Sentyabrın 6-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması barədə istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarına əsasən, o, noyabrın 13-dək həbsdə qalacaq. Bu barədə Turan-a onun vəkili Günay İsmayılova bildirib.
Müdafiə tərəfi jurnalistin ilkin həbs müddətinin uzadılması barədə qərarı əsassız hesab edir və Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.
Jurnalist özü məhkəmədə bir daha bildirib ki, jurnalist fəaliyyətinə görə həbs olunub, o, irəli sürülən ittihamı rədd edib.
*Elnarə Qasımova yanvarın 15-də Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham üzrə həbs edilib. O 2023-cü ilin noyabrında – 2024-cü ilin yanvarında “Abzas Media işi” üzrə həbs olunmuş altı jurnalist və media işçisindən biridir. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
Əvvəlcə onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Lakin avqustun 16-19-da jurnalistlərə qarşı daha ağır ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması), 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq), 320.1-ci və 320.2-ci (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə), 213.2.1-ci (vergidən qrup şəklində yayınma) maddələri.
Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar.