Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına köçürülməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.
Onun vəkili Fəxrəddin Mehdiyevin Turan-a verdiyi məlumata görə, Hacıyev prosesdə iştirak edib və məhkəmədən istintaqın uzadılmasına hüquqi qiymət verməyi xahiş edib.
Vəkilin sözlərinə görə, Hacıyev barəsində heç bir istintaq hərəkəti aparılmır və onun həbsdə saxlanılması əsassızdır. Lakin məhkəmə Hacıyevin xahişini diqqətdən kənarda qoyub və şikayəti təmin etməyib.
Vəkil həmçinin uzunmüddətli aclıq aksiyası nəticəsində Hacıyevin səhhətində problemlər olduğunu qeyd edib. “Bəxtiyarın psixoloji vəziyyəti çox gərgindir. Onda panik atak başlayıb. O, dərman içir, amma bunun xüsusi bir təsiri yoxdur”, deyə vəkil bildirib.
** Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə azadlıqdan məhrum edib.
9 yanvar 2023-cü il tarixində Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina edib və o, aclığı bərpa edib. Yanvarın 21-də məhkəmə onun həbs müddətini 1 ay, fevralın 23-də isə daha iki ay – aprelin 28-nə qədər uzadıb.
Fevralın 28-də – aksiyanın 51-ci günündə Hacıyev aclığı dayandırıb.
ABŞ Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının nümayəndələri və bir sıra beynəxalq QHT-lər dəfələrlə Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.