ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ və Azərbaycan insan alverinə qarşı mübarizə aparır

Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar və Azərbaycan insan alveri ilə məşğul olanları mühakimə etmək, qurbanları mühafizə etmək və insan alveri hallarının qarşısını almaq kimi sahələrdə fəaliyyət göstərərək insan alverinə qarşı mübarizə aparır.

“Dövlət Departamenti və USAID/Azerbaijan Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək” – deyə, məlumatda qeyd edilib.

ABŞ Dövlət Departamentinin iyulun 2-də 2021-ci il üçün İnsan Alverinə dair hesabatı (2021 Trafficking in Persons (TIP) Report) açıqlanıb. Adı çəkilən hesabatda 188 ölkə və ərazi qeyd edilib.

Bu hesabatın Azərbaycan hissəsində deyilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir. Buraya məhkum olunmuş insan alverçilərinə daha sərt cəzaların verilməsi, ölkədaxili insan alveri də daxil olmaqla daha çox qurbanın aşkarlanması daxildir.

Hesabatda hüquq-mühafizə orqanlarının insan alverinə qarşı fəaliyyətinin azaldığı da qeyd edilir, ötən il məhkəmə qarşısına 21 təqsirləndirilən çıxarılıbsa, 2019-cu ildə bu say 30 olub. Məhkəmələr 15 insan alverçisini məhkum edib. 2019-cu ildə onların sayı 42 olmuşdu.

Pandemiyaya görə məhkəmə prosesləri təxirə salınıb. Amma hüquq-mühafizə orqanları bu dönəmdə də insan alveri daxil olmaqla, ağır cinayətləri prioritet hesab edib.

Hesabatda hökumətin ötən il qurbanlara yardım üçün 119 min manat, QHT-lərə Dövlət Dəstəyi Şurasının isə 172 min manat ayırdığı qeyd olunur.

QHT-lərin nəzdindəki sığınacaqların maliyyəsi aşağıdır, xarici qrantları məhdudlaşdıran qanunvericilik isə onların xarici donorlardan vəsait almasını mümkünsüz edir, sənəddə vurğulanır.

Hesabatın insan alveri üzrə ticarət profilində qeyd edilir ki, son beş ildə olduğu kimi, insan alverçiləri Azərbaycanda yerli və xarici qurbanları istismar edirlər. Azərbaycandan qurbanlar isə xaricə aparılır. Azərbaycanlı kişilər və oğlanlar Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə məcburi əməyə cəlb olunurlar.

Rəsmi Bakı hələ hesabata münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bildirir və tənqidləri qəbul etmir, qərəzli sayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button