çatanda bizi hərbi hissənin siyasi işlər üzrə komandir müavini qarşıladı. Sanki bizə şad xəbər verən kimi muştuluqladı. Oğlunuz intihar edib. Mən bildirdim ki, 5 yaşından əlinə silah götürüb hərbiçilər arasında olan, hərbiçi olmaq arzusu ilə yaşayan intihar edə bilməz. O, düşməndən qisas almaq üçün yaşayırdı. Zabit çox soyuqqanlıqla bildirdi ki, olar. Sanki burada 18 ilə başa gəlmiş bir gənc yox, bir sərçə ölüb. Mən tələb etdim ki, məni hadisə yerinə aparsınlar. Əvvəlcə razılıq verdi. Lakin komandirlə əlaqə saxladıqdan sonra bu fikirdən imtina etdi.
Ən nəhayət, komandir də gəldi. Bu da eyni hərəkət, eyni qaydada muştuluq xəbəri verirmiş kimi çox şadyana “Oğlun intihar edib!” dedi. Məncə, polkovnik-leytenant kiçik rütbə deyil. Heç bir istintaq getmədən belə xəbəri yaymaqda marağı nədir? Ancaq ilkin istintaqdan məlum oldu ki, oğlum vəhşicəsinə güllələnib”.
Əsgər atası bildirib ki, istintaqın ilk nəticəsindən sonra DSX-nin baş idarəsi tərəfindən ona təzyiqlər başlayıb: “Bu məlumatın getməsi üçün ”Xəzər” televiziya kanalından hadisənin olduğu kimi verilməsini xahiş etdik. Televiziya əməkdaşları bildirdilər ki, komandanlıq icazə vermir. Doğrudanmı vəzifə postunda oturanlar dövlətə, dövlətçiliyə, xalqa yox, ayrı-ayrı generallara xidmət edir? Hadisədən 19 gün keçməsinə baxmayaraq DSX-nin yüksək rütbəli zabitləri bu hadisəni ört-basdır etmək istəyirlər. Çünki bu, onların ulduzlarına, vəzifələrinə xələl gətirər. Bir gözü yaşlı ananın, ağrıdan beli bükülmüş atanın səsinə səs verən tapılmadı. Bu xəbəri sizə yazmaqda məqsədim odur ki, mənim harayıma səs verin, lazımi olan yerə çatdırın ki, Elşən Mirzəyev kimi polkovnik-leytenanta yox deyin. Ölümündən 18 gün keçməsinə baxmayaraq hərbi hissənin komandiri polkovnik leytenant Elşən Mirzəyev bu gün də məni, öldürülmüş əsgər atasını təhqir edir. Belə ki, mənə rəsmi möhürlə və öz şəxsi imzası ilə məktub göndərir. Məktubda Füzuli rayon DSMF-yə təqdim etmək üçün arayış göndərilir. Mən həmin idarəyə gedirəm və gülünc vəziyyətə qalıram. Sonradan mənə məlum olur ki, əsgər ölümünün DSMF ilə nə əlaqəsi ola bilər?
Əsgərə məxsus olan albom, cib dəftərçəsi, xidmət zamanı aldığı fəxri fərman, təşəkkürnamə hərbi hissə tərəfindən yoxa çıxarılıb. Hətta hərbiçilərin çoxuna məlumdur ki, kimin hesabına polkovnik-leytenantdır. Nə qədər ki, bizim aramızda belələri var, yazıq mənim kimi sadə Azərbaycan vətəndaşlarının halına”.(musavat)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button