ArxivSosialXəbər lentiXəbərlər

“Su tələb etdik, amma bizi karantin qaydalarını pozmağa görə cərimə etdilər”

  • Şabran rayonunun Taxtalar kəndinin bir qrup sakini iyunun 18-də icra hakimiyyəti binası qarşısında aksiya keçirməyə cəhd edib.

Buna səbəb kəndə iki aydan çox müddətdə suyun verilməməsidir.

Bu barədə Meydan TV-yə danışan yerli sakin Nahid Aslanov bildirib ki, onlar “Azərsu”nun rəsmiləri ilə görüşsələr də, problem həllini tapmayıb:

“Problem yalnız içməli suda deyil. Mal-qara, bağ-bostan susuz qalıb. Bizi əvvəl icra hakimiyyətinə çağırdılar. Zala dəvət olunandan sonra karantin qaydalarını pozmaqda ittiham etdilər. Guya, 10 nəfərdən çox gəlmişik. Ardınca iki nəfəri polisə aparıb cərimə etdilər”.

Nahid Aslanov deyib ki, əvvəllər Taxtalar kəndində su problemi olmayıb və problem son aylar yaranıb.

Haqqında cərimə hökmü çıxarılan Samir Rəhmanov deyib ki, onu və Nail Ağagülovu icra hakimiyyətindən polisə, ardınca isə yerli məhkəməyə aparıblar:

“Amma hakim nə qədər cərimə olunduğumuzu söyləmədi. Səbəbini soruşduqda, aydın cavab almadıq. Halbuki, biz icra hakimiyyətinə suyun niyə verilməməsi səbəbini öyrənmək üçün getmişdik və özləri də bizi zala dəvət etdilər. Ardınca polis çağırıb dedilər ki, bunlar karantin qaydalarını pozub, hücum ediblər”.

Samir Rəhmanov rayon Polis İdarəsinin rəis müavini Cəmil Nəsirovun onların telefonunu aldığını bildirdi:

“Ardınca bizi təhdid etdi ki, bir daha bu tərəflərdə görünməyin. 116 gündə kəndə 41 maşın su gəlib. Onu da kimin pulu varsa, sürücüyə verib aparıb qapısına. Pulu olmayanlar isə susuz qalıb”, – o deyib.

Aksiyada iştirak edən II qrup əlil Zərnigar Ağayeva içməli sudan əlavə, uşaqlarını yuduzdurmağa da suyun olmadığını deyib:

“Mən dövlətə rəhbərlik edənlərə üz tutub deyirəm. Hazırkı mənzərə fəlakətdir. İki aydan çoxdur, mal-qara, bağ-bostan susuz qalıb. Bizim çörəyimiz bunlardan çıxır. əvvəllər cavanlarımız “karyerlər”də daş atırdı. İndi o da yoxdur, bağlanıb”.

Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva Taxtalar kənd sakinlərinin aksiya keçirməsi barədə məlumatı təkzib edib:

“Aksiya keçirilməyib, deyilənlər də yanlışdır”.

Natavan Mustafayeva kəndin içməli su probleminin öz həllini tapdığını bildirib:

“Yəni maşınlarla kəndə içməli su daşınır. Mən icra başçısının müavini kimi əmin edirəm, heç bir aksiya olmayıb və maşınlarla su daşınması da təmin olunub”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button