ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa Şurası azərbaycanlı fəalların üzərindən məhkumluğun götürülməsinə çağırıb

Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, onlardan biri araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına və reputasiyasına, habelə ifadə azadlığına hörmət hüququnun pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə əlaqədardır.

Şikayət jurnalistə qarşı hədələr, şantaj, həmçinin onun intim kadrlarının İnternetdə yayılması ilə bağlıdır.

Eyni zamanda, hakimiyyətyönlü KİV-də jurnalistin “hökumət əleyhinə qərəzli mövqeyi” və onun “əxlaqsız davranışı” haqda materiallar yayılıb.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti jurnalistə qarşı cinayətlərin effektiv araşdırılmasını təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi hakimiyyəti İsmayılovaya qarşı törədilmiş cinayət əməllərinin (söhbət ona təhdid məktubunun göndərilməsi, şəxsi həyatının gizli videoçəkilişi və intim videoyazıların yayılmasından gedir) effektiv araşdırılmasının dərhal bərpa və təmin edilməsinə və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

Bundan əlavə, Nazirlər Komitəsi hökumətə jurnalistlərə qarşı cinayətlərlə bağlı tədbirlərin görülməsini, bu əməllərin onların peşə fəaliyyətilə mümkün əlaqəsinin araşdırılmasını təklif edib.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin üzərinə Nazirlər Komitəsinin bu ilin dekabrında keçiriləcək iclasında görülmüş tədbirlər barədə məlumat vermək öhdəliyi qoyub.

İkinci qətnamə “Anar Məmmədlinin qrupu” işinə aiddir, orada 2013-2016-cı illərdə həbs edilmiş 9 fəalın və jurnalistin işləri toplanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərdə onları cəzalandırmaq və susdurmaq məqsədilə cinayət qanunundan sui-istifadə edildiyini, əsasən 5-ci və 18-ci maddələr üzrə hüquqlarının  pozulduğunu tanıyıb.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova (2), Leyla və Arif Yunuslar, Bayram Məmmədov (mərhum), Qiyas İbrahimli, Məmməd Əzizov və Şahin Novruzlunun işləri üzrə qərarlarından gedir.

Nazirlər Komitəsi ərizəçilərə kompensasiyanın ödənildiyini qeyd edərək, eyni zamanda onların tam bəraət almadığını və onların üzərindən məhkumluğun götürülmədiyini bildirir.

Bununla əlaqədar Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini artıq mövcud presedentlər, əsasən siyasətçi İlqar Məmmədovun işi üzrə presedent nəzərə alınmaqla, sözügedən şəxslərin barəsində ittiham hökmlərini, onlar üçün bütün mənfi hüquqi nəticələri ləğv etməyə çağırıb.

Hökumətə təklif olunub ki, avqustun 1-dək görülmüş tədbirlər barədə məlumat verilsin, çünki sentyabrda Nazirlər Komitəsi qeyd olunan işlərə yenidən baxacaq.

Hüquqşünas Xalid Ağalıyev Nazirlər Komitəsinin qərarlarını şərh edərkən qeyd edib ki,  

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana dair qərarlarının icrası ilə bağlı məsələlər bu qurumun gündəmində qalır.

Bundan əlavə, əgər əvvəllər tədbir görmək üçün hökumətə daha çox vaxt verilirdisə, indi “Anar Məmmədlinin qrupu” işi üzrə avqustun 1-nə qədər vaxt verilib. Bu o deməkdir ki, irəliləyiş olmasa, sentyabrda Nazirlər Komitəsi daha sərt tələblərlə yeni qətnamə qəbul edəcək, hüquqşünas hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button