Müsahibə

Akif Heydərli: “MSK sənədləri qəbul edən adamı gizlədir”

Azərbaycan İslam Partiyası sədrinin müavini Akif Heydərli sentyabrın 2-də “Media forum”un suallarını cavablandırıb
– Mərkəzi Seçki Komissiyası partiyanızın lideri, məhbus Mövsüm Səmədovun prezidentliyə namizədlik sənədlərinin təqdim olunmadığını bəyan edir. Siz isə bildirirsiniz ki, sənədlər verilib. Məsələyə aydınlıq gətirmək üçün MSK-ya müraciət etdinizmi?
– Biz İslam Partiyasının, “Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Bloku” təşəbbüs qrupunun namizədinin sənədlərini MSK-ya təqdim etmişik. Sənədləri Kəmalə adlı bir xanıma vermişik. Bizdən sənəd götürən xanım MSK-dan yoxa çıxıb, telefonları da bağlıdır. Bu, hakimiyyətin Mövsüm Səmədova qarşı qərəzini MSK-da da davam etdirdiyini göstərir.

– Belə çıxır ki, MSK Mövsüm Səmədovun sənədlərini gizlədir?
– MSK həmin sənədləri qəbul edən Kəmalə adlı xanımı gizlədir və ya ola bilsin, onu işdən çıxarıblar.

– Məhkəməyə müraciət edəcəksinizmi?
– Mövsüm Səmədovun bu günədək onlarla məhkəməsi olub. Haqsız yerə həbs olunan Hacı Mövsümə 12 il iş verilib. Bizim məhkəmə prosesinə qayıtmağımız və MSK-ya məhkəmə iddiası qaldırmağımız lüzumsuzdur. Əgər MSK mənim sənəd verməsini gizlədirsə, heç bir etikaya sığmayan şəkildə bunu danırsa, bununla bağlı məhkəməyə müraciət etmək yersizdir.

– Seçkiyə hazırlığınız davam edirmi?
– Əlbəttə, biz seçkidə öz sözümüzü deyəcəyik. Seçkiyə hazırlığı dayandırmamışıq. Yaxın günlərdə Baş Məclisin iclası olacaq. Ola bilsin, seçkiyə gedib bülletendəki bütün namizədlərin üstündən xətt çəkəcəyik və ya hansısa namizədi dəstəkləyəcəyik. Bir sıra partiyalarla sıx əlaqələrimiz olub. Vətəndaş və İnkişaf, Demokrat, Ədalət partiyalarının namizədlərinin və digər namizədlərin seçki platformasını nəzərdən keçirəcəyik.

– Milli Şuranın namizədi Cəmil Həsənlinin dəstəklənməsini də müzakirəyə çıxaracaqsınız?
– Bizim Milli Şura ilə bağlılığımız Mövsüm Səmədov həmin qurumdan çıxandan sonra, demək olar, tam kəsildi.

– Partiya Baş Məclisinin üzvü, Milli Şurada təmsil olunan Natiq Kərimov adını çəkdiyiniz partiyaların namizədinin dəstəklənməsinə etiraz edəcəyini deyib. Partiyanızın daha bir üzvü Rövşən Əhmədli də Milli Şuradadır, o da bənzər mövqe tuta bilər…
– Mən Natiq Kərimovun və Rövşən Əhmədlinin Milli Şurada elə bir fəaliyyətinin şahidi olmamışam. Amma Natiq Kərimov sərbəst insandır. İslam Partiyası hər kəsə bu sərbəstliyi verib. O, öz etirazını bildirə bilər. Bu onun hüququdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button