ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qarabağda ərzaq böhranı: Azərbaycan Ağdam-Xankəndi yolunun, Ermənistan isə Laçın dəhlizinin açılmasında niyə israr edir?

İyunun 15-dən bəri Azərbaycan Laçın sərhəd məntəqəsi ilə Xankəndi/Stepanakertə gediş-gəlişi dayandırıb. Hazırda yol yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinə tibbi məqsədlər üçün açıqdır.
Ermənistan Azərbaycanı Qarabağda “qəsdən” humanitar böhran yaratmaqda ittiham edir. “Humanitar böhran” iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını əsas gətirərək Qarabağa humanitar təminat üçün Ağdam-Xankəndi yolunu təklif edir. Erməni tərəfi isə bundan imtina edir.
Ağdam-Xankəndi yolu nədir? Yaranmış vəziyyət necə həll oluna bilər? BBC Azərbaycanca bu və digər suallara aydınlıq gətirməyə çalışıb.
Azərbaycan və Ermənistan arasında “humanitar yardım” böhranı necə yarandı?
Rəsmi Bakı və Yerevan arasında Ermənistandan Qarabağa və əks istiqamətdə yüklərin daşınması ilə bağlı böhran əslində 2022-ci ilin axırlarında ortaya çıxıb.
Həmin vaxt Azərbaycan hökuməti bir neçə dəfə Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların işlənməsi və ixracından narahatlığını dilə gətirərək, Rusiya Sülhməramlı Kontingentindən (RSK) onun nəzarəti olmadan bölgədə aparılan “qeyri-leqal” fəaliyyətin monitorinqini tələb edib.
Ötən il dekabrın 3-də və 7-də RSK ilə müzakirələrdən sonra əraziyə baxışın aparılmasına dair razılıq əldə olunsa da, monitorinqin keçirilməsinə “maneə törədilib”. Bunu əsas gətirən azərbaycanlı eko-fəallar dekabrın 12-dən etibarən, Şuşadan Xankəndinə gedən yolun üzərində aksiyaya başlayıblar.
Azərbaycan aprelin 23-də Laçın dəhlizinin girişində, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi qurduqdan bir neçə gün sonra – aprelin 28-də eko-fəallar Şuşa-Xankəndi yolundakı oturaq aksiyanı “müvəqqəti” dayandırdıqlarını elan ediblər. Bundan sonra Qarabağ erməniləri Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edərək Ermənistana gedib-gəliblər.
Amma iyunun 15-də bu sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra rəsmi Bakı “müvafiq tədbirlər” görməsi səbəbi ilə ümumi gediş-gəlişi dayandırmışdı.
Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin bu keçiddən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq ittihamlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün Laçın keçid məntəqəsini açıq saxlayır.
Qarabağdakı ermənilər eko-fəalların aksiyası zamanı, eləcə də Laçın yolu üzərində sərhəd-keçid məntəqəsi qoyulduqdan sonra gündəlik ərzaq təchizatında problemlərin yarandığını və böhranla üzləşdiklərini bildirirlər.
Ermənistanda düşünürlər ki, Qarabağda böhran əslində İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanın dəfələrlə regionun qaz və elektrik təchizatını kəsməsi ilə yaranıb. Azərbaycan tərəfi isə elektrik və qaz təchizatında yaranan fasilələri “hava şəriti və texniki problemlərlə” əsaslandırıb.
Bundan əlavə, rəsmi Bakı istər eko-fəalların aksiyalarının, istərsə də Laçın yolu üzərindəki sərhəd-buraxılış məntəqəsinin “humanitar böhran yaratmadığını” və erməni sakinlərin üzləşə biləcəyi “bütün humanitar ehtiyacları operativ şəkildə” həll etməyə hazır olduğunu deyib və Ağdam-Xankəndi yolunu təklif edib.
Bakı niyə Ağdam-Xankəndi yolunu təklif edir?
Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə dəfə bəyanatlarında Qarabağ ermənilərinə humanitar yardım göstərmək məqsədi ilə Ağdam-Xankəndi yolunun işlək vəziyyətə gətirildiyini bildirib.
Ermənistan bu yolu Azərbaycanın nəzərdə tutduğu “operativ həll variantı” kimi görsə də, yüklərin Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi boyu daşınmasını istəyir və bunu Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın müddəaları ilə əsaslandırır.
Azərbaycan tərəfi Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul etdiyini bildirir və bu regionun Azərbaycanın suveren ərazisi olduğunu əsas gətirərək, humanitar yardımın məhz Bakıdan Ağdam-Xankəndi yolu ilə daşınmasında israr edir.
Rəsmi Bakı həmçinin son aylar ərzində Ermənistanla sərhəd rayonlarda bir neçə hərbçisinin, eləcə də mülki əhalinin minaya düşdüyünü əsas gətirərək, Ermənistandan humanitar yardım adı altında Qarabağa silah-sursat daşındığı iddialarını səsləndirib. Buna görə də, Azərbaycan Laçın dəhlizi ilə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus maşınların hərəkətinə icazə verib və humanitar yardımların isə Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib.
Rəsmi Yerevan Qarabağda hər hansı hərbi birləşməsinin olmadığını və Qarabağın separatçı hakimiyyətinə hər hansı hərbi dəstək vermədiyini açıqlayıb.
Azərbaycan hökuməti Qarabağ erməniləri ilə apardığı bir neçə görüş zamanı onların Azərbaycana reinteqrasiya məsələsini də gündəmə gətirsə də, onlardan müsbət cavab ala bilməyib.
Ağdam-Xankəndi yolunun təklif edilməsi, Azərbaycana həm də gələcəkdə Qarabağ ermənilərinin reinteqrasiyası baxımından vacib məqamdır. Bu, Azərbaycan xarici işər nazirinin müavini Araz Əzimovun iyulun 27-də ölkədəki diplomatik korpus üçün keçirilən brifinqində də ifadə olunub.
Bəs Ermənistan niyə Ağdam-Xankəndi yoluna qarşıdır?
Təkcə Ermənistan deyil, tanınmamış Dağlıq Qarabağ Respublikasında bəzi insanlar da humanitar dəstəyin Ağdam-Xankəndi yolu ilə həyata keçirilməsini təhdid kimi görürlər.
İyulun 14-dən etibarən, Qarabağ erməniləri buna etiraz olaraq, oturaq aksiyalara başlayıblar.
İyulun 19-da erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın rəhbərlik etdiyi “Artsaxın İnkişaf və Təhlükəsizlik Cəbhəsi”nin üzvləri Ağdamdan Xankəndinə gedən yolu beton plitələrlə bağlamışdılar.
Azərbaycanın Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, “qeyri-qanuni erməni silahlı dəstələri” Azərbaycan ordusunun Ağdam istiqamətində yerləşən mövqeləri qarşısında “uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd etsə də, görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə axşamı yerli medianın Ağdam-Xankəndi yolu ilə bağlı sualını cavablandırarkən bildirib ki, “Ermənistan Qarabağa yük daşınması üçün digər yollarla bağlı məsələ ətrafında müzakirə apara bilməz və buna səlahiyyəti də yoxdur”, lakin Ermənistan rəsmisi qeyd edib ki, Laçın dəhlizi ətrafında “qanunsuz blokada aradan qaldırılmalı və 9 Noyabr üçtərəfli bəyanatın müddəaları bərpa edilməlidir”, nazirliyin rəsmi saytında qeyd olunub.
Bununla belə, Mirzoyan Laçın dəhlizinə alternativin olmadığını və bu yolun yenidən açılmasının rəsmi Yerevan üçün “prinsipial məsələ” olduğunu deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə cümə günü Ermənistan tərəfinin açıqlamasına dair verdiyi şərhdə Ararat Mirzoyanın sözlərini “aqressiv ritorika” adlandırıb, nazirliyin saytında bildirilib.
Qurumun bəyanatında qeyd olunub ki, “Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz” və rəsmi Bakı öz ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə “yalnız bərabər yanaşma tətbiq edir və edəcək”.
Yerevanda mənzillənən Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan BBC Azərbaycancaya bildirib ki, nə qədər ki Azərbaycan “2020-ci il atəşkəs razılaşmasına zidd olaraq, Laçın dəhlizindəki hərəkətə müdaxilə edəcək, Ağdam üzərindən marşrut xəttinin qəbul edilməsi ümidi o qədər az olacaq”.
BBC Azərbaycancaya danışan siyasi təhlilçi Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın və Qarabağdak separatçı rəhbərliyin Ağdam-Xankəndi yoluna qarşı çıxması Laçın dəhlizinin əhəmiyyətinin de-fakto itirilməsi qorxusu ilə bağlıdır.
Bundan əlavə, o hesab edir ki, tanınmayan DQR rəsmiləri düşünürlər ki, əgər Ağdam-Xankəndi yolu ilə Azərbaycandan humanitar yardımların gəlməsinə razılıq versələr, bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gələcək.
Rəsmi Yerevanın narahatlığı Ağdam-Xankəndi yolunun işə düşməsindən sonra separatçı DQR ilə Ermənistan arasında sərbəst əlaqələrin tədricən aradan qalxması ehtimalından qaynaqlanır, siyasi təhlilçi deyir.
Elxan Şahinoğlunun fikrincə, Ağdam-Xankəndi yoluna etiraz edən Qarabağ erməniləri dolayısı ilə Azərbaycanın etdiyi reinteqrasiya təklifi ilə razılaşmırlar.
Hərçənd Qarabağ erməniləri bunu gizlətmir də və tez-tez Azərbaycana inteqrasiya olmaq istəmədiklərini bildirirlər.
Azərbaycan Ağdam-Xankəndi yolu ilə daşımaları necə həyata keçirmək istəyir?
Hazırda Bakının prioritet istiqaməti növbəti iki il ərzində Rusiya sülhməramlılarını öz ərazisindən çıxartmaq və Qarabağın separatçıların nəzarətində olan hissələrində legitimliyini bərpa etməkdir.
Buna nail olmaq üçün isə Bakı ilk növbədə Laçın yolunun əhəmiyyətini azaltmağa və Qarabağ ermənilərinin reinteqrasiya prosesinə başlamağa çalışır.
Ağdam-Xankəndi yolunun açılması bu işdə Azərbaycana kömək edə bilər. Rəsmi Bakı ilkin mərhələdə beynəlxalq təşkilatların vasitəçiliyi ilə humanitar yüklərin Bakıdan Qarabağa daşınmasına çalışır.
Lakin her kəs anlayır ki, istər Ermənistandan, istərsə də Azərbaycandan Qarabağa edilən humanitar yardımlar sonsuzadək davam edə bilməz, Elxan Şahinoğlu bildirib.
Bəs nə baş verəcək?
Riçard Qiraqosyanın fikrincə, son həftələrdə Azərbaycan tərəfinin Qarabağa yönəlik “mühasirə siyasətində sərtlik” müşahidə edilsə də, vəziyyətin tədricən yumşalacağına dair “etibarlı gözləntilər” var.
Ermənistanlı siyasi təhlilçi buna əsas kimi Qərb ölkələrinin son günlər “əhəmiyyətli dərəcədə məsələyə müdaxiləsini”, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin Moskvada keçirdiyi son görüşdəki müsbət məqamları göstərir və növbəti günlərdə Bakı və Yerevan arasında “de-eskalasiya meyllərinin” olacağı ehtimalını önə çəkir.
Bununla belə, təhlilçi siyasi arenada gərginliyin qısa zamanda azalmasının mümkünlüyünü desə də, hesab edir ki, sadə insanlar arasında mövcud olan gərginliyi aşağı salmaq daha çox vaxt aparacaq.
“Bakı və Yerevan arasında etimadın aşağı olması da bu prosesin uzanmasını tətikləyən amillərdən biridir”, – Riçard Qiraqosyan əlavə edib.
Elxan Şahinoğlunun fikrincə isə, rəsmi Bakı tədricən humanitar yardımları, [Qarabağdakı ermənilərlə] ticarət əlaqələrinin bərpası, şəxsiyyət vəsiqələrinin verilməsi, sərbəst hərəkət və milli valyutanın Qarabağda istifadəsi ilə əvəz etmək niyyətindədir.
Qarabağda yaşayan azərbaycanlılar BBC-yə bildiriblər ki, əslində Sovet İttifaqı dövründə də Qarabağ erməniləri gündəlik tələbat mallarını, o cümlədən ərzaqlarını almaq üçün Xankəndi-Ağdam yolu ilə Ağdam bazarına gəlirdilər.
Görünür, Azərbaycan yenidən həmin sistemi bərpa etmək niyyətindədir.
Bu, həm də imkan verəcək ki, rəsmi Bakı tədricən Laçın dəhlizini əhəmiyyətsiz marşrut xəttinə çevirsin.
Azərbaycan niyə Laçın dəhlizinin əhəmiyyətini azaltmağa çalışır?
Azərbaycan separatçı DQR və Ermənistan arasında Laçın dəhlizi üzərindən mövcud olan əlaqələrini özünün beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirir.
Bununla yanaşı, rəsmi Bakı Ermənistanla ticarət və ya hər hansı humanitar əlaqələrin üçüncü tərəfin, yəni separatçı DQR-in iştirakı olmadan qurmağa çalışır.
Elxan Şahinoğlu hesab edir ki, Ermənistanla hazırda hər hansı ticarət müqaviləsinin olmadığını əsas gətirən rəsmi Bakı “haqlı olaraq” Ermənistandan öz ərazisinə, yəni Qarabağa yüklərin daşınmasında maraqlı deyil.
Onların fikrincə, hazırda rəsmi Bakı Qubadlı istiqamətində yolları təmir etməklə, gələcəkdə Ermənistanla ikitərəfli ticarət əlaqələrini Laçın istiqamətindən deyil, alternativ yollardan istifadə etməklə qurmağı planlaşdırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button