ArxivŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan, İran və Rusiya Şimal-Cənub Beynəlxalq Dəhlizi marşrutlarının şaxələndirilməsini müzakirə edəcəklər – İran səfiri (FOTO)

Yaxın gələcəkdə Şimal-Cənub Beynəlxalq Dəhlizinin şaxələndirilməsini müzakirə etmək məqsədilə İran, Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə üçtərəfli iclas keçiriləcək.

Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Astara şəhərində İran və Azərbaycan arasında icra edilməkdə olan birgə layihələrlə tanış olarkən deyib.

S.A.Musəvinin sözlərinə görə, sözügedən iclasda həmçinin üç ölkə arasında tranzit və gömrük məsələləri də araşdırılacaq.

Musəvi əlavə edib ki, İran Astarası Şimal-Cənub Beynəlxalq Dəhlizininin əsas və önəmli hissələrindən biridir. Astarada icra edilməkdə olan layihələr çərçivəsində işlərin başa çatdırılması ilə onun regional və beynəlxalq əhəmiyyəti daha artıq özünü nümayiş etdirəcək.

İran səfiri qeyd edib ki, bu layihələr və iki ölkə arasında digər tranzit məsələləri ilə əlaqədar tezliklə İranın yol və şəhərsalma naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri görüşəcəklər.

 

 

Qeyd edək ki, İranın və Azərbaycan arasında İranın Astara rayonunda dəmiryol terminalı tikilir. Bu dəmiryol terminalının bir hissəsi istifadəyə verilib. Bundan əlavə İran və Azərbaycanla sərhəddə Astaraçay üzərində yeni körpünün təməli 25 yanvarda qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara (167 km) dəmir yolu tikilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button