ArxivXəbər lentiXəbərlər

Bu gün Qədir-Xum bayramıdır

Ölkəmizdə də bu bayrama xüsusi önəm verilir, əsrlərdir bu bayram qeyd edilir

Bu gün, müsəlman aləmində çox önəmli günlərdən biridir. Hicri tarixi ilə Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

Qədir-xum bayramı Kamil insan və adil imamın imamətə seçilməsinin bayramıdır.

Müsəlmanlar böyük şövqlə Peyğəmbərlə birgə həcc mərasimini yerinə yetirib, Mədinəyə qayıdırdılar. Qədir-хum adlanan bir məntəqədə, Cəbrail həzrət Peyğəmbərə (s) nazil olub, Аllah tərəfindən önəmli bir xəbər gətirdi:

“Ey Peyğəmbər, Аllah tərəfindən sənə nazil olan hökmü xalqa çаtdır. Әgər bunu etməsən, öz risalətini yerinə yetirməmisən.” (Maidə-67)

Belə önəmli bir hökmü çаtdırmаq üçün ən yaxşı yer Qədir-xum idi. Peyğəmbər hacıların “Cöhfə”də, Qədir-xum adlanan məhəldə toplanmalarına göstəriş verdi. Qədir-xum o məntəqədə bir dörd yol ayrıcı kimi idi. Yüz igirmi minə yaxın Allah evini ziyarət edən müsəlman, o qızmar çöldə toplaşıb, həzrət peyğəmbərin əmrini gözlәyirdilər.

Bu vaxt Həzrət Muhəmməd(s) onun üçün hazırlanmış minbərə çıxaraq uca səslə buyurdu:

“Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?”. Hamı uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan!”. Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?”. Hamı cavabında dedi: “Bəli, inanırıq!”. Rəsuli-Əkrəm (s) buyurdu: “İlahi, şahid ol!”. Sonra o, Həzrət Əlinin əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: “Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?” – müsəlmanlar cavab verdi: “Allah və onun peyğəmbəri daha yaxşı bilir!”. Peyğəmbər (s) buyurdu: “Allah Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!”. Sonra buyurdu: “Mən hər kimin rəhbəriyəmsə, Əli (ə) də onun rəhbəridir”. Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: “İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək et !”. Sonra əlavə etdi: “Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır”.

Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: “Bu gün mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…”. (“Maidə” surəsi, 3)

Ölkəmizdə də bu bayrama xüsusi önəm verilir, əsrlərdir bu bayram qeyd edilir. Azərbaycanın böyük ədiblərinin yaradıcılığında da bu məsələyə xüsusi yer verilib.

Təsadüfi deyil ki, xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.

Bu böyük bayram münasibətilə bütün xalqımızı təbrik edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button