ArxivMüsahibəXəbər lentiXəbərlər

Aşura məclislərinə qarşı hücumların pərdəarxası

“Bəzi əqidəsi bəlli olmayan ”ilahiyyatçı”ları televiziyalara dəvət edib, mətbuatda açıqlama alıb “Aşura”nı müzakirə etmək o deməkdir ki, bu əqidə nə qədər aşağılansa, sanki kimlərinsə uğurudur”

Əsrlər öncə, tarixin qanlı səhifəsində yer alıb, düşüncələrə, beyinlərə, qəlblərə hopmuş Kərbəla hadisəsi bu il də Azərbaycan Respublikasında izdihamlı insan toplumunun müşayiəti ilə  qeyd edildi. Amma hər il olduğu kimi, bu il də Kərbəla hadisəsi ölkə ərazisində birmənalı qarşılanmadı. Azərbaycan mediası da “Kərbəla” hadisəsini qələmə aldı. Amma necə? Əslində, mətbuatda səhnələşən “Aşura”nın pərdəarxasında hansı nüanslar gizlənirdi?

 Məsələ ilə bağlı  ilahiyyatçı Emil Rahiloğlu islamazeri.az-a açıqlamasında öz münasibətini bildirib. E.Rahiloğlu qeyd edib ki, “Aşura” mövzusunun mətbuatda bu şəkildə işıqlandırılması məcburiyyətdən irəli gəlir: “Azərbaycan mətbuatında bu ilki “Aşura” mövzusu demək olar ki, keçən illərdən fərqli olaraq birmənalı qarşılanmadı. Müşahidələrdən belə nəzərə çarpdı ki, bu günki hakimiyyətmi deyək, ya  bu məsələdə maraqlı dairələrmi deyək, “Aşura”nın keçirilməsindən olduqca narahatdırlar. Xüsusən “Aşura” mövzusunun bu şəkildə mətbuata çıxarılaraq müzakirə edilməsindən bu nəticəyə gəlmək olar ki, məcburiyyətdən, yəni xalqın tələbindən irəli gələn bir mövzudur. Amma əslinə qalanda heç bir əsası və sübutu yoxdur”.

“Bəzi əqidəsi bəlli olmayan ”ilahiyyatçı”ları televiziyalara dəvət edib, mətbuatda açıqlama alıb  “Aşura”nı müzakirə etmək o deməkdir ki, bu əqidə nə qədər aşağılansa, sanki kimlərinsə uğurudur”

E.Rahiloğlu qeyd edib ki, bu prosesləri nəzərə alsaq, görərik ki, əgər, heç kəs cəzalandırılmırsa, deməli, söhbət informasiya oyunudur və “Aşura”nın əzəmətinə, həqiqətinə, müqəddəsliyinə az da olsa, xələl gətirmək arzusunda olanların hiyləsidir: “ “Aşura” mövzusunda neçə illərdən bəri suallar, şübhələr, insanları maraqlandıran nüanslar fərdi insanlar tərəfindən olub və dəqiq cavablandırılıb. Amma bu ilin fərqi bunda idi ki, Qafqaz Müsəlmanlar İdarəsi belə bir mərasimə hazırlaşdığı bir zamanda Dini Qurumlar Üzrə Dövlət Komitəsi tərəfindən “Aşura”nın matəm deyil, əksinə bu gündə oruc tutmaq və dua etmək günü kimi dəyərləndirilir. Həmçinin bəyanatda bu günü matəm elan edənlər savadsız, geridə qalmış və hətta öz kitabından belə xəbəri olmayan kimi qeyd olunur. Bunu da qeyd edim ki, sonradan verilən təkzibiyyə arxadan atılan daş kimidir. Biz bu xəbərin oyun olduğunu yaxşı bilirik. Həmişə xəbərin təsir sahəsi daha geniş maraqla qarşılanır və təsir qoyur, nəinki sonradan verilən təkzibiyyələr. Əlbəttə, təkzibiyyə o zaman yenidən təsir qüvvəsini bərpa edir ki, yalan məlumata istinad edən ilk mənbə qanunda nəzərdə tutulmuş cəza tədbirləri ilə cəzalandırılsın. Çünki bu, sıradan bir məsələ deyil. Bu, olduqca böyük bir kütləni hakimiyyətə qarşı səsləməkdi. Dini Qurumlar Üzrə Dövlət Komitəsi ölkə başçısının dini işlər üzrə müavini hesab olunur. Belə bir həssas dönəmdə bu xəbərin çıxması ölkənin qarışmasında maraqlı olan insanlardır. Heç kəs cəzalandırılmırsa, deməli, söhbət informasiya oyunu və “Aşura”nın əzəmətinə, həqiqətinə, müqəddəsliyinə az da olsa, xələl gətirmək arzusunda olanlardır. Məsələn, neçə illərdir ki, bu gündə oruc tutmaq bizim üçün müzakirə obyekti deyil idi və heç kəs bizə bu barədə suallar vermirdilər. Artıq bu mövzudan sonra “Aşura” günü oruc tutmaq barəsində dəfələrlə suallar olunur və məsələnin həqiqətindən xəbərdar olmaq istəyən insanların sayı çoxalıb. Bəzi əqidəsi bəlli olmayan ”ilahiyyatçı”ları televiziyalara dəvət edib, mətbuatda açıqlama alıb  “Aşura”nı müzakirə etmək o deməkdir ki, bu əqidə nə qədər aşağılansa, sanki kimlərinsə uğurudur. Mən bu mövzuda internet səhifələrin elə də ciddiyə almıram. Çünki hər bir yazılan məqalənin və olunan sualın cavabını vermək imkanı genişdir. Baxmayaraq ki, bu il keçən illərdən fərqli olaraq hətta təhqirə də yol verildi. Yenədə cavab imkanı geniş olduğundan və əlimizdə dini medialar olduğundan kifayət qədər cavablandırıldı.”

“Hər bir ağlı başında olan insan milli qəhrəmanımız şəhid Mübarizin məktubunu oxuyanda onun ruhunun  hansı azadlıq məktəbindən qidalandığını aşkarca görür”

E.Rahiloğlu bildirib ki, “Aşura məktəbi” kişilik, şəhidlik, azadlıq məktəbi olduğu üçün buna ölkə mətbuatı geniş yer ayırmalıdır. Onun sözlərinə görə, “Aşura” ilə bağlı nəinki mətbuat, həm də televiziya kanaları da maarifləndirici layihələrlə çıxış etməlidirlər: “Hətta deyərdim məhərrəm ayının ilk on günündə televiziya kanallarında konkret maarifləndirici işlər aparılmalıdır. Çünki, bildiyimiz kimi, 20 faiz torpaqlarımız işğal altındadır. Demək olar ki, ölkə mətbuatında, televiziya kanallarında vətənpərvərlik ruhiyyəsini aşılayan verilişlərə qətiyyən rast gəlmirik. Əksinə, bu gün televiziya ekranları toy-bayram, milli mentalitetə zidd reklamlar, insanların şəxsiyyətini aşağılayan şou proqramlar və sair səviyyəsiz xəbərlərlə doludur. Amma hər bir ağlı başında olan insan milli qəhrəmanımız şəhid Mübarizin məktubunu oxuyanda onun ruhunun  hansı azadlıq məktəbindən qidalandığını aşkarca görür. Artıq hamı bir dəfəlik başa düşməlidir ki, bu məktəb 1400 illik tarixin bundan da qat-qat çətin imtahanlarını geridə qoyub və qiyamətə kimi qalacaqdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button