ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ və Fransa Qarabağda sülhü müzakirə edib!?

Jan-İv Le Drian: “Qarabağda möhkəm sülhə nail olmaq üçün birgə addımlarımızı müzakirə etdik”

“İyulunun 4-də Fransa xarici işlər naziri Jan-İv Le Drian Vaşinqtonda mühüm məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemini də müzakirə edib”.

Nazir Jan-İv Le Drian Dövlət Departamentində və Ağ Evdə keçirdiyi görüşlərin yekunlarına dair bəyanatında: “Mən Minsk Qrupunun həmsədrləri qismində Ermənistan və Azərbaycan arasında möhkəm sülhə nail olunmasına yardımla bağlı birgə addımlarımız haqqında danışdım”, – deyə bildirib.

Məlumatı “Turan” yayıb.

Agentlik yazır ki, bəyanat dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon söhbətindən cəmi bir gün sonra yayılıb.

Dövlət Departamentinin məumatına görə, Blinken Baş nazirə ABŞ-ın Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin möhkəm siyasi nizamlanmasına yönəlmiş səylərini dəstəklədiyini deyib.

“Entoni Blinken Ermənistanı ATƏT-də konstruktiv əməkdaşlığa çağırıb və bütün saxlanılan ermənilərin tezliklə Azərbaycandan Ermənistana qayıtmasına dəstəyini təsdiq edib”, – Yerevana telefon zəngi ilə bağlı məlumatda bildirilir.

Rəsmi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur.

Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.

Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button