ArxivMüsahibəSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“AXC yeni çevrilişə və qanlı hadisələrə hazırlaşır”

Zərdüşt Əlizadə xəbərdarlıq edir: “Ərazinin 25 faizinin tam qayıtması üçün Azərbaycan dövləti ağıllı, tarazlı və ölçülüb-biçilmüş siyasət yürütməlidir.

Əgər Azərbaycan belə siyasət yürütməsə, nəinki bu 25 faizi, bütün Qarabağı yenidən itirmək təhlükəsi tam gerçək ola bilər, necə ki, 1990-cı illərin əvvəlində baş vermişdi”.

Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, Sosial-Demokrat Partiyasının sabiq lideri, prezidentliyə keçmiş namizəd, tanınmış müxalifətçi və politoloq Zərdüşt Əlizadə Meydan TV-nin müxalif internet nəşrində dərc olunan proqram məqaləsində yazdığı fikirlər şok proqnozlarla zəngin olub.

“Bu sadə həqiqəti anlamayan azərbaycanlı varmı? Təəssüf ki, var, özü də onların sayı get-gedə çoxalır. Niyə çoxalır? Çünki ənənəvi müxalifət gerçək dünyada siyasi mübarizəsini hakimiyyətə tam uduzandan sonra köçüb virtual dünyaya, orada xeyli sayda internet-kanal açıb və oradan tələb edir ki, rus sülhməramlı qoşunları Dağlıq Qarabağdan çıxsın.

Gerçək dünyada imza toplayırlar, məqalələr yazıb Qarabağın de-fakto itirildiyini deyirlər, Azərbaycanın məğlubiyyətinə yas məclisi qururlar. İnternetdən istifadəni öyrənib bunu müasir biliyin zirvəsi hesab edən çoxsaylı istifadəçi isə onların bu fikirləri ilə həmrəylik nümayiş etdirirlər”, – deyə politoloq yazıb.

Z. Əlizadə bu metamorfozadan və müxalifətin Azərbaycan Ordusunun Qarabağdakı qələbəsini məğlubiyyət kimi qələmə vermək istəyindən son dərəcə təəccüblənir: “Niyə? Milli hərəkatın qaynar çağından 30 il keçib, bu uzun müddət ərzində ənənəvi müxalifət maralları və onların cığırdaşları niyə ağıllanmayıblar?

Bunun səbəbi aydındır. Onlar yenə hakimiyyətə can ataraq ali məqamda əyləşən şəxsi yamanlamaq, gözdən salmaq, haqlı olsa belə, nahaq göstərmək şakərindən əl çəkməyiblər. Onların ənənəvi siyasi mübarizə üsulu yalandır, böhtandır, şərdir.

Bİr dəfə bu yolla gedib Azərbaycanın başına daş saldılar, hakimiyyəti məngirləyib bir il bildirçinin bəyliyini etdilər, görünür, bunu yenə təkrarlamaq istəyirlər”.

Bununla yanaşı, Zərdüşt Əlizadə xüsusi qeyd edir ki, Prezident İlham Əliyevi müdafiə etmək fikrindən tam uzaqdır: “İnanmayan mənim son 25 il ərzində Əliyevlər üsul-idarəsinin siyasətini kəskin tənqid edən onlarla məqaləmi oxuya bilər”.

Lakin Z.Əlizadənin sözlərinə görə, o, ənənəvi müxalifət liderlərindən fərqli olaraq, hakimiyyətlə dövlət arasındakı fərqi görür və heç vaxt AXC-Musavat cütlüyünə bənzəyib hakimiyyət naminə dövləti bada verməz: “Məhz buna görə deyirəm ki, İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır”.

Z. Əlizadə hesab edir ki, AXC-nin yeni rəhbərləri çıxışları ilə liderlərinin Azərbaycan xalqına münasibətdə xəyanətlərini təkrarlayırlar

Məşhur publisist daha sonra yazır: “2020 il 10 noyabr Bəyanatı Azərbaycana xeyirdir. Çünki əminəm ki, ənənəvi müxalifət də, onların küyünə gedən qaragüruh da son 30 ildə Qarabağ mövzusunda yazdığım yüzlərlə məqaləni oxumayıb.

10 noyabr Bəyanatından əvvəl, Qarabağ müharibəsinin ilk mərhələsində, BMT-nin Təhlükəsizlik Şurasında Fransanın, ABŞ-ın və Rusiyanın birgə dəstəklədiyi bir qətnamə layihəsi müzakirəyə çıxarıldı. Layihənin məğzi ondan ibarət idi ki, Azərbaycan hərbi əməliyyatı dərhal dayandırsın.

Müzakirələr vaxtı bəlli oldu ki, həqiqi niyyətlər daha uzaq məqsədlərə yönəlib. Azərbaycan müharibəni dərhal dayandırmasaydı, həmsədr dövlətlər 1990-ların əvvəllərində Azərbaycanın xeyrinə qəbul edilmiş qətnamələri təftiş edən və son 30 ildə mövcud olan gerçəkliyi nəzərə ala biləcək yeni bir qətnamə layihəsini müzakirəyə çıxarmağı nəzərdə tuturmuşlar.

Yəni yeni qətnamə layihəsi, qəbul olunardısa, BMT TŞ Qarabağ üzərində Azərbaycanın suverenliyini, əvvəl olduğu qədər, birmənalı tanımayacaqdı.

Xoşbəxtlikdən, həmin an bunun qarşısını Britaniya və Qoşulmamışlar hərəkatından BMT TŞ-nın üzvü olan qeyri-daimi üzvlər aldılar. Ala bildilər, təhlükə müvəqqəti sovuşdu, lakin tam yoxa çıxmadı. Bəlli oldu ki, Cəbubi Qafqazda hərbi-siyasi vəziyyət qəfildən Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə dəyişə bilər. Bunun üçün Azərbaycan Ordusunun Xankəndinə daxil olması, dünya mediasının “yeni erməni soyqırımı” şivəni qoparması, Rusiyanın bu “soyqırımın” qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi.

Azərbaycanın 1988-1993-cü illərdə mübtəla olduğu fəlakətlər ənənəvi müxalifətin zəka və məsuliyyət qısırlığını danılmaz tərzdə sübut etmişdir. Əgər belə olmasaydı nə Azərbaycan, nə də ənənəvi müxalifətin özü bu günə düşməzdi.

Əgər onlar indi Azərbaycanı 10 noyabr Bəyanatından çıxmağa səsləyirlərsə və cəmiyyətdə onların səsinə səs verənlər tapılırsa, görünür, onlar bundan sonra nə baş verəcəyini təsəvvürlərinə gətirə bilmirlər. Necə ki, 1990-cu ilin yanvar ayının 1-i və 19-u arası Bakıda nə baş verdiyini qavraya bilməmişdilər və qanlı hadisələrin labüdlüyü barədə xəbərdarlıqlarıma məhəl qoymamışdılar”.

Müxalifətçi etiraf edir ki, İlham Əliyev öz siyasəti ilə Azərbaycanı tam qələbəyə aparır

Z.Əlizadənin fikrincə, əgər bu bisavad və məsuliyyətsiz şəxslərin təklifləri həyata keçərsə, Azərbaycanın başına gələcək müsibətləri təsvir etmək bir o qədər çətin deyil: “Fərz edək ki, Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını rəsmən tələb edir. Rusiya deyir ki, göz üstə, qoşunların bölgəyə gəlməsi üçün təxminən bir ay lazım oldu, burada əməlli-başlı yerləşiblər, çıxmaları üçün də bir ay möhlət verin. Azərbaycan, təbii ki, razı olmalıdır…

Azərbaycanın bu tələbindən bir gün sonra Minsk Qrupunun üç həmsədri – Fransa, Rusiya və ABŞ BMT-nin Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təqdim edirlər. Layihədə yazılır ki, Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalması təhlükəsinin qarşısını almaq məqsədilə: 1.Dünya dövlətlərinə tövsiyə edilir ki, Artsaxın müstəqilliyi tanınsın; 2.Azərbaycana xəbərdarlıq edilir ki, zora əl atarsa, BMT TŞ-nın qərarı ilə onun cəzalandırılması missiyası tapşırılacaq Minsk Qrupunun həmsədri olan ölkələrə.

Bəli, qətnamə layihəsinə beş daimi üzvdən dördü səs verəcək, Çin bitərəf qalacaq. Bundan sonra birinci Fransa, ardınca Rusiya, sonra isə ABŞ və təxminən Kosovonu tanıyan sayda dövlət Artsaxın müstəqilliyini tanıyacaq…

Bu, mənim öncəgörməm deyil, bu, ənənəvi müxalifət liderlərinin indiki hakimiyyəti devirmək naminə Azərbaycanın başına gətirmək istədikləri bəlaların onda birinin təsviridir.

Ənənəvi müxalifət xalqımızı 20 Yanvar faciəsi günlərinə qaytarmaq istəyir.

1990-cı ilin yanvar ayının 21-də Rəsul Quliyev və mərhum professor Çapay Sultanov varid olurlar Əbülfəz Əliyevin can-ciyər dostu Becan Fərzəliyevin Yasamaldlkı həyət evinə və AXC sədri ilə görüşürlər. Dəli kimi otaqda o yana, bu yana əsəbi vargəl edən Əbülfəz Əliyev deyir ki: “Mən bu qədər adamın qırılacağını təsəvvür etmirdim”.

Yadınıza salıram ki, həmin gecə Bakıda 131, Lənkəran və Neftçalada 7 nəfər həlak olmuşdu.

Burada sual doğur: “AXC sədri respublikanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirovun devrilməsi üçün neçə adamın qətlini ağlabatan və məqbul sayırmış”?

…Yaxşı, tutaq ki, ənənəvi müxalifət liderləri bildikləri və bacardıqları xəyanəti təkrarlamaq istəyirlər, bəs indi özünü müasir Azərbaycanın müasir vətəndaşı hesab edən İnternet istifadəçilərinin ağlı harada qalıb?

30 il keçib, bu 30 ildə dünya xeyli dəyişib, bəs siz niyə dəyişməmisiniz? 1990-cı ildə xalqı fəlakətə sürükləyən AXC liderlərini qəhrəman saymaq olardı, çünki onların iç üzü hələ açılmamışdı, bəs indi də bunu anlamırsınız?

Qarabağ, Azərbaycan və Ermənistan, Cənubi Qafqaz uğrunda mürəkkəb və mübhəm oyunlar gedir, Azərbaycan Respublikası bu oyunu şəksiz öz xeyrinə yönəldə bilib və bu vaxt bir ovuc dünyadan bixəbər vəzifə hərisi oyuna qatılıb öz ənənəvi cığallığı ilə qələbəmizi məğlubiyyətə çevirmək istəyirlərsə, bunun adını nə qoymaq olar?

Sayıq olun, xainlər heç cür sakitləşmək istəmirlər, onlar suyu daim bulandırmağa hazırdırlar…”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button