ArxivXəbər lentiXəbərlər

Namizədlər kimi təmsil edir?

Sinifləşmiş və təbəqələşmiş cəmiyyətlərdə seçki adlanan siyasi oyunun iştirakçıları hansısa sinfin və ya təbəqənin siyasi-iqtisadi maraqlarını təmsil edirlər və bu zaman onların müxtəlif imkanlarından bəhrələnirlər.

Misal üçün, uzağa getməyək, martın 18-də sona yetmiş Rusiya seçkilərində iki əsas namizəd var idi.

Vladimir Putin ölkənin sərvətini talayıb Qərbə daşıyan kriminal oliqarxiya zümrəsinin maraqlarını ifadə edirdi, Pavel Qrudinin ölkə sərvətlərinin Rusiyada qalıb milli maraq naminə istehsalata, sənayenin və kənd təsərrüfatının inkişafına sərmayə qoyulmasını tələb edən milli burjuaziyanı təmsil edirdi.

Digər namizədlər heç bir sinfi və ya təbəqəni təmsil etmədiklərindən əminliklə demək olar ki, Prezident Administrasiyası onları siyasi oyunbazlıq naminə ortaya atmışdı.

Putinin təmsil etdiyi məmur oliqarxiyası trilyonlarla dollar oğurlamış, nəhəng şirkətlərə sahib çıxmış, əndazəsiz inzibatı, maliyyə və media imkanlarına malik olan mütəşəkkil bir zümrədir və məhz onlar SSRİ-nin süqutu ilə nəticələnmiş “perestroyka”-dan əsl mənfəəti götürmüş insanlardır. Onlar Putin diktaturasının dayağı və təməlidir.
Oliqarxiya dövlətlərində diktaturanın mənbəyi yırtıcı eqoizm və xalqa həqarətdir. Oliqarxlar həm xalqa nifrət edir, həm də xalqdan qorxurlar. Buna görə onlar kütləni aldatmaq, tovlamaq və qorxutmaq üçün xəsislik etmədən nəhəng cəza və təbliğat maşınını yaratmağa və işlətməyə böyük vəsait ayırırlar. Belə dövlətlərdə polis zabitlərinin, prokurorların, hakimlərin, diktatora yalmanan həyasız jurnalistlərin zəngin yaşaması qanunauyğundur.

Tarix sübut edir ki, oliqarxiyanın hökmranlığı zamanında cəmiyyətin mənəviyyat və əxlaqı çürüyür və aşınır. Bu çürümə və aşınmanı biz Rusiya həyatının bütün sahələrində aydınlıqla müşahidə edə bilərik.

Təbii ki, oliqarxiyaya nisbətən maddi və media imkanları xeyli məhdud olan solların və millətçi vətənpərvərlərin bloku seçkidə uduzdu, beləliklə, Rusiyanın bir dövlət və millət kimi “kitabı bağlandı”.

Vəziyyəti bilən və anlayan mütəxəssislər əmindirlər ki, Rusiya sürətlə ciddi və ağır bir böhrana doğru gedir və onun mövcud sərhədlər daxində xilas ehtimalı çox zəifdir.

Bəs Azərbaycanda? Prezident seçkilərində kim və nəyi təmsil edir?

İlham Əliyev ailəsini, yaxın ətrafını və milli iqtisadiyyatın bütün sahələrini inhisara götürmüş tayfanı təmsil edir. Azərbaycan Respublikasının bütün imkanları onun sərəncamındadır.

Pul? Pul namizəd İlham Əliyevdədir. Digər namizədlərin maliyyə imkanlarına baxsanız, görərsiniz ki, onlar əsas namizədlə müqayisədə sadəcə dilənçidirlər.

İnzibati resurs? Heç bir şübhə yoxdur ki, seçki ərəfəsində, seçki dövründə və seçkidən sonra dövlət cihazı tam tərkibdə əsas namizədin xeyrinə işləmiş, işləyir və işləyəcəkdir. Onun qələbəsini təmin edən cihazın adı YAP deyil, DÖVLƏTdir.

Bu cihaza polis, təhlükəsizlik xidmətləri, hakimlər, prokurorlar, başda Mərkəzi Seçki Komissiyası olmaqla bütün səviyyələrdən olan seçki komissiyaları, ölkənin bütün rayonlarının əhalisini tam itaətdə saxlayan icra başçıları və dövlətdən maaş alan bələdiyyələr, Nazirlər Kabineti və sayı minlərlə olan xəfiyyələr daxildir. Heç bir şübhə yoxdur ki, inzibati imkanlar namizəd İlham Əliyevdədir.

Media? Medianın 99%-i İlham Əliyevə işləyir. Bir neçə “bloklanmış” saytdan başqa bütün mətbu və elektron KİV namizəd İlham Əliyevin seçilməsinə çalışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button