ArxivQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan “Amnesty International”in hesabatında

Ötən il Azərbaycanda yenə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları sərt məhdudlaşdırılıb.

“Hakimiyyət vətəndaş cəmiyyəti fəallarının qanunsuz həbslərini, siyasi motivli mühakimələrini həyata keçirib, dinc etirazları dağıdıb və müstəqil təşkilatların və media qurumlarının işinə əngəllər yaradıb.

Qadınların ayrı-seçkiliklə üzləşməsi davam edib. Dağlıq Qarabağ münaqişəsində törədilən müharibə cinayətlərinin istintaqında ciddi irəliləyiş olmayıb”.

“Laçın dəhlizi bloklanıb”

Oktyabrda Azərbaycan və Ermənistan Avropa İttifaqının sərhəd boyu qısamüddətli monitorinq missiyasına razılıq verib:

“Lakin dekabrın 12-dən Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən yeganə yol – Laçın dəhlizi bloklanıb. Burada etiraz edən azərbaycanlılar mədənlərin qanunsuz istismar edilməsinə qarşı olduqlarını bildiriblər. Nəticədə Rusiya sülhməramlıları gərginliyin artmasının qarşısını almaq üçün yolda barrikada qurub. Dağlıq Qarabağın etnik erməni sakinlərinin zəruri mal və xidmətlərlə təminatı pozulub və yüzlərlə insan məcburən hərəkət imkanından məhrum olub”.

Azərbaycan hökuməti isə daim açıqlamalarında humanitar və ərzaq yüklərinin bölgəyə keçirilməsinə mane olmadığını bildirib.

“Müharibə cinayətlərinin istintaqında irəliləyiş yoxdur”

“Amnesty International” qeyd edir ki, beynəlxalq humanitar qanun pozuntuları ilə bağlı Baş Prokurorluq oktyabrın 2-də məlumat yayıb.

Bildirib ki, bundan az əvvəl yayılan və Azərbaycan ordusunun hərbi geyimində olan bir qrup şəxsin ən azı 6 erməni əsgərini bir yerə yığıb güllələdiyini göstərən bir video barədə istintaqa başlayıb:

“İstintaq məsul şəxslərin kimliyinin müəyyən edilməsində heç bir irəliləyiş barədə məlumat verilmədən ilin sonuna doğru davam etməkdə idi. Bununla yanaşı, 2020-ci il Azərbaycan-Ermənistan münaqişəsi vaxtı və ondan dərhal sonrakı dövrdə törədilən müharibə cinayətləri və digər pozuntuların araşıdırılmasına dair və ya məsul şəxslərin kimliyinini aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir irəliləyiş olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin avqustda bəyan etdiyi məlumata əsasən, Azərbaycanın ərazisində itkin düşən 300-dən artıq erməninin taleyi barədə məlumat hələ ki yoxdur”.

“Minaların partlaması nəticəsində 45 nəfər həlak olub, 221 nəfər isə xəsarət alıb”

Hesabatda qeyd edilir ki, Azərbaycanın 2020-ci ildə geri qaytardığı və beynəlxalq birlik tərəfindən tanınan ərazilərində Azərbaycanın erməni qüvvələrinin yerləşdirdiyini iddia etdiyi minalar insanların ölümü və yaralanmasına səbəb olub:

“Azərbaycan hökuməti həmçinin Ermənistanın təmin etdiyi mina xəritələrinin etibarlı olmadığını iddia etməkdə davam edib. Azərbaycan hakimiyyəti oktyabr ayında bildirib ki, 2020-ci il münaqişəsindən sonra minaların partlaması nəticəsində 45 nəfər həlak olub, 221 nəfər isə xəsarət alıb”.

“Azərbaycan barədə xaricdən xəbər verən media qurumları hədəfə alınıb”

Təşkilat qeyd edir ki, Azərbaycan ifadə azadlığı media, fərqli mövqe dərc edən internet saytlarının bloklanması, tənqidçi sosial media istifadəçilərinin əsassız cəzalandırılması və mühakiməsi ilə də yadda qalıb.

bloklanma
Ölkədəki müstəqil medianın əksəriyyətini əsaslı şəkildə susdurduqdan sonra hakimiyyət Azərbaycan barədə xaricdən xəbər verən qurumları hədəfləyib.

Fevralın 8-də Azərbaycan auditoriyasına xidmət edən media qurumlarının sahiblərinin ölkədə daimi yaşamasını tələb edən, bununla da onların senzura və təqib qarşısında müdafiəsizliyini artıran yeni media qanunu prezident tərəfindən imzalanaraq qüvvəyə minib.

“Media üzərində dövlətin nəzarəti artıb”

Yeni qanun bütün jurnalistlərdən rəsmi qeydiyyatdan keçmələrini və məlumatları “obyektiv” olaraq çatdırmağı tələb etməklə, lakin qanunun bu tələbini aydın izah etməməklə, Azərbaycan mediası üzərində dövlətin nəzarətini artırıb:

“Hakimiyyət vətəndaş cəmiyyəti fəalları və müstəqil medianı əsassız həbslər və digər təcavüzlərlə hədələməkdə davam edib. Sentyabr ayında Azərbaycanın insan hüquqları təşkilatları 99 nəfərin siyasi motivli ittihamlarla həbsdə olduqlarını bildirib. Qadın jurnalistlərin xususilə hədəfləndiyi görünür. Fevralın 15-də iki jurnalist – Fatimə Mövlamlı və Sevinc Sadıqova, həlak olan azərbaycanlı əsgərlərin analarının keçirdikləri aksiyadan reportaj verərkən polis tərəfindən döyülüb, təhqir edilib və saxlanılıblar. Aytən Məmmədova mayın 8-də liftdə naməlum bir şəxs tərəfindən biçaqla hücuma məruz qalarək yüngül xəsarətlər alıb. Təcavüzkarın hədələri hücumun onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu göstərib”.

Tənqidçilər həbs olunub, döyülüb

Hesabatda daha sonra bildirilir ki, keçmiş vicdan məhbusu və tanınmış fəal Bəxtiyar Hacıyev aprelin 23-də ona daxili işlər nazirini tənqid etməmək xəbərdarlığı edən maskalı şəxslər tərəfindən qaçırılıb və döyülüb.

Dekabrın 9-da şəxsi mübahisənin ardınca Bakıda bir məhkəmə siyasi motivli xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə onun barəsində 50 sutka həbs qətimkan tədbiri seçib.

“Azərbaycan-Ermənistan münaqişəsi barədə fərqli fikir nümayiş etdirən fəallar və şəxslər, iddialara görə, internetdə hökumətə bağlı sosial media hesablarının təşkil etdiyi qarayaxma kampaniyası tərəfindən hədəfləniblər. Sentyabrın 20-də “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli, Azərbaycanla Ermənistan arasında toqquşmalardan sonra Prezident İlham Əliyevi tənqid etdiyinə görə 30 sutka müddətinə həbs olunub. Noyabrda Hərəkatın iki başqa fəalı, guya polisə tabe olmadıqlarına görə 30 sutka müddətinə həbs olunublar“, – deyə beynəlxalq təşkilat qeyd edib.

Təşkilat Elçin Sadıqovla Əvəz Zeynallının həbsinə də toxunub:

“Sentyabrın 11-də müstəqil xəbər qurumu “Xural”ın baş redaktoru Əvəz Zeynallı rüşvət almaq, müxalifət fiqurlarını təmsil etməsi ilə tanınan vəkil Elçin Sadıqov isə rüşvət almaqda köməklik göstərmək kimi siyasi motivli ittihamlarla saxlanılıblar. Sentyabrın 20-də Elçin Sadıqov məhkəmə tərəfindən ev dustaqlığına buraxılıb, Əvəz Zeynallı isə həbs-qətimkan tədbirilə həbsdədir”.

Almaniyadan deport edilənlər həbs edilib

Daha sonra bildirilir ki, Almaniyada sığınacaq üçün müraciətləri rədd edildikdən sonra Azərbaycana deportasiya olunan ən azı altı hökumət tənqidçisi olan fəal qondarma kimi görünən narkotik ittihamları ilə həbs edilib.

“Birləşmə və toplaşmaq azadlıqları hüququ məhdud olaraq qalmaqdadır. Həm qanunda, həm də praktikada olan hədsiz məhduddiyətlər insan hüquqları müdafiəçiləri və QHT-lərin işinə maneə yaratmaqda davam edir”, – təşkilat hesab edir.

“Amnesty International” bildirir ki, Azərbaycanda hakimiyyət dinc toplaşma azadlığı hüququnu ədalətsizliklə məhdudlaşdırır.

Aksiyalar dağıdılıb

May və noyabr ayları arasında, polis ən azı üç dəfə Bakı şəhərində hökumət əleyhinə dinc etiraz aksiyalarını dağıdıb. Dinc aksiyaçılar döyülüb və qanunsuz olaraq saxlanılıblar:

“Onların əksəriyyəti rəsmi ittihamlarla üzləşmədən, qısa müddətdən sonra sərbəst buraxılıb”.


Qadınlara qarşı ayrı-seçkilik

Qadınların və qızların hüquqları gəlincə, təşkilat bildirir ki, iyulun 4-də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) Komitəsi məcburi köçkün edilmiş qadın və qızların təhsil, iş, səhiyyə və yaşayış yerilə təminata çatımlığının məhdudlaşdırılmasına dair narahatlığını ifadə edib.

Komitə Azərbaycanı Əmək Məcəlləsində qadınların 204 peşədə işləməsini qadağan edən məhdudiyyətləri ləğv etməyə çağırıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button