ArxivXəbər lentiXəbərlər

XİN Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli əməkdaşlıqlardan məmnundur

Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil edib.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə yüksələn xətlə inkişafına işarə edilərək bu əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi vurğulanıb.

Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə arasında milli, tarixi, mədəni köklərə əsaslanan qardaşlıq və dostluğun səciyyəvi rəmzi olduğu ifadə olunub.

XİN-in məlumatının davamında deyilir : “Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki stabilliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlığımız dilə gətirildi, terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirildi. Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına birgə əminlik ifadə edildi.”

Görüşdə Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edildi, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub.

İki ölkə arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti önə çəkilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılması bir daha bildiriib.

Görüş zamanı, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button