ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Aksiya taktikası effektiv oldumu? (Təhlil)

Azərbaycan vətəndaşlarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiya 100 gündən çoxdur davam edir. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

SəhərAzərinin məlumatına əsasən, Ermənistan tərəfi Azərbaycanı aksiya ilə Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Hətta bu məsələyə ötən ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) də baxılıb. Dekabrın 21-də AİHM Laçın dəhlizi ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Məhkəmə Azərbaycanın tibbi yardıma ehtiyacı olan ağır xəstələrin dəhlizdən Ermənistana aparılmasının təmin olunmasından ötrü gərəkən bütün tədbirləri görməsini istəyir. Qərarda həmçinin, yolda sığınacaqsız qalmış, yaxud yaşam üçün vasitələrə ehtiyacı olanların təhlükəsiz keçidinin təmin edilməsi öhdəliyi qoyulub.

Prezident İlham Əliyev isə yanvarda yerli telekanallara müsahibəsində bildirmişdi ki, məqsəd blokada deyil və tələblər tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq”.

Azərbaycan rəsmiləri bu ayın ortalarında isə deyiblər ki, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə yoldan 4 mindən artıq nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan 150-dən çox şəxs keçib.

Bəs bu aksiya nə qədər davam edəcək? Turan xəbər agentliyi bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrlərini öyrənib . O bildirib ki, ekofəalların aksiya keçirmələrinə konkret səbəbləri və motivləri var: “Bu aksiyanın başlamasına gətirib çıxaran səbəblər qismən aradan qaldırılıb. Nəticələr də var. Məhz bu aksiyanın birbaşa təsiri nəticəsində Azərbaycanın təbii ehtiyatlarının talan edilməsi, ekoloji terror siyasəti dayandırıldı və həmin yataqların istismarı dayanmış oldu”.

O vurğulayıb ki, hazırkı hədəf monitorinqin təmin olunması, vurulmuş ziyanın hesablanması və qarşı tərəfə təqdim edilməsidir: “Bu hədəfə çatana qədər də aksiyanın davam etməsi istisna deyil”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə bildirib ki, Azərbaycan iqtidarı bu aksiya ilə heç nəyə nail ola bilməyib: “Bu aksiya hətta tam əks effekt verdi. Avropa Parlamentinin qətnaməsində bu aksiya qınanıldı, Azərbaycan Qarabağda yaşayan ermənilərin nəfəsliyini kəsən tərəf kimi qeyd olundu. Həmçinin Avropanın ayrı-ayrı ölkələri bununla bağlı bəyanatlar verdilər, BMT-də bu məsələ ilə bağlı mövqe sərgiləndi. Dünya ictimaiyyəti bunu müsbət qarşılamadı və bu tamamilə Azərbaycanın əleyhinə yönəldi”.

Politoloqun fikrincə, ikinci qazanan tərəf Rusiyadır.

Siyasi şərhçi Ərəstun Oruclu düşünür ki, Laçın-Xankəndi yolunda etirazlar yumşaq güc aksiyasıdır: “Əslində Azərbaycan bununla mesaj vermiş oldu ki, mən prosesləri öz nəzarətimə qaytarmağa çalışıram, bunun üçün də əlimdə müəyyən resurs var. Xoşbəxtlikdən də antiterror əməliyyatı, hərbi aksiyalara deyil, yumşaq güc aksiyasına üstünlük verildi”.

Amma onun sözlərinə görə, eyni tələblərlə aksiyanın 100 gündən çox davam etməsi müəyyən neqativ effektlər doğurub: “Onlardan biri də beynəlxalq aləmdə Qarabağ ermənilərin blokadaya alınması kimi rəy yaradıldı. Bu təbliğat Azərbaycanın ziyanına işlədi. Azərbaycan bu məsələnin informasiya təminatını reallaşdıra bilmədi”.

Politoloqun fikrincə, mənfi tərəflərdən biri də budur ki, aksiya Qarabağ ermənilərini Rusiya sülhməramlılarına bir qədər də yaxınlaşdırdı: “Ruslar Qarabağ ermənilərinə göstərdilər ki, biz olmasaq, Azərbaycan sizi blokada ilə boğar. Bu mənada bu, Rusiyanın maraqlarını təmin etmiş oldu”.

O hesab edir ki, Azərbaycanın bu aksiyadan qazancları olsa da, itkiləri daha çox oldu.

qafqaz.ir.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button