Xəbərlər

ABŞ təşkilatından Əliyevə ağır zərbə

Azərbaycan hakimiyyətini darmadağın edən 100 səhifəlik hesabat yayıldı

BBC, «Euronews», «Reuters», «Əl-Cəzirə» kimi dünya nəhəngləri«Human Rights Watch»un hesabatınıdərhal tirajladı

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı dünən “Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar” adlı 100 səhifəlik hesabat yayıb. Sənədin Azərbaycanda prezident seçkisinə təxminən bir ay qalmış ortaya çıxması diqqət çəkir. Üstəlik, BBC, “Euronews”, “Əl-Cəzirə”, “Reuters”, “The Economist” kimi dünyaca məşhur media orqanlarının dərhal bu hesabatı ayrıca xəbər kimi yayması da maraqlıdır.

Pis niyyətli siyasət

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti ölkədə müxalifləri susdurmaq üçün məqsədli şəkildə pis niyyətli bir siyasət yürüdür. Hökumətin apardığı bu siyasət ölkədə siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, hökumətin fəaliyyətini tənqid edənləri susdurmağa və qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib. Ölkədə sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları hüquqlarının boğulması prezident seçkiləri öncəsi daha intensiv xarakter alıb.
“Human Rights Watch” qeyd edir ki, son 18 ayda sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları sahəsində durum kəskin şəkildə ağırlaşıb. Hökumət bu dövr ərzində qondarma ittihamlar irəli sürərək siyasi fəalları həbs edib, tənqidçi jurnalistləri həbsə atıb, dinc etiraz aksiyalarını dağıdıb və fundamental azadlıqları məhdudlaşdıran qanunlar qəbul edib.
“Canlı ictimai müzakirələr və dinc aksiyalarda iştirak etmək azad və ədalətli seçkilərin başlıca şərtlərindəndi. Hökuməti tənqid edən və ölkədəki vəziyyət haqda məlumatlar paylaşan çoxlu sayda insanın həbsdə olması və ya susdurulmaq üçün təzyiqlərə məruz qalması ölkədə azad və ədalətli seçkilərin keçirilməsini demək olar ki, mümkünsüz edir”, – deyə hesabatın müəllifi və təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Georgi Qoqia bildirib.

Sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti əsassız olaraq və siyasi motivlərlə həbs edilmiş jurnalistlərin, siyasi fəalların,ÿhüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasını təmin etməlidir. “Human Rights Watch” bildirir ki, hökumət onu tənqid edənlərə qarşı qondarma və şübhəli ittihamlardan istifadə etmək hallarına son qoymalıdır.

Siyasi motivli 39 iş

Hesabatda 2012-ci ilin fevralından 2013-cü ilin avqustunadək ölkədə həbs olunan, saxlanılan, məhkum olunan və zorakılığa məruz qalan 39 müxtəlif şəxsin işilə bağlı dəqiq, ətraflı məlumatlar verilir: “Azərbaycan hökuməti uzun illərdən bəridir ki, ölkədə insan hüquqlarını ciddi şəkildə pozur. Lakin son illərdə ölkədə çoxsaylı həbslərin baş verməsi, sərt qanunların qəbul edilməsi və dinc etiraz aksiyalarına icazə verilməməsi və qarşısının alınması üçün göstərilən geniş çabalar aydın şəkildə göstərir ki, ölkədə ictimai və siyasi fəallığı məhdudlaşdırmaq istiqamətində hökumət yeni ciddi səylər göstərir.
Siyasi fəaliyyətlə məşğul olan gənclər hökumətin xüsusi hədəfinə çevrilib. Məsələn, 2013-cü ilin mart və aprel aylarında hökumət NIDA Vətəndaş hərəkatının 7 üzvünü həbs edib. Həbs edilən bu gənclərin hamısı “Facebook” və “Twitter” sosial şəbəkələrinin fəal istifadəçisi olaraq ölkədə iddia olunan korrupsiya və hüquq pozuntuları hallarına dair hökuməti tənqid edən statuslar yazırdılar. Həbslərin səbəbi olaraq hökumət iddia edir ki, Bakı şəhərində keçiriləcək dinc bir aksiyada bu gənclərin zorakılıq törədəcəkləri barədə guya, planları var imiş. NIDA təşkilatının bir üzvü və 2 digər gənc fəal inzibati qaydada həbsdə olduqları müddətdə onların başları məcburi şəkildə qırxılmışdı.
Digər tutulan və həbs olunanların siyahısına ən azı 6 jurnalist, Kür daşqınlarından zərər çəkənlərin hüquqlarını qoruyan 2 hüquq müdafiəçisi və evlərindən məcburi çıxarılan mülk sahiblərinə adekvat kompensasiya verilməsi üçün çalışan bir vəkilin işi daxildir”.
“Hökuməti tənqid edən və ictimai əhəmiyyət daşıyan məsələlər haqqında danışan adamların təqib olunması ölkədə tənqidçiləri boğmaq üçün çox şübhəli və utanmazcasına açıq formada edilən bir cəhddir. Hökumət belə insanlara qarşı saxta ittihamlardan istifadə etməyi dayandırmalı və həbs edilənləri azad etməlidir”, – deyə Qoqia bildirib.

Korrupsiya içində boğulan Azərbaycan

Hesabat müəllifləri Azərbaycanda korrupsiya problemini də diqqətdən qaçırmayıb. Sənəddə qeyd olunur ki, Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biridir. Təsadüfi deyil ki, “Beynəlxalq Şəffaflıq” (Transparency International) təşkilatının hesabatında Azərbaycan 176 ölkə arasında 139-cu yerdə qərarlaşıb.

Səlahiyyətsiz parlament

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan real hakimiyyət bölgüsü yoxdur. Bütün səlahiyyətlər icra hakimiyyətinin əlində cəmləşib. Parlament faktiki tamamilə səlahiyyətsiz quruma çevrilib və Prezident Administrasiyasından göndərilən sənədləri təsdiqləməklə məşğuldur.

Hakimiyyətin azad mətbuata qarşı antaqonist münasibəti

Azərbaycanda azad mediaya qarşı basqılar, o cümlədən hakimiyyəti tənqid etdiyinə görə “Azadlıq” qəzeti ətrafında baş verənlər də hesabatda ətraflı öz əksini tapıb: “Hakimiyyətin müstəqil və müxalifət mediasına qarşı antaqonist münasibəti uzun illərdir ki, bu qəbildən olan mətbuat orqanlarını ağır şəraitdə fəaliyyət göstərməyə məcbur edir. 2012-ci ilin ortalarından apardığımız araşdırmalar göstərir ki, jurnalistlərə və digər tənqidçilərə qarşı son dərəcə sərt münasibət davam edir. Azad mətbuata qarşı çox böyük məbləğdə cərimələrlə məhkəmə qərarları çıxarılır. 2012-ci ildə məhkəmə ”Azadlıq” qəzetinin 30 min manat cərimələnməsi haqda qərar çıxarıb. Bu hadisə qəzetdə getmiş tənqidi yazılardan sonra baş verib.
2012-ci ildə “Azadlıq”ın əməkdaşı Ramin Dekonun 3 min manat cərimələnməsi haqda da məhkəmə qərar çıxarıb. Bu qərarın çıxarılmasına hökumətə yaxın deputatlardan birinin məhkəməyə müraciət etməsi səbəb olub”.

Ramiz Mehdiyevin beynəlxalq təşkilatlara hücumu

Bundan başqa, hakimiyyət nümayəndələrinin vətəndaş cəmiyyətinə, eləcə də ölkədəki problemləri dilə gətirən beynəlxalq təşkilatlara qarşı hücumlarına da toxunulub: “Hakimiyyət nümayəndələri son dövrlər ölkədə fəaliyyət göstərən xarici təşkilatlara qarşı hücuma keçib. Həmin təşkilatlar ölkədə stabilliyi pozmağa yönəlik fəaliyyətdə ittiham olunur. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açıq şəkildə bildirib ki, bəzi xarici qeyri-hökumət təşkilatları şəffaf fəaliyyət göstərmir, Azərbaycan qanunlarını pozur, sabitliyə təhlükə törədir. Buna görə də onlar ölkədən çıxarılmalıdır. Mehdiyev bildirib ki, ABŞ-ın Milli Demokratiya Institutunun Bakı nümayəndəliyinin rəhbəri ”facebook” inqilabının olması üçün etirazçılara pul verib. Milli Demokratiya Institutu isə bu ittihamları rədd edib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, beynəlxalq təşkilatların yanaşmasında ikili standart açıq-aşkar görünür. O, açıqlamasında bildirib ki, “beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının pozulması haqda hay-küy salır, amma eyni hadisələr ABŞ və Avropada baş verəndə susurlar”.

Dünyaya Azərbaycan hakimiyyətilə bağlı çağırış

“Human Rights Watch” Azərbaycan hökumətinə tövsiyələr də verir:
– Siyasi motivlərlə həbs olunmuş siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər üzvləri dərhal həbsdən azad olunmalıdır;
– Həbs olunan hər kəs üçün şəffaf məhkəmə prosesi, xüsusilə özlərinin istədikləri vəkillə təmin olunmaları, ailə üzvlərinə çatımı və digər ədalətli məhkəmə normaları təmin olunmalıdır;
– Işgəncə və pis rəftarla bağlı bütün mövcud iddialarla bağlı müstəqil, təcili, hərtərəfli və səmərəli təhqiqat aparılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır;
– Beynəlxalq hüquq normalarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığı tam şəkildə təmin olunmalıdır;
– Jurnalistlərə qarşı təzyiq və zorakılıqlara görə geniş yayılmış cəzasızlığa soz qoyulmalıdır;
– Jurnalistlərə qarşı, o cümlədən Idrak Abbasov, Xədicə Ismayılova və Yafəz Həsənova qarşı törədilən hücum, təhdid və zorakılıqlarla bağlı səmərəli istintaq təhqiqatının aparılması təmin olunmalıdır;
– Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət təqibini nəzərdə tutan maddələrinin ləğvi edilməsi, o cümlədən internet platformasında da böhtan və təhqirə görə cinayət təqibinin tətbiqi barədə əlavələrin ortadan qaldırılması üçün qanunvericiliyə düzəlişlər edilməlidir.
– Dəyən mənəvi zərərə görə əvəzin ağlabatan yuxarı həddə qoyulması təmin olunmalıdır;
– Bakının mərkəzində aksiyaların keçirilməsinə qoyulan de fakto qadağaya son qoyulmalı və icra orqanları dinc aksiyaların keçirilməsinə icazə verməlidir;
– Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, QHT-lər haqda qanuna yenidən baxılması təmin olunmalıdır;
– Dövlət qeydiyyatı olmadan ianə alan QHT-lərə qadağalar qoyulmasıyla bağlı qanuna edilən dəyişikliklər ortadan qaldırılmalıdır.

Hesabatda Azərbaycanın Beynəlxalq Tərəfdaşlarına, xüsusilə Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT və digər maraqlı tərəflərə ünvanlanan tövsiyələr də yer alıb. Tövsiyə olunur ki, Azərbaycan hakimiyyətilə açıq və qapalı təmaslarda vətəndaş cəmiyyətinə basqılar, ölkədə toplaşma və birləşmə hüquqlarının pozulması barədə narahatlıqlar dilə gətirilməlidir. Siyasi və vətəndaş cəmiyyəti fəallarının tənqidi fikirlər səsləndirdiklərinə görə cəzalanmadığı, sərbəst şəkildə öz fikirlərini ifadə edə bildiyi mühit yaradılması barədə hökumətə çağırış edilməlidir.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button