ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“AbzasMedia”nın direktoru Ülvi Həsənli kimdir? Niyə saxlanılıb?

20 noyabr səhər saatlarında Azərbaycan üçün köhnə-tanış xəbərlərdən biri yayıldı. “AbzasMedia”nın direktoru Ülvi Həsənli hava limanına gedərkən yoxa çıxıb. Sonradan onu polislərin saxladığı məlum oldu. Daha sonra “AbzasMedia” ofisində axtarış aparıldı, 40.000 avro pul tapıldığı iddia edildi. Bunun ardınca Həsənliyə qarşı 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham elan edildi və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi.
Ülvi Həsənli kimdir?
O, 10 avqust 1987-ci ildə keçmiş Kirovabadda (indiki Gəncə) anadan olub.
Ülvi 2005-ci ildə ADNA-ya daxil olub, lakin siyasi fəaliyyətinə görə 2006-cı ildə oradan uzaqlaşdırılıb. Həsənli 2008–2013-cü illərdə Azərbaycan Turizm ve Menecment Universitetində təhsil alıb.
Ülvi Həsənli 2000-ci illərdə Dalğa Gənclər Hərəkatında fəaliyyət göstərib və təşkilatın sədri olub. O, 2011-ci ildə yaradılmış Azad Gənclik Təşkilatının təsisçisi və sədri olub, 2013-cü ilin noyabr ayında bu vəzifədən istefa verib.
Demokratik Qüvvələrin Milli Şurasının da üzvü olan Həsənli bundan sonra NİDA Vətəndaş Hərəkatına üzv olub. O, sonradan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin də üzvü olub.
Ülvi Həsənli 2016-cı ildə təsis edilən “AbzasMedia” onlayn nəşrinin direktorudur.
“AbzasMedia” daha çox hakim ailə və dövlət məmurlarının korrupsiya əməllərini araşdırması ilə tanınır.
Həsənliyə 2017-ci ildə sağlamlıqla bağlı hərbi xidmətdən möhlət verilsə də, oktyabr ayında yeni təyin edilən müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanılıb. O, buradan ailəsi ilə sağollaşmağa imkan verilmədən birbaşa Bərdə rayonundakı hərbi hissəyə göndərilib.
Ülvi Həsənli 2020-ci ildə Azərbaycanda parlament seçkilərində bitərəf namizəd kimi iştirak edib.
Həsənli 2023-cü ilin iyununda Söyüdlü hadisələri haqqında məlumat verdiyinə görə Azərbaycan polisi tərəfindən Binəqədi rayon Polis İdarəsində saxlanılıb. O, həmin il ABŞ səfirliyində bir qrup siyasi fəalın keçirdiyi fləşmob zamanı da saxlanılmışdı.
20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlandı. O, saxlandıqdan sonra işgəncəyə məruz qaldığını deyir. Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham edilir.
“Amnesty International”, Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumlar Ülvi Həsənlinin həbsini qanunsuz adlandırıb və onun azad edilməsini tələb ediblər.
“AbzasMedia” daha çox hakim ailə və dövlət qurumlarının korrupsiya faktlarını araşdıran fəaliyyəti ilə tanınır. Sayt bugünə qədər İlham Əliyev və ailə üzvləri, keçmiş məmurlar, Bəylər Əyyubov, Əli Nağıyev, Ceyhun Bayramov və başqalarının korrupsiya əməlləri barədə onlarla araşdırma cəlb edib. Media qurumu, həmçinin, Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərindəki qeyri-şəffaflığı da sorğulayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button