ArxivIslamXəbər lentiXəbərlər

Allahın sönməyən nuru – Aşura

Rəhman, Rəhim Allahın adı ilə!

Məhərrəm ayının gəlişinə sayılı günlər qalıb. Ötən illərdə olduğu kimi bu il də müsəlman dünyası Seyyidüş-şühədanın əzəmətli əza ayına hazırlıq işləri görür. Tarix şahidlik edir ki, mübarək Məhərrəm-Səfər ayları mübariz insanların sebirsizliklə gözlədikləri aylardır. Bir haldakı Məhərrəm ayında elə elə bir hadisə baş verib ki, İslam tarixində – İslamı canlı saxlamaq, diri qalmasını təmin etmək nöqteyi-nəzərindən bu hadisə qədər ikinci əzəmətli hadisə baş verməyib. Kərbəla hadisəsində tapmaq istədiyimiz bütün müsbət keyfiyyətlər cəmlənməkdədir. Səbr, fədakarlıq, qəhrəmanlıq, şəhadət, dua, Allahdan razılıq, ilahi beyət, nübuvvət evinə sədaqət və başqa bu kimi dəyərləri ehtiva edir Kərbəla hadisəsi.

Nə üçün bu gün də İmam Hüseyn (ə) şüarlarını boğmağa cəhdlər edilir?

Tarix böyu zalım xəlifələr sözün həqiqi mənasında İmam Hüseynlə (ə) müharibə etmişlər. Məlun Yəzid İmamın (ə) qətlini əmr etmişdirsə, ondan sonrakı Abbasi və Əməvi xanədanının yaramaz xəlifələri İmamın (ə) qəbrini dağıdıb möminlərin qəlbindəki hərarəti və məhəbbəti söndürmək istəmişlər. Amma, buna heç aman nail ola bilməmişlər. Burada sual çıxır meydana? Görəsən qüdrətə çatmış imperiya başçılarının dünyasını dəyişmiş bir insanın məzarıyla nə işi ola bilər? Nə üçün elə Kərbəlanın baş verdiyi zamanda da, ondan sonra da, indinin özündə də zalım başçılar, dırnaqarası müftilər və din xadimləri tərəfindən İmam Hüseynin (ə) haqq uğrunda apardığı dava ört-basdır edilməyə çalışılır. O zamanlar Şureyh qazi kimilərin əliylə İmam (ə), bu zamanlarda da Səudiyyənin vahhabi müftiləri tərəfindən İmam Hüseyn (ə) əzası küfr, şirk kimi qələmə verilir. Allah şahiddir ki, bu insanların məqsədi İslamı qorumaq deyil. Vahhabi Səudiyyə müftiləri, imam camaatları İslam dərdi çəkən olsaydılar Qədir-Xumu inkar edib rəhbərin referendum (səqifə hadisəsi) tərəfindən seçilməsinin vacibliyini önə çəkdikləri halda, bircə dəfə də ölkələrində bir əsrə yaxındır seçkilərin keçirilmədiyini və mütləq monarxiya ilə idarə edilyini dilə gətirərdilər. Amma, bunu heç vaxt edə bilmirlər. Çünki Ali Səud hökümətinin təhsil mərkəzində oxuyub İslamın yox məhz Səud ailəsinin hökümətinin xeyrinə fətva verən müftidən bundan başqa heç nə gözləmək olmaz. Onlar öz hakimiyyətlərindən ötrü təlaş içində olduqları üçün mümkün qədər İmam Hüseyn (ə) şüarlarını boğmağa çalışırlar. İmam Hüseyn (ə) aşiqi Ayətullah Nimri (r) tələsik bir şəkildə edam etdilər. Çünki tez bir zamanda şiələrin vahhabi höküməti əleyhinə qalxmalarına səbəb olmuşdu.

Mübahilə günündən bizə miras qalan incə nöqtə

Bir qədər keçmişə qayıdıb Mübahilə gününə nəzər salsaq maraqlı olar. Mübahilə günündə İmam Hüseynin (ə) təqribən 5-6 yaşı olardı. Nəcran məsihiləriylə qarşılıqlı lənətləşməyə gələn Allah Rəsulu (s) özüylə ancaq Əhli-Beytini (ə) aparmışdı. Onların arasında İmam Hüseyn (ə) də var idi. Nəcran məsihilərinin başçısının sözü tarixə qızıl hərflərlə həkk edilib. O deyirdi ki, mən elə insanların gəldiyini görürəm ki, onlar “amin” desələr bizim sonumuz olar. Diqqət edin Peyğəmbər (s) Allahdan yalançılara lənət istəyir, İmam Hüseyn (ə) “amin” deyir və Nəcran məsihilərinin həmin məntəqə qəbiristanlığına çevrilir. Bu səbəbdən onlar Mübahilədən qaçırlar, birtəhər razılığa gəlirlər. Baxın, İmam Hüseyn (ə) “amin” desəydi Allah məhv edərdi nəcranlıları. Çünki O (ə) o xanımın övladıdır ki, Onun (s.ə) qəzəbiylə Allah qəzəblənərdi. Təsəvvür edin düz əlli il sonra həmin İmam (ə) Kərbəlada Mübahilə günündəki fövqəladi qüvvəyə malik olan nifrindən, “amin”dən heç birini işə salmır. Hərçənd qeyd olunur ki, mələklər ordusu əmrə tabe idilər, yerə enib Bədr döyüşündəki kimi cihadda iştirak edə bilərdilər. Amma, bu döyüş Bədr deyil idi, Kərbəla idi və Allahın dini şəhadətlə diri qalmalı idi. Həmin döyüşdə vücudi iştirakla İmam Hüseyn (ə) bizə zülm önündə dayanmağı öyrətdi. Bir insanın “amin” deməklə qələbə çalması mümkün olduğu halda son damla qanına qədər savaşmaqla həqiqi qələbəni əldə edir. Sonrakı ümmətlərə bu əsil din və vicdan dərsi. Bu səbəbdəndir ki, İslam tarixi boyu ikinci bu cür hadisəyə rast gələ bilmərik ki, əsrlərdir bütün maneələrə, ittihamlara, böhtanlara baxmayaraq şəni əziz tutulur. Qılıncıyla, qələmiylə, minbəriylə, yazısıyla cihad edən hər bir şəxs “Ya Hüseyn” deyib cihada qalxır.

Nə üçün zülm və ədl məsələsi qabardılır?

İnsan fitrətən yaxşılığa meyilli və pislikdən uzaq olmağa çalışan bir varlıq. Əgər eyni şərtlər daxilində pislik və ya yaxşılıq etmək kimi iki iş ixtiyarına verilsə təbii ki, yaxşılıq etməyi seçəcək. Yaxşılıqlardan biri də ədalətlə rəftar etməkdir. Onun əksi zülmdür. Diqqət etsək görərik ki, Allahın bir çox zati, feli sifətləri vardır ki, bunların arasında ədl, ədalət daha məşhurdur. Çünki Allah-Təalanın bütün felləri ədalə əsasındadır. Ədalətə veriln məşhur tərif hər şeyi öz yerinə qoymaqdır. İmam (ə) gözəl bilirdi ki, Yəzid məlunun oturduğu yer onun yeri deyil. Yəzidin İslam Peyğəmbərinin (s) yerində oturmasını zülm hesab edirdi İmam (ə). Ona görə Yəzidi yerində oturtmaq lazım idi. Yəzidin xəlifə olma xəbəri İmam Hüseynə (ə) çatan kimi İmam (ə) buyurdu ki, salam olsun İslama, əgər ümmət Yəzid kimi bir çobanla (idarəçi) imtihan ediləcəksə. (“Salam olsun” ibarəsi burada xudafizləşmək anlamındadı.) Yəzid məlunun atası Müaviyə (l) min bir hiylə işlədərək oğlu üçün beyət toplamışdı. Zülmü gətirib zorla ədalət təxtində oturtmaq istəyirdi. Amma, bu yolverilməz idi. Çünki Yəzidə beyət etmək Quran kəlamının, nəbəvi hədislərin üzərindən xətt çəkmək anlamına gəlirdi. Yəzidə beyət etmək Peyğəmbər (s) sünnəsini göz görə-görə yoxluğa gömmək idi. İmam (ə) buna imkan vermədi.

İslam Peyğəmbərinin (s) təyin etdiyi meyar

İslam Peyğəmbəri (s) o zamandan bir meyar təyin etmişdi. Məsələn “Əli haqq ilədir, haqq Əli (ə) ilədir, Əli hara getsə haqq onun ətrafında dövr edir.”, “Əlini ancaq mömin sevər və Əliyə ancaq münafiq nifrət edər” məzmununda hədisləri Peyğəmbərin (s) dilindən eşitmişdi o zaman səhabələr. Hətta bəzi səhabələr deyirdi ki, biz bir zamanlar münafiqlə mömini ayıra bilmirdik. O zamana qədər ki, İslam Peyğəmbəri (s) bir meyar təyin etdi. İmam Hüseyn (ə) də bir meyar idi. Peyğəmbər (s) buyurmuşdu ki, Hüseyn hidayət çırağı və nicat gəmisidir.

Müasir dövrümüzdə tarix təkrarlanır. Bəzi batil firqələr meydana çıxdı zaman-zaman. Bu günümüzdə vəhhabi təkfirçiləri, son zamanlarda da İŞİD başkəsənləri İslamı dünyada nüfuzdan salmağa cəhd edirlər. Bəşərin görmədiyi olmazın vəhşilikləri lentə alıb dünyaya göstərirlər ki, dünya İslama nifrət eləsin. Digər tərəfdən də bu dəstələri meydana çıxaran qüvvələr tərəfindən silahlanıb Səudiyyə müftilərinin səyləri nəticəsində əhatə dairələrini genişləndirməyə səy göstərirlər. Lakin digər tərəfdən sözün həqiqi mənasında Allah hüseynçi rəhbərlərin əliylə vahhabiyyət adlı İslam düşmənlərinin şərrini İslamdan dəf edir. Bir tərəfdə Səudiyyə və İŞİD vəhhabiləri İslamı gözdən salmağa çalışırsa, onların bütün cinayətləri şiə məracəsi, İran, Hizbullah tərəfindən ifşa edilir. Bir tərəfdən dünya vahhabiyyətə aldanıb İslama nifrət edirsə də, digər tərəfdən zülm önündə dayanan haqq ordusunu görüb İslama olan baxışlarında islahatlar aparmağa çalışırlar.

Allahın zahir olub cəzalandırmasını gözləyən firqə

Biz deyəndə ki, Allahın Quranda buyurduğu “Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.” ayəsinin bariz nümunəsi İmam Hüseyn (ə) kərbəlasıdır, vəhhabi zehniyyəti buna təhəmmül edə bilmir. Elə bilirlər ki, Allah – nəuzu billah – zahir olub düşmənlərinin başına qapaz çəkəcək. Amma həqiqət budur ki, Allah öz nurunu sönməyə qoymur. Kimin vasitəsiylə? Saleh bəndələrinin. Bu saleh bəndələrin arasında kimlər daha çox bu nurun davamlı olmasını təmin etməyə daha layiqdirlər? Əlbəttə ki, məsum peyğəmbər (ə) və imamlar (ə). Allah onların vasitəsiylə dinini qoruyub saxlayıb və nurunu tamamlayıb.

İmam Hüseyn (ə) bu nuru qanıyla qoruyub saxladı. Diqqət etdikdə görürük ki, bu günün özündə belə İslam dünyasında balaca hərəkətlənmə də olduqla “Ya Hüseyn!” şüarları altında baş verir. 20-ci əsrin ən səs-küylə inqilabı olan İran İslam inqilabı hüseynçi bir alimin rəhbərliyi altında baş verdi. Necə ki, o zamanlar Muxtar (ə) qiyamı, Təvvabin qiyamı “Ya Hüseyn!” şüarlarıyla gerçəkləşirdi, İmam Xomeyni (r) inqilabı da “Ya Hüseyn” şüarı ilə illərdir hegemon dövlətlərin əlaltısına çevrilmiş şah rejimindən xilas etdi müsəlman bir xalqı. Bu günədək də, İmam (r) “bizim nəyimiz varsa məhərrəm-səfər bərəkətindəndir” şüarı ilə davam etməkdədir. (Allah İmamın (ə.f) zühuruna qədər davamlı etsin.)

Aşuranı diri saxlamaq ədaləti diri saxlamaqdır

Təbii ki, hər il olduğu kimi bu il də əks təbliğat maşını işə düşüb, zehinlərə şübhə toxumu səpməyə çalışanlar növbəyə durub; Uzun müddət keçib, niyə hələ də əza tuturuq, əza tutmaq İslamda bidət və şirkdir, bunun yerinə müasir formada başqa bir şey hazırlamaq lazımdır… Bu və buna oxşar iradlarla rastlaşırıq. Lakin düşünmürlər ki, Aşuranı canlı saxlamaq ədaləti qorumaqdır. Ədaləti qorumağın ən gözəl yolu ona riayət etməkdir. Aşura bizə necə ədalətə riayət etməyi öyrədir. Aşura şüarları aradan getsə ədalətdən əsər – əlamət qalmaz, ümmət içində meyarlar itər. Əlbəttə tarix boyu bu kimi yersiz şübhələrə alimlər tərəfindən layiqli cavablar verilib. Ona görə də hər zaman olduğu kimi bu il də Məhərrəm-Səfər aylarını lazımınca, İmama (ə) və əshabına (ə) layiq bir şəkildə qeyd etməliyik. Unutmamalıyıq ki, Aşura İslamın diri qalmasının təminatçısıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button