ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İstintaq Sevinc Vaqifqızının anasını pensiyasız qoyub

Ofelya Məhərrəmova pensiya kartının bloklanmasından apelyasiya şikayəti verib

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmovanın pensiya kartına blok qoyulub.

“Pensiyanı xəstəliklə bağlı alıram. Dünən nə qədər çalışdımsa, pulu çıxara bilmədim. “Kapital Bank”ın bankomatının ekranında 326 manat yazılır, amma pulu çıxarmaq olmur. Hamı pulunu çıxardı, bir məndən başqa. Dedilər ki, bloklanıb”.

2023-cü ilin noyabrında Xətai Rayon Məhkəməsi heç bir xəbərdarlıq etmədən “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına, həmçinin pensiya və əməkhaqqı kartlarına həbs qoyub.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib ki, məhkəmənin qərarı əsassızdır.

Biz məhkəmənin qərarından ona görə şikayət vermişik ki, məhkəmə öz qərarını əsaslandırmayıb. Biz həm də müddətin bərpasına dair vəsatətlər vermişdik. Çünki qərarlar noyabr ayında verilib, biz isə dekabr ayında xəbər tutmuşuq. Ümumiyyətlə, bizi heç məhkəməyə də dəvət etməmişdilər ki, belə bir qərarlar qəbul olunacaq, sizin fikriniz nədir”, – Zibeydə Sadıqova deyib.

Elçin Sadıqov

Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, hesablara həbs qoyulmasına qanunvericilik yol vermir:

Bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsinə müraciət olunub. Dekabrın 18-də məhkəmə işə baxıb, bununla bağlı öz qərarını verəcək”.

Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə deyir ki, məhkəmə qərarını əsaslandırmayıbsa, demək, qanun pozuntusuna yol verib.

Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinə görə, ilkin sübutlar olduğu hallarda barəsində cinayət təqibi aparılan şəxsin, onunla əlaqəli üçüncü şəxslərin, o cümlədən onun yaxınlarının bank hesablarına məhdudiyyət qoyula bilər. Belə olan halda, əmlak üzərinə həbs qoyulması və yaxud da bank hesabının dondurulması məsələləri üçün ən azından müəyyən bir əsaslı şübhə olmalıdır. Varsa, əsaslandırılmalıdır, yoxdursa, istintaqın vəsatətlərini rədd etməlidir”, – hüquqşünas belə deyir.

Səməd Rəhimli

Azərbaycanda 2020-ci il iyulun 1-dən etibarən pensiya, təqaüd və müavinət kartlarına (sosial kart) əlavə vəsaitlərin mədaxilinə məhdudiyyət qoyulub.

Yeni qaydalara görə, belə köçürmələr yalnız bankla göndərilməlidir və yaxud da kart sahibi banka yaxınlaşıb, ərizə-blankı doldurduqdan sonra xidmətdən istifadəni aktivləşdirə bilər.

Ofelya Məhərrəmova isə deyib ki, kartdan yalnız pensiya alınması məqsədilə istifadə edib.

O əlavə edib ki, bütün hesabları və bank üzərindən əməliyyatları dondurulub:

“Mənə nə pul gələ bilər, nə də bankdan pul çıxara bilərəm”.

Hüquqşünas belə olan halda, pensiya kartının bloklanmasını qanunsuz sayır:

Bu, dövlətin verdiyi pensiyadır. İkinci bir tərəfdən bank transaksiyalara məhdudiyyət qoymaqla, karta pensiyadan kənar ödənişlərin gəlməsinin qarşısını ala bilərdi. Bunun üçün kartı bloklamağa ehtiyac yox idi. Blok qoyulubsa, deməli, bu, qanunsuzdur”.

Səməd Rəhimlinin sözlərinə görə, pensiya ödənişinin hər hansı bir şəkildə iddia olunan ittihamla əlaqəsi yoxdur:

Mənim gümanım ondan ibarətdir ki, istintaq orqanı həm təqsirləndirilən şəxsin, həm də onun yaxınlarının hamısının bank hesabları və kartlarını ucdantutma bloklayıb. Bu da Azərbaycanın hüquq mühafizə orqanları üçün yeni akt deyil. Həmişə bu cür ediblər”.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru haqqında isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“AbzasMedia”nın daha iki əməkdaşı – direktor müavini Məhəmməd Kekalov noyabrın 20-də, jurnalist Nərgiz Absalamova isə noyabrın 30-da saxlanılıblar.

Onlar barəsində müvafiq olaraq 3 ay 27 gün və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmaçı jurnalist Hafiz Babalı da “AbzasMedia” işi ilə bağlı istintaqa cəlb edilib. Dekabrın 14-də onun  barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər beş şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər.

Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button