“Təəssüflər olsun ki, İraqın şimalından digər ölkələrin təhlükəsizliyinə zərər vurulur. Bu, İraqın bəzi bölgələrində baş verir. Məsələnin yeganə həlli yolu da budur ki, İraqın mərkəzi hökuməti o bölgələrdə öz iqtidarını genişləndirsin.”
Qafqaz.ir xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei İraqın baş naziri Məhəmməd Şiya Sudanini qəbul edərkən deyib.
İraqın ərəb dünyasında və bölgədə əhəmiyyətli rolunu vurğulayan Ayətullah Xamenei bu ölkənin şimalında separatçı kürd birləşmələrinin olduğu bölgədə mərkəzi hökumətin iqtidarının genişləndirilməsi və artırılmasını istəyib.
“Təbii ki, İraqın təhlükəsizliyinə baxışımız ondan ibarətdir ki, hər hansı bir tərəf İraqın təhlükəsizliyini pozmaq niyyətində olsa, biz onun qarşısında sinəmizi sipər edib, İraqı qoruyacağıq. İraqın təhlükəsizliyi İranın təhlükəsizliyidir, eləcə də İranın təhlükəsizliyi İraqın təhlükəsizliyində də təsirlidir”, deyə Ayətullah Xamenei əlavə edib.