ArxivXəbər lentiXəbərlər

Azərbaycan ABŞ-dan daha təhlükəsiz ölkədir – faktlar

Amerikada 2016 və 2017-ci illərdə 10-a yaxın terror aktında 150-dən çox insan ölüb, 670-ə yaxın adam yaralanıb; Azərbaycanda isə…

Hər ilin əvvəlində ABŞ Dövlət Departamenti terror təhdidi olan ölkələrin siyahısını yayır. Daha dəqiqi, öz vətəndaşlarını həmin ölkələrə gedərkən diqqətli olmağa çağırır, yaxud da getməyi tövsiyə etmir.

2018-ci il yanvarın 10-da da Dövlət Departamenti növbəti belə bir çağırış edib və çox təəccüblü, maraqlıdır ki, bu dəfə Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırıb.

Qurum ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağırıb. Bəzi sahələrdə risklərin artdığı qeyd olunub.

Məlumatda iddia olunur ki, “terrorçu qruplar Azərbaycanda mümkün hücumları planlaşdıra bilərlər. Terrorçular turizm məkanlarını, nəqliyyatı, ticarət mərkəzlərini, yerli hökumət obyektlərini, restoranları, ibadət yerlərini, mədəni tədbirləri, aeroportları və s. ictimai yerləri hədəf ala bilərlər”.

Dövlət Departamenti, həmçinin vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyyə edib və münaqişə ərazisində ABŞ-ın vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyəcəyi barədə məlumat verib.

İndi keçək bu deyilənlərin təhlilinə. Sonuncudan – Dağlıq Qarabağdan başlayaq və kəsə deyək: Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı Ermənistanın Azərbaycana qarşı torpaq iddiasından geri çəkilməsi, işğal etdiyi torpaqları boşaltması yeganə şərtdir. Dünyanın “başbiləni”, həmsədr ölkə kimi Amerika rəhbərliyi də bunu çox gözəl bilir. Odur ki, Dağlıq Qarabağda – Azərbaycanın hazırda nəzarət edə bilməyəcəyi ərazilərdə hansısa təhlükələr mövcuddursa, burada yeganə günahı olmayan da elə Azərbaycandır. Günahkar işğalçı Ermənistan və ona açıq şəkildə dəstək verən Qərb, ABŞ-ın özüdür.

Azərbaycan ərazisində terror təhlükəsinə gəlincə, bu, artıq bir dövlətin daxili işi deyil! Terror ümumbəşəri bəladır və bu bəlanın ortaya çıxmasında başlıca günahkar elə Qərbdir. Sirr deyil ki, terrorçu təşkilatlar beynəlxalq güclərin, bəzi super dövlətlərin əlində həm də bir alətdir. Bu iddialar da yersiz deyil ki, əksər terror şəbəkələrini onlar qidalandırır, maliyyələşdirir, silahlandırır. Sonda isə həmin terror təşkilatları tam nəzarətdən çıxıb, bu güclərin özünə qarşı da təhlükəyə çevrilirlər. Hətta açıq şəkildə terror təşkilatlarına dəstək verilməsi faktları da var. Məsələn, bütün dünyanın terror qurumu kimi tanıdığı – PKK-nın Suriya qolu YPG-yə Amerika “şəffaf” şəkildə yardım edir, silah verir! Hətta ABŞ Xüsusi Qüvvələr Komandiri general Raymond Tomas YPG-nin adını Suriya Demokratik Qüvvələri olaraq dəyişdirdiklərini də açıqlamışdı.

O cümlədən, radikal vəhabizmin, İŞİD-in də Qərb tərəfindən yaradıldığı haqda iddiaları bütün dünya boyunca əksər mötəbər media quruluşları yazıb. Göstərilən faktlarsa kifayət qədər də inandırıcıdır.

Azərbaycanın turistik bölgəyə çevrildiyi bir vaxtda, son 2 ildə ölkəmizə turist axınının 20 faizdən çox artdığı bir zaman kəsiyində Amerikanın Azərbaycanı terror təhlükəsinin yüksək olduğu ölkələr sırasına salması həm də bir qərəzdir. O da mümkündür ki, Amerika Gürcüstanı özünün bölgədəki forpostu hesab etdiyindən bu regionda turizmin də məhz orada güclənməsində maraqlıdır.

Və bir ciddi mülahizə də budur; gerçəkdən ABŞ-ın xəbəri var ki, dünya boyunca harada terror ola bilər. Məsələn, Türkiyədə “Reina terroru”ndan bir qədər əvvəl Amerika xüsusi xidmət orqanları İstanbulda terorrçuların qanlı aksiya planlaşdırdıqları barədə xəbərdarlıq etmişdi…

Bu kimi ayıq-sayıqlığı Amerikanın güclü kəşfiyyat orqanlarının fəaliyyəti ilə əlaqələndirənlər çoxluq təşkil edir. Amma belə bir ritorik iddialar, fikirlər də var: “Terroru sifariş edən əlbəttə bilir ki, terror harada olacaq”…

Qayıdaq Azərbaycana. Düzdür, son illərdə ölkəmizdən xeyli sayda radikal dindarlar müxtəlif terrorçu şəbəkələrə qoşulublar. Ötən illərdə xüsusi xidmət orqanlarının onların zərərsizləşdirilməsi istiqamətində atdığı addımları danmaq elə dünyada Amerikanın mövcudluğunu danmaq kimi bir şey olardı. Həmçinin, bu fakt da danılmazdır ki, hazırda dünyanın ən sakit, sabit, terror törədilməyən, əmin-amanlıq olan azsaylı dövlətlərindən biri də Azərbaycandır. Şükürlər olsun, bizdə düz 10 ildir ki, terror olmur! Sonuncu dəfə Bakıda 2008-ci ildə baş verib belə hadisə – radikal dinçilərin toplaşdığı Əbu-Bəkr məscidinə qumbara atılmışdı, 2 nəfər ölmüşdü.

Amma bilirsinizmi Amerikada təkcə 2016 və 2017-ci illərdə nə qədər terror olub və neçə adam terror qurbanıdır?!

Faktlara diqqət edək:

12 iyun 2016-cı ildə ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 53 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

17 sentyabr 2016-cı ildə ABŞ-da Manhettenin qərb hissəsində baş verən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Bir sutka sonra isə Nyu-Cersidə əldəqayırma bomba partlayıb. Hadisələrlə əlaqədar 28 yaşlı əfqan mənşəli Əhməd Xan Rəhimi saxlanılıb.

7 yanvar 2017-ci ildə ABŞ-ın Florida ştatında yerləşən “Fort Lauderdal Hollivud” beynəlxalq hava limanında naməlum şəxs kütləyə atəş açıb. Terror nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

2 oktyabr 2017-ci ildə Las-Veqas şəhərində törədilən terrorda isə ölənlərin sayı 62 nəfər, yaralıların sayı isə 515 nəfər olub.

Hadisəni törədən şəxsin 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

31 oktyabr 2017-ci ildə Nyu-Yorkda sürücü yük maşınını piyadaların üzərinə sürüb. Nəticədə 8 nəfərin ölüb, 12 nəfər yaralanıb.

6 noyabr 2017-ci ildə ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində 27 nəfər ölüb…

Ölüm faktı olmayan, amma müxtəlif sayda insanın yaralanması ilə nəticələnən bir neçə digər terror aktı da var.

İndi reallığı özünüz qiymətləndirin, ABŞ təhlükəli dövlətdir, yoxsa son 10 ildə terror baş verməyən Azərbaycan?//Yeni Musavat

Elşad MƏMMƏDLİ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button